Sizə yeni din təklif edirəm…

xeyyam_2375656

Vaxtınızı almadan keçirəm yazının məqsədinə.

Quranı oxumuşam, sünniliyin 3 etiqadi, 4 fiqhi məzhəbi var ki - əşariyyə, sələfiyyə, maturdiyyə etiqadi; hənəfi, maliki, şafii, hənbəli isə fiqhi məzhəblərdi – bunları dərindən bilirəm, şiəliyin də etiqadi və fiqhi təlimləri barədə məlumatım var.

Dörd səmavi kitab, səhifələr haqqında bilgilərim bütün dini qollardan uzaqlaşmağıma səbəb oldu.

Buddizmdə də özümü tapa bilmədim.

Zen fəlsəfəsi daha doğma gəldi mənə, yenə də ruhumun qidası olmadı.

Ateist deyiləm, Allahla məni heç kim tanış eləməyib, özüm onun axtarışına çıxmışam, daha doğrusu onu tapmaq üçün özümə enmişəm.

Allah mənim qədərdi, mənim sevgim boydadı.

O, mütləq var, amma dini kitablarda, peyğəmbərlərin dilindən yazılmış hədislərdəki kimi deyil.

Biz Allahın dünyasında deyilik, bu dünyada nə qədər insan varsa, o qədər də allah var. Təkallahlılıq fərdin özüylə baş-başa məqamıdı. Fərd olaraq təkallahlıyıq. O, bizim dünyamızdadı.

Ruh isə – L.N. TOLSTOY demiş, xoşbəxt olmaq istəyiriksə, həyatın cisimdə deyil, ruhda olmasına inanmalıyıq.

Bir çox dinlərdəki kimi, müsəlmanlar da ruhun maddəyə çevriləcəyinə inanır, amma maddənin ruha çevriləcəyinə inanmazlar. Ruhun maddədən deyil, daha üst ruhdan (Allahdan) gəldiyinə iman edərlər. Oxuduqlarıma söykənib bir-iki məsələ haqqında yazmaq istəyirəm. Dinlərin ruh dediyi (biz ona gəlişmiş şüur, beyin deyirik) maddi bir orqanın (beynin) məhsuludur. Beyin ölərsə, o da ölər. Onlara görə beyin ölərsə, ruh əbədi yaşayacaq. Deyirlər ki, ruh bədənlə heç bir əlaqəsi olmayan varlıqdır. Di gəl ki, balaca başım söhbətin bu yerində əndirəbadi şübhələr icad edir.

Maraqlanıb kifayət qədər belə faktlar tapa bilərsiniz. Beyni ölən insanın ürəyi yenə döyünür, nəbzi hələ də atır. Bu vəziyyətdə ruh hara gedir? Beyni ölən insanın ruhu ürək döyüntüləri dayanana qədər olan müddətdə nə işlə məşğul olur, hansı deşikdə gizlənir? İnsan hələ də canlı olduğu üçün ruhu bədənindədir demək. Sadəcə, beyin bütün funksiyalarını bağlayıb. Beyin ölüb deyə, ruh da qaranlıqlara gömülüb! Yox, əgər beyin öldüyü üçün ruh bədəni tərk edirsə, deməli, canlı olmaq üçün ruh önəmli deyil.

Yaddaşını itirən bir insan təsəvvür edin. Ruh əgər bədənlə əlaqəsi olmayan bir varlıq isə, o zaman yaddaş pozuntusu yaşayan birinin ruhu bu vəziyyətdə hara gedir? Uzun müalicə müddətindən sonra yaddaşı qayıdan insanın ruhuna Allah olub-keçənləri yükləyir?

Beyin əməliyyatı zamanı həkim beynin elə bir nöqtəsinə toxuna bilər ki, insanın xarakteri dəyişər. Bu, tibbdə müəyyən faktlarla sübut olunub. Beynin məlum nöqtələrinə barmaq eləyib xarakterə təsir etmək olur. Xarakter beyinə toxunuşla dəyişdirilirsə, ruh axirətdə nə üzərindən sorğu-sual ediləcək?

