Yalnız bu hallarda avtomobiliniz cərimə meydançasına aparılacaq

65117

 

Ötən həftə Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərdən biri ölkəmizdə dayanma və durma qaydalarını pozmaqla parklanmış nəqliyyat vasitəsinin evakuasiya edilməli olduğu hallara aydınlıq gətirmək olub

PİA.AZ avtosfer.az-a istinadən xəbər verir ki, bu, 2000-ci ildən bugünədək parklanma qaydalarını pozan nəqliyyat vasitəsinin evakuasiyası şərtlərini dəqiqləşdirməyə yönələn ikinci cəhddir. Təəssüf ki, hər iki cəhd uğursuzdur.

İXM-in ilk variantında (2000-ci il) qeyd olunurdu ki, sürücü dayanma və durmanın istənilən qaydasını pozduqda onun avtomobili evakuasiya oluna bilər. Yəni, məsələn, sürücü duracaq tormozunu çəkmədən avtomobili tərk etmiş olduqda formal olaraq onu evakuasiya etmək olardı.

Daha sonra “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edildi və bir qədər konkretləşdirildi ki, avtomobil bu Qanunun 52-ci maddəsinin 4-cü və 6-cı hissələrində göstərilən qadağaları pozmaqla parklanmış olduqda evakuasiya edilə bilər. Lakin bu da məsələni həll etmədi. Çünki dayanma və durmanın istənilən pozulma halında sürücü yanında olmayan avtomobil evakuasiya edilə bilərdi və s.

Ötən həftə İXM-in 124-cü maddəsinə edilən dəyişiklik, xüsusən də ona əlavə edilən “Qeyd” evakuasiyanın yol verildiyi halları dəqiqləşdirməyə yönəlib. Həmin maddəyə edilən dəyişikliyi təhlil edəndə aydın olur ki, sürücüsü yanında olmayan və dayanma, durma və parklanma qaydalarını pozmaqla duracağa qoyulmuş avtomobil bu Qanun qüvvəyə mindikdən sonra yalnız aşağıdakı hallarda evakuasiya oluna biləcək:

1) həmin nəqliyyat vasitəsi yol hərəkətinə maneə yaratdığı hallarda;

2) həmin nəqliyyat vasitəsi piyadaların hərəkətinə maneə yaratdığı hallarda;

3) bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda (yəni, parklanma yerində 24 saatdan artıq park edildikdə).

Göründüyü kimi, yeni düzəliş bu əsasla evakuasiyanın yol verildiyi 3 halı qəti müəyyən edir və 4-cü hal yoxdur. Üçüncü hal nisbətən aydındır (bu halın hansı zərurətdən irəli gəldiyinə toxunmaq istəmirəm). İlk iki halda isə əsas meyar “maneə yaratma” kimi ifadə olunub. Həmin ifadəyə “Qeyd”də anlayış verilir. Bu “Qeyd”i olduğu kimi təqdim edirəm:

- Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür”.

Ciddi terminoloji qüsusların da olduğu bu anlayış həm də əslində heç nəyə alayış gətirmir. Orada “maneə yaratma”nın meyarı kimi iki əlamət göstərilir: 1) tıxac yaranmasına səbəb olma, 2) digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırma. Birinci meyarı həmin “Qeyd”dəki məzmunda götürsək, belə çıxır ki, dayanma və durma qaydalarını pozmuş sürücünün avtomobilini görən evakuator heyəti çox dəqiqliklə qiymətləndirməlidir ki, bu avtomobil tıxac yaranmasına səbəb olacaq və yalnız bundan sonra evakuasiyanı həyata keçirməlidir. Ən ciddi problem isə odur ki, ölkəmizin qanunvericiliyində tıxacın normativ anlayışı yoxdur. Deməli, hansı vəziyyətin tıxac sayılmasını hər kəs özü istədiyi kimi müəyyən edə bilər. Başqa sözlə, yenə də qeyri-müəyyənlik, çəkişmələr və mübahisələr qaçılmaz olacaq.

İkinci meyar da uğursuz və qeyri-müəyyəndir. Əslində, “maneə yaratma digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasıdır” kimi ifadə heç nəyi aydınlaşdırmır. Hətta əksinə istənilən mütəxəssis “yol hərəkətində “mane olma” nədir?” sualına asanlıqla cavab verə bilir. “Mühüm dərəcədə məhdudlaşdırma” isə bir halda piyadanın və ya avtomobilin yolunun tam bağlanmasını, digər halda isə onların öz adi yolunu dəyişərək fərqli trayektoriya ilə hərəkət etməsini ehtiva edə bilər.

Bu layihəni hzırlaynların diqqətindən yayınan ən ciddi məsələ isə hərəkətin təhlükəsizliyinə xələl gətirməklə parklanmış avtomobillərin evakuasiyasıdır. Dünyanın hər yerində ilk növbədə duracağa qoylduğu yerdə piyada və və ya başqa nəqliyyat vasitələri üçün qəza riski yaradan avtomobil evakuasiya olunur.

Haqqında danışdığımız layihənin uğursuzluğunu konkret misallarla ifadə edə bilərəm. Məsələn, bu layihə qüvvəyə minəndən sonra avtobus daynacağını zəbt edən avtomobili, yaxud düz piyada keçdinə çataraq dayanmış avtomobili heç də həmişə evakuasiya etmək olmayacaq, çünki hər iki halda tıxac yaranmaya, kiminsə hərəkəti məhdudlaşmaya bilər.

Beləliklə, hesab edirəm ki, evakuasiyaya yol verilən halları dəqiqləşdirməyə yönələn bu düzəliş, əslində heç bir təcrübi əhəmiyyət daşımayacaq, hətta əksinə, yeni məzmunlu problemlər doğuracaq. Bu məsələyə tam aydınlıq gətirmək üçün dünyada çox gözəl təcrübə var. Həmin təcrübə belədir ki, dayanma və durmanın qadağan edildiyi konkret hallar (məsələn, piyada keçidində durma, ikinci və sonrakı cərgələrdə durma və s.) sadalanır və qeyd olunur ki, bu hallarda sürücüsü yanında olmayan avtomobil evakuasiya edilməlidir.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com