Uzaqdan tabutuna durub baxan məmləkət…

87822

 

Şəhidindən qazisi əvəz çıxan məmləkət…

Moderator.az ünlü şair Rüstəm Behrudinin “Məmləkət üstünə ağı” şeirini oxuculara təqdim edir:

 

Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd,
Ürəyimdən içimə
Qanı axan məmləkət.

Çox yenənlər yenildi,
Növbə yenə sənindi,
Can verirsən min ildi,
Min ildi, can məmləkət.

Bilinməz toyu-yası,
Yazı deyil yazısı…
Şəhidindən qazisi
Əvəz çıxan məmləkət.

Sığındıq ona-buna,
Biz utana-utana;
Uzaqdan tabutuna
Durub baxan məmləkət.

Mələklər tutsun yasın,
Baxsın,Tanrı ağlasın,
Gözlərinin qorasın,
Yada sıxan məmləkət.

Bil, çəkəmməz bu dağı,
Hirayla Tanrı dağı,
Ətəyindən aşağı,
Qalıb yaxan, məmləkət.

Dev sevdası başımda,
Hazırdı baş daşım da,
Ürəkdən bu yaşımda,
Məni yıxan məmləkət.

Qoy ağlasın bu yer, göy,
Gey, matəm libası gey,
Yendirdilər səni bəy,
Əfəndi, xan məmləkət.

Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd…
Ürəyimdən içimə,
Qanı axan, məmləkət!

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com