Yaşamdakı fəaliyyətlər, bioloji tələbatlar, maddi proseslərdən əldə etdiyimiz bilgilər, başqa insanlar və təbiətlə qarşılıqlı münasibətlərdən var oluruq. “Mən” anlayışını və xarakteri belə qazanırıq. Bütün bunlar bilgi və düşüncə torbamızı doldurur. Ruhu bədəndən ayrı düşünmək – xarakterin, “mən”in, yaşam təcrübəsinin, tələbatların və doğuluşdan bu vaxta qədər qazanıb formalaşdırdığın beynin (ağıl, yaddaş, zehin) yox olmasıdı. Bu mümkün deyil! Ruhu bədəndən ayırsaq, – ruh deyəndə beyin nəzərdə tuturam – geridə heç nə qalmaz, ruh dediyimiz heç olur!

Ruh yaddaş və ağıl da deyil. Ruh=ağıl+yaddaş (beyin) prinsipi də yanlışdır. Yaddaş və ağıl ruhun (beynin) istifadə etdiyi vasitələr ola bilər. Bizi formalaşdıran beyin və onun ünsürləri olan yaddaş, ağıl, düşüncə deyil. Bunu qəbul etmək də gülməlidi. Beyin nə bilir ki, ürəyə qan getməsə, öləcək? Bu ünsürlər bir enerjinin təsiriylə işləyir. Onun adı dəqiq bilmirəm nədi – ağsaqqallardan allah kimi eşitmişəm. Amma və lakin həmin enerjinin bizdən kənarda deyil, bizdə olmasını qəbul edirəm. O enerjinin bədəndə işləməsi üçün beyindən istifadəsini qəbul edirəm. Düşünürəm ruh ona görə əbədidir ki, beynimiz ziyan görərsə, o enerjidən düz-əməlli istifadə edə bilməyəcək – bu ruhun (enerjinin) olmaması anlamına gəlməz. Beyin ölüncə enerji bədəndə əlsiz-qolsuza çevrilir. Amma bədəndən ayrılıb göyə getmir.

Ölmüş beynin o bədənlə bir əlaqəsi olmaz. Bədənin beyin ölümündən sonra həyatda qalmasının səbəbi də ruh deyil, pranadır. Prana Şərq fəlsəfəsində təbiətin vital enerjisi olaraq adlanır. Simvolik olaraq mənbəyi günəş kimi göstərilir. Bədəni kompüterlə əvəz edək, tutaq ki, beyin də kompüterin sistemidir. Beyin öldüyü zaman, kompüter işləməyəcək. Təsəvvür eləyin ki, prana elektrik enerjisidir (adapter – müəllif). Kompüterin sistemi yanıb, amma enerji axını davam edir.

Bu qədər uzunçuluqdan sonra mətləbə varırıq.

Dünya necə yaranıb, insan necə formalaşıb – bu sualları da, cavablarını da tamamilə mənasız hesab edirəm.

Hardan gəldiyimiz heç nəyi dəyişmir.

Daşdan, spermadan, meymundan yaranmağımızın nə fərqi var?

Tutaq ki, yarpaqdan yaradılmışıq, təsadüfən, lap bir dənə yarpaq çevirilib insana, ya da göydə bir gözəgörünməz varlıq var, bekarçılıqdan insan yaradıb. Bunu bilməyin nə fərqi var?

Allah bizi dua eləmək üçün yaradıb, deyirlər. Onun bizə yox, bizim ona ehtiyacımız var. Mən demirəm a, deyirlər. Və o, hər şeyi bilir, hətta bir yarpaq belə onun icazəsi olmadan düşməz yerə. Mən bilmirəm, sən bilmirsən, amma o bilir ki, mən sağ yolu – namazı, ya da sol qolu – şeytani, haram əməlləri seçəcəm, düzdü?

