Ruhaninin Yerevan səfəri: hanı din qardaşlığı?! – ŞƏRH

1482409774_76af944f-c308-4e63-8b44-b0a19b933939_292

İranın Ermənistanı getdikcə daha çox dəstəkləməsi ilə bağlı yazını, təsadüfə inanmayanlar üçün bir statistik məlumat ilə başlamaq istərdik: 2011-ci il dekabrın 23-də İran İslam Respublikasının o vaxtkı prezidenti Mahmud Əhmədinejat Ermənistana səfər edib.

O, Yerevanda olanda və ondan əvvəl də Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı “dost, qardaş dövlət” adlandırıb və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, danışıqlar vasitəsilə həll edilməsinin tərəfdarı olduqlarını bildirib.

M.Əhmədinejat İranla Ermənistanı tarixi-mədəni köklərin birləşdirdiyini də vurğulayıb.

Amma bu, onun Ermənistana ilk gedişi deyildi və 2007-ci ilin martın 19-da da bu ölkəyə səfər etmişdi. M.Əhmədinejat onda Novruz bayramı ərəfəsində Ermənistana çəkilən təbii qaz kəmərinin açılışında iştirak edərək, erməniləri özlərinin “yaxın dostu və qardaşı” adlandırmışdı.

Qeyd edək ki, İranla Ermənistanın birgə qaz layihəsi çərçivəsində ilkin mərhələdə Ermənistana hər il 400 milyon kubmetr həcmində qaz ötürülməsi planlaşdırılmışdı. Qaz kəməri Yerevana çəkiləndən sonra ötürüləcək qazın həcmi 2,5 milyard kubmetrə çatdırılıb.

Yeri gəlmişkən, M.Əhmədinejatın Yerevan səfəri katoliklərin Milad bayramı, İsa peyğəmbərin doğum günü ərəfəsinə düşürdü.

Ötən gün isə İslam Respublikasının prezidenti Həsən Ruhani Yerevanda səfərdə olub. Başqa sözlə, Əhmədinejatın səfərindən bir gün fərqi ilə 5 il sonra bu səfər həyata keçirilib.

İslam Respublikası rəsmilərinin Ermənistandakı dostlarını 5 ildən bir katolik təqvimi əsasında Milad bayramı ərəfəsində ziyarət etmələri də təsadüfi sayılmaya bilər. Ola bilsin, bu tarix İran hakimiyyəti üçün düşərli sayılır…

H.Ruhaninin səfəri zamanı Ermənistanla idman, fövqəladə hallar, tarixi muzeylər, turizm sahələrində əməkdaşlıq, habelə Ermənistanın Meğrı ilə İranın Nurduz sərhəd qapısından birgə istifadəyə dair sənədlər imzalanıb.

H.Ruhani Ermənistan prezidenti Serj Sarqsyanla görüşdən sonra verdiyi bəyanatda iki ölkə arasında yarımçıq layihələrin başa çatdırılmasından, bu ölkəyə ixrac edilən təbii qazın həcminin artırılmasından, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsindən danışıb. O, Ermənistanla “Araz” azad ticarət zonasının yaradılacağını da vurğulayıb.

İran prezidenti işğal altında olan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bölgənin təhlükəsizliyi məsələsini də müzakirə etdik. Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”. O iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq”. H.Ruhani işğala məruz qalanla işğalçı arasında fərq qoymadan deyib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.

Ermənistan rəhbəri S.Sarqsyan deyib ki, iranlı həmkarı ilə ikitərəfli mədəni, iqtisadi-ticari və energetika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə ediblər: “Dağlıq Qarabağ probleminin tənzimlənməsində İranın yürütdüyü balanslı siyasətini yüksək qiymətləndiririk. Biz bir daha təsdiq etdik ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Müzakirə zamanı qeyd etdik ki, vəziyyətin gərginləşdirilməsi üçün atılan istənilən addım bölgədə sabitliyin pozulmasına səbəb olacaq”.

H.Ruhani ermənistanlı həmkarını İrana səfərə dəvət edib. S.Sarqsyan dəvəti qəbul edib. Məlumata görə, 2017-ci ilin birinci yarısında onun İslam Respublikasına səfəri gözlənilir.

İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfərindən 8 gün sonra H.Ruhaninin Yerevana səfər etməsi də təsadüfi deyil. Tehran hakimiyyəti ötən 25 il ərzində Ermənistandan yalnız Azərbaycana, bir sıra hallarda isə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edib.

Deməli, Yerevandakı hakimiyyət rəsmi Tehran üçün daha çox təzyiq alətidir. Bu funksiyasına görə Rusiya kimi İran da Ermənistana yardım edir. Onda belə çıxır ki, İslam Respublikası Azərbaycan torpaqlarının işğal altında qalmasının əsas dəstəkçilərindəndir.

Bu isə İran hakimiyyətinin Ermənistana münasibətinin təsadüfi olmadığını təsdiqləyir. Bu halda Dağlıq Qarabağın işğaldan azad edilməsində İslam Respublikasının vasitəçilik edəcəyi ehtimalının gerçəkləşəcəyini sıfır və ondan da aşağı endirir. Çünki bəziləri Türkiyə-Rusiya-İran regional üçlüyünün bu problemi həll edəcəyinə ümid bəsləyir. Ancaq Tehran hakimiyyətinin davranışı bu ümidi də alt-üst etməkdədir.

Bütün bunları İranın Ermənistanla əlaqələrinin inkişafını qısqandığımız üçün yazmırıq. Çünki Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dostlarımızı, düşmənlərimizi, müttəfiqlərimizi və rəqiblərimizi yenidən tanıya bildik. Bundan başqa, işğalçı ilə dostluq münasibəti saxlayıb, onu inkişaf etdirən Tehran hakimiyyətinin İran vətəndaşı olan 30 milyonluq Azərbaycan türkünə hörmət etməməsindən və onun milli varlığını danmasından xəbərdarıq.

O zaman İslam Respublikasından nəyi umaq?

Bütün bunlar qonşu İranın Azərbaycana münasibətdə heç zaman səmimi olmadığını göstərir. İslam Respublikası özünü müsəlmanların himayədarı elan edib. Ancaq çox təəssüf ki, söhbət Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağın və ətraf rayonların işğalı məsələsinə gələndə vəziyət dəyişir, Tehranda hakimiyyətdə oturanlar müsəlman həmrəyliyini, din qardaşlığını, ümmət birliyini bir kənara qoyurlar və bunu heç yadlarına belə salmaq istəmirlər. H.Ruhaninin işğalçı Ermənistanla ərazisi işğala məruz qalan Azərbaycanı eyni səviyyədə tutması bundan xəbər verir. O zaman el arasında deyilən məşhur ifadə yada düşür: “İran hakimiyyəti, siz kimin əmisi oğlusunuz?” Adətən, İran rəsmiləri deyir ki, siyasətlə məşğul olmaq dinə, imana ziyan vurmur. O zaman İran prezidentinin “Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir” ifadəsi hansı imana və ədalətə sığır? Axı, Ermənistan müsəlman ölkəsi Azərbaycanın, din və iman baxımından müsəlman olan azərbaycanlıların düşmənidir. Düşmənin dostu isə indiki halda Azərbaycana dost ola bilərmi?! Hər halda vəziyyət belədir. Bütün bunlar isə təsadüfi deyil.

Sədrəddin Soltan

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com