Sonuncu klassik imperiyanın çabaları…

img1518381

 

Rusiyanın Suriyaya uçan təyyarəsinin Qara dəniz üzərində qəzaya uğramasının səbəbləri hələ araşdırılmalıdır. “Konspiroloji nəzəriyyələr”i sevmədiyimizdən hər hansı mülahizə səsləndirmək və ən əsası da həmin mülahizələrimizi oxuculara zorən sırımaq istəmirik…

Sözsüz ki, səfir A.Karlovun ölümündən, eləcə də Suriya məsələsində İranın, Rusiyanın və Türkiyənin bir araya gəlməyə cəhd etməsindən dərhal sonra belə hadisənin də baş verməsi müəyyən “qənaətlər”ə yol açır.

Ən azı A.Karlovun öldürülməsini “Hələbə görə qisas” adlandıran Rusiya mediasının ardınca elə təyyarə qəzasına da bunun səbəb olduğunu iddia etmək olardı…

Di gəl, bir azacıq təəccüblü olsa da, nədənsə Şimal qonşumuzun mediasında belə fikirlərlə rastlaşmadıq, üstəlik, indiyə qədər alışdığımız isterikanı da görmədik, sanki Rusiyanın media əhli daha təmkinli və sakit olubdur.

Düzdür, həlak olanlarla vida mərasimlərindən reportajlar mütəmadi olaraq verilirdi, amma diqqət çəkən bu idi ki, öz “isterik tutma”ları ilə həmişə seçilən Rusiyanın media əhli öz fantaziyalarına meydan verməyə tələsmədi…

Doğrusu, mən bunun səbəblərini bir qədər başqa cür izah edirəm: düşünürəm ki, sadəcə, hökumətdən belə sifariş daxil olmamışdı. Məsələ bundadır ki, Rusiyada da azad media yoxdur. Jurnalistlər də o vaxt hay-küy salmağa və yaxalarını cırmağa başlayırlar ki, dövlətdən bunu təqdir edən sifarişlər daxil olsun…

Bir daha deyirəm ki, görünür, bu cür sifarişlər daxil olmadı. Hökumət bəlkə özü də mövzunu böyütmək istəmir, çünki kimlərinsə ağlına “Bizim Suriyada nə işimiz var ki?..” sualı da gələ bilərdi..

Rusiya və xüsusən də onun Yaxın Şərqdəki “missiya”sı haqda vaxtaşırı yazırıq. Əvvəllər də qeyd etmişdik ki, Suriyanın timsalında Rusiya Yaxın Şərqdə hansı “oyun”a girdiyinin fərqində olmalıdır.

Düzdür, onun hərb maşını müdaxilə edənə qədər də Suriya hərbi-siyasi cəngəlliyi xatırladırdı, amma Rusiya vəziyyəti bir azacıq da qəlizləşdirdi…

Hamı Suriyada baş verənləri Qərbin müdaxiləsi ilə izah edir. Söz yox ki, müəyyən qədər həqiqət var burada. Sanki bir dirijorun işarəsi ilə bir neçə ərəb ölkəsində təxminən eyni vaxtda aləm qarışdı…

Qərb dairələri prinsipcə, bunu inkar etmirlər. Avropalılar sussalar da, ABŞ liderləri – özü də prezident və dövlət katibi səviyyəsində istər Suriya, istərsə də digər ərəb ölkələrindəki vəziyyətə görə məsuliyyət daşıdıqlarını deyiblər. Təbii ki, belə etiraflar heç də təskinlik vermir. Ona görə ki, çox böyük sosial – siyasi kataklizmlər yaşandı…

Amma bir nüans da var. Avtoritar ərəb ölkələrində nə vaxtsa sosial-siyasi “mina”lar partlamalı idi. Ərəb ölkələrindəki, xüsusən də Suriyada baş verənləri yalnız və yalnız Qərbin müdaxiləsi ilə izah edəndə əslində özümüz də qeyri – ixtiyari olaraq etiraf etmiş oluruq ki, ərəbləri, eləcə də cəmi müsəlmanları lap əbədiyyətə qədər diktatura ilə idarə etmək olar! Gəl, belədirmi? Əsla belə düşünmürük…

Düzdür, müsəlmanlar, xüsusən də ərəblər hələ ki ölkələrindəki avtoritar rejimlərə qarşı mütərəqqi, 21 – ci əsrə layiq siyasi-iqtisadi alternativlər qoya bilmirlər ortaya. Hətta kənar müşahidəçi kimi mən özüm də hesab edirəm ki, İŞİD-dənsə Əsəd diktaturası daha məqbuldur!..

Gəl, bunların günahı kimin adına yazılmalıdır? Bu insanlar on illərlə cəhalət və diktatura şəraitində yaşayıb, onlara heç bir demokratik vərdiş aşılanmayıb, onların seçmək və yaxud da seçilmək imkanları olmayıb…

Bu səbəbdən də müsəlman dünyasında demokratik, dünyəvi siyasi partiyaların əvəzinə İŞİD-lərin və ya digər belə qruplaşmaların meydana çıxması təəccüb doğurmamalıdır.
Hər hansı hakimiyyət dinc və ya dünyəvi müxalifətə meydan vermirsə, çox tez zamanda və yaxud da nə vaxtsa, mütləq hərbi – dini müxalifətlə üzləşəcək…

O ki qaldı Rusiyaya, onun da çabalarının özəl səbəbləri vardır. O gün baxıram, rusiyalı politoloq deyir ki, dünyadakı münaqişələrə qarışmasaq və diqqəti özümüzdən yayındırmasaq, bir gün görəcəyik ki, Rusiya özü parçalanmağa başlayıb…

Demirik ki, imperializm tək Rusiya ilə məhdudlaşır. Amma Rusiya sonuncu klassik imperiyadır. Elə o üzdən də daim narahatıq və səksəkə içindədir.

Üstəlik, real iqtisadi resursları da böyük deyildir. B.Obama “Neft və qazdan, bir də silahdan savayı heç nələri yoxdur!” deyəndə haqlıdır. Ruslar özləri də bunu dərk edir, ona görə də yeganə üstünlüklərindən – hərbi gücdən maksimum yararlanmağa çalışırlar…

Hüseynbala Səlimov

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com