Putinin hakimiyyətə gəlişinin yeni detalları: O, prezident olmaq istəmirmiş… – FOTOLAR

img1873651Rusiyanın keçmiş prezideti Boris Yeltsin artıq Rusiyanı idarə edə bilmədiyini görüb yerinə namizəd axtaran vaxtlarda Vladimir Putin özü heç prezident olmaq istəmirdi. O, dövlət işindən ayrılıb bizneslə məşğul olmağı, gələcəkdə də xaricə getməyi planlaşdırırmış.
Putinə yaxın şəxs kimi Kremldə baş verənlərin cikinə-bikinə bələd olan və maliyyə fırıldağında ittiham edildikdən sonra Rusiyadan qaçan Sergey Puqaçov belə deyir.
Rusiyalı milyarder, 52 yaşlı Puqaçov əvvəl Yeltsinin, sonra da Putinin təbliğat üzrə müşaviri olub. Özünün dediyinə görə, Rusiya hakimiyyəti tərəfindən qətlə yetirilmək təhlükəsi olduğundan neçə illərdir yaşadığı Böyük Britaniyanı tərk edib Fransaya gəlməli olub. Fransada o, Qərbin bir sıra media orqanlarına müsahibə verib. Müsahibələrində Putinin hakimiyyətə gəlişi ilə bağlı bilinməyən bəzi detalları açıqlayıb.

“Zarafat” necə həqiqət oldu

Puqaçov iddia edir ki, Putinin prezidentliyə namizədliyi fikrini ilk dəfə məhz o, irəli sürüb. Məqsədi də Yeltsinin güc strukturlarındakı sərt xətt tərəfdarları tərəfindən devrilmək təhlükəsini aradan qaldırmaq olub: “Yeltsin o vaxt artıq faktiki hakimiyyəti itirmişdi. Təhlükəsizlik orqanlarındakı adamlar prezidentin öz ətrafına yığdığı liberalları küncə qısnamışdılar. Putinin həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olduğunu nəzərə alsaq, onun təyinatı potensial çevrilişdən müdafiə kimi görünürdü”.
Boris Yeltsin və Vladimir Putin, 2000-ci il
Puqaçov Putini Rusiya liberallarının demokratik islahatçı kimi xatırladıqları Anatoli Sobçakın yanında işlədiyi vaxtlardan tanıyıb. Dediyinə görə, Putin baş nazirliyə əla namizəd olub, çünki o, iki vacib elementi özündə birləşdirirdi. Bir tərəfdən, əvvəllər Sobçakın yanında işlədiyinə görə demokratik və liberal mənşəli sayıla bilərdi, digər tərəfdən FTX-də dayaqları vardı.
Sobçak özü Putinin Kremldə perspektivinə o qədər optimist yanaşmayıb. Puqaçovun deməsinə görə, Peterburqun sabiq meri ilə ölümündən az əvvəl – 2000-ci ilin fevralında görüşəndə, Putini nəzərdə tutaraq Rusiyanın gələcək prezidenti ilə birgə işləyib-işləməyəcəyini soruşub. Sobçak isə cavabında deyib: “Putinin prezident olması mümkün deyil. Bu, sadəcə bir zarafatdır”.
Puqaçeva görə, təkcə Sobçak yox, Putinin özü də prezidentliyinə skeptik yanaşırdı. O, sadəcə olaraq, özünü prezident kimi təsəvvür etmirdi. Biznesə girişmək, sonra da xaricə köçmək istəyirdi.

“Aydınlaşdıraram”

Rusiyanın hüquq-mühafizə orqanları Puqaçovu təsisçisi olduğu, 2010-cu ildə müflisləşən “Mejprombank” vasitəsilə 1 milyard dolları mənimsəməkdə ittiham edərək, onu İnterpola axtarışa veriblər.

Sergey Puqaçov
Rusiyanın Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında London məhkəməsi Puqaçovun əmlaklarına həbs qoyub. Məhkəmə 2011-ci ildə Rusiyadan qaçandan bəri Londonda yaşayan Puqaçova ölkəni tərk etməməyi tapşırıb. Onun Rusiya və Fransa pasportlarını müsadirə edib. Buna baxmayaraq, bu ilin əvvəllərində Britaniyadan Fransaya keçə bilib. Özünün dediyinə görə, bunu ailəsinin və özünün təhlükəsizliyi üçün və tam qanuni yolla edib.
Puqaçov iddia edir ki, Rusiya rəsmiləri onun 15 milyard dollarlıq biznes imperiyasını sümürüb axırına çıxıblar. Putinlə şəxsi münasibətlərinə gəlincə, deyir ki, bu, düşmənçilik münasibətləri deyil: “Mən dissident deyiləm, nə rejimin tənqidçisi, nə də siyasi müxalifətçiyəm. Rusiyada mənə qarşı edilənlərə baxıb Puti-lə münasibətlərimizə özünüz qiymət verə bilərsiniz”.
Puqaçov deyir ki, sonuncu dəfə 2013-cü ildə Amsterdamda Putin-lə üz-üzə gəlib və prezidentin bu qarşılaşmadan məmnun olduğunu görəndə çox təəccüblənib. Putin onunla açıq danışıb: “Putin mənə dedi: “Hə, eşitmişəm, orada nəsə baş verir. Bilmirəm, bunun arxasında kim durur. Sən mənə zəng elə, mən aydınlaşdıraram””.
Puqaçov bildirir ki, dostlarından eşitdiyinə görə, Putin həqiqətən onun xeyrinə nəsə etməyə çalışıb. Amma heç nə dəyişməyib (Azadlıq Radiosu).

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com