Salyanda “qaz oyunu”: başçı açılış etdi, qaz gəlmədi

267425
Son dövrlər ölkənin bir çox kəndlərinə yeni qaz xəttləri çəkilir və uzun fasilədən sonra həmin kəndlərə mavi yanacaq verilir. Təbii ki, bu da uzun illər elektrik enerjisi və qazla bağlı problemlərdən cana doymuş kəndliləri sevindirir. Amma…
Bəzi yerlərdə məmurlar həmişəki kimi insanları aldatmaqla məşğuldu. Dəm-dəsgahla açılış edirlər, sonra isə məlum olur ki, kəmərlər tam çəkilməyib, sayğaclar quraşdırılmayıb və açılış olan kənddə qaz yoxdur. Belə hadisələrdən biri bu günlərdə Salyan rayonunun Marışlı kəndində baş verib.
Mətləbə keçməzdən əvvəl bildirək ki, Marışlı Salyanın ən böyük kəndlərindən biridi. Amma bu kəndə sonuncu dəfə SSRİ dövründə qaz çəkilib və ittifaq dağılandan bir neçə il sonra xəttlər sıradan çıxıb, qazın verilişi dayandırılıb. Marışlı ilə qonşu kəndlər – Arbatana bir neçə il əvvəl, Seyidsadıqlıya isə bu ilin əvvəlində yeni qaz xətti çəkilib.
Bu ilin sentyabrında Marışlıda sakinlərlə görüşən icra başçısı Sevindik Hətəmov söz vrmişdi ki, dekabrın 15-dək kəndə qaz veriləcək. Bundan sonra işlər sürətləndi, sayğaclar quruldu (əksər sayğacların düzgün quraşdırılmadığı sonradan məlum olduğundan söküb yenidən quraşdırmalı olublar – red.) və icra başçısı vədinə əməl etdi. Belə ki, dekabrın 15-dən sonra kənddə dəm-dəstgahla açılış mərasimi olub və Sevindik Hətəmov da mərasimə qatılaraq kəndlilərə verdiyi sözü yerinə yetirdiyini deyib.
Əsl həngamə də bundan sonra başlayıb. İcra başçısı kəndi tərk edən kimi qazın verilişi dayandırılıb. Məlum olub ki, işlər tam başa çatmayıb, kəndin əksər evlərinə qaz xəttləri çəkilməyib, sayğaclar qurulmayıb. Sadəcə icra başçısı söz verib deyə, iş bitməmiş tez-tələsik açılış ediblər, o kəndi tərk edən kimi isə qazı bağlayıblar. Qazın nə vaxt veriləcəyi isə bilinmir.
Oxşar hadisə ötən il Salyanın Sarvan kəndində baş vermişdi. Belə ki, qaz balonu qoyaraq kənddə açılış mərasimi keçrilmiş, həmin vaxt icra başçısı olan Tahir Kərimov tədbirdə iştirak etmiş və AZTV çəkiliş aparmışdı. Mərasimdən sonra məlum olmuşdu ki, açılış qaz balonu vasitəsi ilə edilib. Başçı kəndi tərk edəndən uzun müddət sonra da sarvanlılar mavi yanacağa həsrət qalmışdı. Məsələ mətbuata çıxandan sonra kəndə qaz verildi.
İndi deyəsən Sevindik Hətəmov Tahir Kərimovun yolunu getməyə başlayıb. Vəd verib, dediyi vaxtda açılış edən icra başçısı öz sözünü yerinə yetirsə də, Marışlı sakinləri hələ də mavi yanacağın istisinə həsrətdi. İndi onlar bunun səbəbini öyrənmək üçün Sevindik Hətəmovun kəndə növbəti səfərini gözləyir. Amma bunun nə vaxt baş verəcəyini isə heç kim bilmir…/Qaynarinfo.Az/

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com