“Tam üzən məzənnəyə keçid maliyyə sistemini çalxalaya bilər” –İqtisadçıdan şərh

samir-eliyev-1

Samir ƏLİYEV, İqtisadçı

Bir il əvvəlin bu günü – dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48% itirdi. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9% möhkəmlənə bildi. Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın dollara münasibətdə məzənnəsi 1,49 manata qədər möhkəmləndi. Ancaq manat sonrada mövqelərini itirməyə başladı. Son bir ildə manat daha 13% dəyərsizləşdi və hazırda proses davam edir.

Devalvasiya geniş əhali kütləsini həm də yeni terminlə – “üzən məzənnə” ilə tanış etdi. Həçmin dövrdən başlayaraq bu termin daha çox əhali tərəfindən xalq yaradıcılığının müxtəlif janrlarında işlənməyə başladı. Son günlər isə hökumətin “tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb.

Üzən məzənnəyə keçidlə əlaqədar yanvar ayından başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracları keçirilməyə başladı. Həmin hərracların məqsədi tələb-təklif əsasında manatın gündəlik məzənnəsini müəyyənləşdirmək olsa da hərracın nəticələrinin məzənnəyə təsiri az idi. Hərraclar daha çox valyuta bazarında dollara olan tələbatın səviyyəsinin dəyişməsi tendensiyasını öyrənmək üçün indikator rolunu oynayırdı. Dollar qıtlığı fonunda hərrac məlumatları bazarda spekulyasiya təşəbbüslərini artırmaqla ona neqativ təsir edirdi. Elə buna görə də Mərkəzi Bank hərracın keçirilməsi formatını dəyişmək məcburiyyətində qaldı və məlumatların açıqlanmasını məhdudlaşdırdı. Təxmini hesablamalara görə, bu günə qədər hərrac vasitəsilə ümumilikdə 5,5 milyard dollar satılıb ki, bunun əsas hissəsi Neft Fondunu üzərinə düşür.

Üzən məzənnəyə keçid bizə nə verdi?

Üzən məzənnəyə keçid elan ediləndə 3 hədəfə nail olunması qarşıya məqsəd qoyulmuşdu: tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması;

Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20%-ini “qurban” verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23.4% (347 mln. USD) azalıb. Tədiyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.

Üzən məzənnə bəzi texniki prosedurları saymasaq, maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermədi. Məzənnənin hərracın nəticəsinə yox Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox qapalı Bloomberg platforması vasitəsilə həyata keçirilməsi də bazar iştiraçılarının sayını xeyli məhdudlaşdırdı.

Üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Qonşu Rusiyadan fərqli olaraq, Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirtdi, əlavə notlar buraxdı və s. Eyni zamanda Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı. Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.

Bu gün Azərbaycanın maliyyə sistemi amortizatoru nasaz olan avtomobilə bənzəyir. Amortizatoru pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com