Yaşı bilinməyən şair 70-in tamamında nələrdən danışdı – MÜSAHİBƏ

xramiz-jpg-pagespeed-ic-j453bgy6-l

Bu gün Azərbaycan şeirinin doğum günüdür.

Nə qədər qəribə və iddialı səslənsə də, əslində, belədir. Çünki Ramiz Rövşən və Azərbaycan şeiri təkcə səslənmə etibarilə fərqlənir. Mahiyyət isə eynidir. Bəzi mənbələrdə doğum günü 1948-ci, bəzilərində isə 1946-cı il kimi göstərilir. Amma 15 dekabr tarixinin onun doğum günü olmağı dəqiqdir.

Beləliklə, Ölkə.Az-ın suallarını yaşı bilinməyən şair Ramiz Rövşən cavablandırır.

- Şair, 70 yaşın əhval-ruhiyyəsi necə olur?

- Həmişəki kimidir. Heç bir dəyişiklik hiss etmirəm.

- 60-70 yaş arasını cavanlığın, orta yaşın sonu, qocalığın başlanğıcı sayırlar. Razılaşırsınız?

- O fikri 50-60-da da, 60-70-də də deyirlər. Mənə elə gəlir ki, qocalığın başlanğıcı qocalıqla barışmaqdan başlayır. Qocalıqla barışmamısansa, qocalığın başlanğıcı yoxdur.

- Barışmısınız?

- (gülür) Qəti surətdə barışmamışam.

- Göy üzü daş saxlayırmı?

- Mən bilən göy üzü daşı həmişə saxlayır. Əsas ümidimiz elə göy üzünədir.

- Belə çıxır ki, yerə o qədər də çox ümid etmirsiniz.

- Bizim atdığımız daşların hələ qayıdan vaxtıdır.

- Atdığınız daşlar özünüzə tez-tez qayıdırmı?

- “Göy üzü daş saxlamaz” mahiyyət etibarilə o deyil ki, hara atmısansa, mütləq göydən başına düşəcək. Ancaq doğrudan da mahiyyət etibarilə dünyada cavabsız heç nə yoxdur.

- Yəni, təsir əks təsirə bərabərdir.

- Tamamilə düzdür.

- Bildiyimiz kimi, əslən Qubadlı rayonundansınız. Son dəfə doğum gününüzü Qubadlıda nə zaman qeyd etmisiniz?

- Qubadlıda daha çox yay aylarında olurdum, doğum günüm isə qışdadır. Qubadlıya getməyimizlə doğum günüm üst-üstə düşmürdü.

- Yəni heç vaxt qismət olmayıb.

- Yəqin ki, uşaq vaxtlarımda olub. Heyif ki, üst-üstə düşmədi.

- Adətən müsahibə verməkdən qaçırsınız. Bunun xüsusi bir səbəbi var?

- O qədər müsahibələr vermişəm ki, müsahibələr planını çoxdan yerinə yetirmişəm. 90-cı illər, 2000-ci illərin əvvəlində qələm əhlindən müsahibə verən təkcə mən idim. Dediyim şeyləri dəfələrlə demək istəmirəm, adam yorulur da. Suallar bir-birini təkrarlayır, eyni suala təzə cavab tapmaq da çətin olur (gülür). Sizin verdiyiniz sualları bu dediklərimə aid etmək olmaz. Amma çox adam verdiyim müsahibələrdən hansısa fikirləri, sualları götürüb sənə ünvanlayırlar. Müsahibədən müsahibə doğur. Bizim işimiz də müsahibə vermək deyil, şeir yazmaqdır.

- Şeir yazırsınızmı?

- Şeir bizi yadına salanda yazırıq.

- Həmyaşıdınız, tay-tuşunuz olan şairlərin yeni şeirlərini tez-tez elektron dərgilərdə, jurnallarda görmək olur. Ancaq sizin şeirlərinizə rast gəlmək olmur…

- Çoxdandır çap olunmaq marağında deyiləm. Baxmayaraq ki, məni çap etmək həvəsində olan nəşriyyatlar var. Bütün internet mənim son illərdəki şeirlərimdir də. O şeirlərə yüz minlərlə insan baxıb. Çap olunmağa çox tələsmirəm. Yaxın vaxtlarda kitablarım olacaq.

- Bəlkə yetmiş illiyinizə hazırlayırsınız.

- Hazırlayırdım, sonra saxladım. Amma bu yaxınlarda çap etdirəcəyəm. Əvvəlcə bir neçə cildliyimi çap etdirmək fikrim var idi. Sonra düşündüm ki, nisbətən xırda kitablar olsun. Gördüm ki, camaatda elə bir istək var. Böyük yox, xırda, tematik kitablar çap etdirmək lazımdır ki, oxusunlar.

- Doğum günlərinizi necə qeyd etməyi xoşlayırsınız?

- Doğum günlərimi ailəylə və çox yaxın adamlarla qeyd etməyi xoşlayıram. Heç vaxt geniş ad günü etməmişəm.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com