Xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı-Vahid QAZİ

110922

 

Vahid QAZİ

Axsaq xoruzun hekayəti

Ağdamda milis şöbəsiylə çəpər qonşusuyduq.

Şəhərə ilk atılan mərmilərin biri həyətimizə düşmüşdü. Deyirdilər ki, ermənilər milis idarəsini nişan alıblarmış. Onda hamımız Bakıda toydaydıq. 1992-ci ilin fevral ayı idi. Qayıdanda gördük ki, qonşu Səkinə xalagillə aramızdakı şifer barı dağılıb, şüşəbəndimizin şüşələri çiliklənib tökülüb. Alazan mərmisi toyuq hinimizin yanında çala yaratmışdı. Qapısı açıldığından toyuq-cücə həyət-bacaya dağılmışdı. Ölüb eləyəni yox idi, təkcə xoruzumuz yaralanmışdı, axsayırdı. Kəsəsi olduq. Tükünü təmizləyəndə gördük ki, buduna şifer qırığı batıb. Yazığın budu qap-qaraydı. O qədər qəlpənin bir elə toyuq içində tək xoruza dəyməsində bir hikmət vardı: elə bil xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı.

2017 – Xoruz ili astanasında sizə bu hadisəni danışmaqda məqsədim həm də arzumu bölüşməkdi. Çox ağır il gəlir qarşıdan. Ağır illərmi görmədik?! Bunu da aşıracayıq. Onun ağrı-acısını, maddi-mənəvi sıxıntısını, qorxu-xofunu yalnız birlikdə dəf edə bilərik. Həmrəylik elə problemlərin həllinə birlikdə can qoymaqdı. Həyətimizdəki o yaralı xoruz misalı – xalqımız fədakardı, özünü fəda verməyə hazır hökumətimiz olsa, dünyanın ən gözəl, yaşamalı ölkəsini, rifah cəmiyyətini də qurarıq. Qarabağı da sevə-sevə qaytararıq. Elə budu arzum!

Yeni iliniz mübarək olsun!

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com