Və o bilir ki, mən cəhənnəmə, ya da cənnətə düşəcəm. Mən bilməsəm də o bilir, düzdü, yoldaşlar?

Və deyirlər ki, o insanı bu imtahan dünyasına vasil edir ki, biz cənnətə, ya da cəhənnəmə düşəndə sual etməyək ki, ay Allah, məni cəhənnəmə niyə saldın? Sual etsək, o, həyat yolumuzu göstərəcək bizə, sübut edəcək ki, bax, övlad, sən bu əməllərinə görə burdasan, biz də razı olacağıq taleyimizlə. Axı o bilir? Bunda qazancı nədi onun? Əvvəldən bilirdi də sonu onsuz da. Əvəzində biz itiririk. Adicə oyundu.

Mənim allahım belə deyil.

Bunlar bəlli məsələlərdi, ki, çoxumuz bilirik.

Əvəzində yeni din təklif edirəm.

Daha doğrusu, bu – din deyil.

Mənim kimi düşünən xeyli insan var, əlbəttə, ya vəlvələdən, ya zəlzələdən fikirlərini açıq-aydın ifadə eləyə bilmirlər.

Təklif etdiyim dinin təməl prinsipi – bu vaxta qədərki qadağaların olmamasıdı. Bircə qadağa var: ÖLDÜRMƏ!

Keçmiş, onsuz da, keçib, gələcək adından göründüyü kimi, gəlməyə də bilər, daha doğrusu, zaman olaraq gələcək, amma bizim gələcəyimiz bəlli deyil, elə indicə ölə bilərik.

Əlimizdə bircə indi var.

İnsan zamanın indiki halıdır.

Sərhədsiz, milli ayrı-seçkilik olmadan: cins, irq, milliyyət fərqi qoymadan sevmək!

Fərdiyyət müstəvisində yaşamaq.

Fərdiyyət əsl “Mən”di.

Şəxsiyyət isə cəmiyyətin geyindirdiyi don.

Məsələn, deputat fərd olaraq deputat deyil, yaşayır, öyrənir, sonra deputat olur. Deputat adını ona cəmiyyət geyindirir və növbəti addımlarını o, bu maskanın arxasında atır.

Pis və yaxşı insan yoxdu!

Yanlış münasibətlər var.

Bugünkü insan mahiyyət etibarilə qazanılmışların məhsuludu; psixoloji travmalarının, itkilərinin, qazandıqlarının insan halıdı. Qazanılmışlar onu şəxsiyyət müstəvisinə mindirir. İnsanın ateist olması da, dindar olması da, öldürməsi də, öldürülməsi də qazandıqlarının sonrakı halıdı.

Fərdiyyət müstəvisində həqiqətin əksi də həqiqətdi!

Mən sizə qazanılmışlardan arınıb fərdiyyət müstəvisinə qayıtmağı təklif edirəm – sevginin içinə!

Bu, ümumi tanışlıqdı. Reaksiyalardan asılı olaraq, ideyanı manifest halında təqdim edəcəyəm.

Mən sizi sevirəm, siz də onları sevin!

Dünyanı sevgi xilas edəcək!

Təkliflərimə reaksiyanı yazının altındakı şərh bölməsindən birlikdə öyrənəcəyik.

Reaksiyanızı “HƏ” və “YOX” yazmaqla bildirin, lütfən. Sonra birlikdə hesablayarıq.

P.S

Bu təkliflərdə təmənna, sadəcə, sevgidi!

Heç bir maddi maraq yoxdu.

Bu, sevgi paylaşımıdı, işığa doğru qaçmaq təklifidi.

Mayamız da sevgidi, qazancımız da!

Azadlıq təklif edirəm!

Amma bu, qarın-mədə döyüşü, yaxşı maaş davası, siyasi savaş deyil!

Təklif etdiyim sevgi kreslodan, ütüdən, qalstukdan arınmış, pisliklərdən uzaq, paklığa, sevgiyə sarılmaqdı!

Sevgini qucaqlayın – bu cənnət həzzidi!

Ömər Xəyyam

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com