Problemin beləsi – sol əllə hərbi salam vermək.

img2022709

 

Bizim tamaşaçılar çox diqqətlidir: gözlərindən bir epizod, qulaqlarından bir replika yayınmır, anındaca tuturlar. Həmin saat, ya da ertəsi gün ictimai müzakirələr başlayır.

Axırıncı dəfə belə bir haqq-hesab Fəxri Xiyabanda sol əliylə hərbi salam verən prokurorluq işçisi ilə bağlıdır. Təkrar-təkrar yayımlanan videokadrlardan da görünür ki, prokuror gerçəkdən də hərbi salamı sol əli ilə verir.

Budur, bu qeyri-adi, anomal hadisə barədə sosial şəbəkədə müzakirələr gedir, müxtəlif versiyalar, şərhlər, rəylər, analitik qeydlər var.

Bəziləri burada bir qəbahət görmür, deyirlər, nə fərqi var, ha sağ əl, ha sol əl, salam salamdır də. Dövlətçilik yolunda hal şahidi olmağa belə hazır olan elələri də var ki, “belə şey olmaz” deyə özlərini ülgücləyirlər, sanasan, Konstitusiyanın baş müddəası pozulub.

Solaxay prokurora alibi düzəldənlər də vardı, dərhal dedilər ki, guya onun sağ əli protez imiş. Amma sayıq jurnalistlər araşdırıb tapıblar ki, elə şey yoxdur.

Bu dəfə ortalığa belə bir versiya atıldı ki, prokurorun sağ əli protez olmasa da, güman ki, sınığı, çıxığı var, çünki işlək sağ əl dura-dura ondan bir azca tənbəl sol əli qaldırmağa ehtiyac olmazdı. Budur, cənab Qurbanov özü də açıqlama verib ki, sağ əlində problem olub.

Bax, bu, ola bilər. İnsanlıq halıdır. Hamımız istənilən gün əlimizdən, qolumuzdan xəsarət ala bilərik. Məsələn, hər gün ayağı hamamda sürüşüb qol-qıçını becərən o qədər adam olur ki. Hələ bunun trenajor zallarında məşq edərkən, asfalt meydançada futbol oynayarkən yıxılıb zədələnənləri var. Yerə qar düşdümü, klinikaların travamatologiya şöbələrində qol-qanadını sındıranların əlindən tərpənmək olmur. Sürüşüb yıxılan uşaqlara ağlınız getməsin, onlara bir şey olmur, amma 80-100 kiloluq yaşlı, sümüyü kövrəlmiş adamlar yıxılanda zədəsiz ötüşmürlər.

Ona görə də prokurorun sol əllə hərbi salam verməsi xüsusunda sərt ittihamçı rolunda çıxış etmək caiz deyil, qarşı tərəfin izahatını da dinləmək gərəkdir.

Biz də bu günlərdə naxoşlamış və xalqa sevincli anlar bəxş etmiş hakim Ənvər Seyidov deyilik ki, müttəhimin bütün müdafiə arqumentlərini nəzərə almadan cəza kəsək? Elə olmaz.
Yeri gəlmişkən, lətifəsi heç kəsə dəyməsin, dünən hökm verənin bugünkü halı barədə şairin uzun illər əvvəl dediyi məşhur misra ildə 12 dəfə doğrulur. Di gəl, insan oğlu elə bir məxluqdur ki, daima bu günü ilə yaşayır, hətta sabahı düşünənlər də birisi günü düşünmürlər və göylərdə quş kimi uçarkən bir gün lalıxlamış armud kimi yerə düşürlər.
Qayıdaq mətləb üstünə. Prokurorun solaxay olması versiyasının yaşamaq hüququ var, amma bunu da çox ciddiyə almaq olmaz. Ona görə ki, dünyada N qədər solaxay adam var, amma onlar da hamıyla sağ əllə salamlaşıb-görüşürlər. Solaxaylıq instinkti onlara yanlış davranış diktə eləmir. Ona qalsa, çoxlu solaxay futbolçular da var, vaxtaşırı sağ ayaqları ilə də qol vururlar. Məsələn, Messinin oyununa baxanda heç deməzsən ki, o solaxaydır. Yaxud Ronaldo sol ayağı ilə topa çox güclü zərbələr vurur, arada Mərakeşə sol-sol səfərlərə də gedir.
Yəni prokurorun sol əllə hərbi salam verməsi məsələsini solaxaylığa bağlamaq versiyasını qatlayaq qoyaq kənara. Problemi (artıq nə dərəcədə ciddi problemdirsə) prokurorun sağ əlinin zədəli olmasıyla izah etmək daha doğrudur. Güman ki, o, ziyarətə gəlməzdən öncə qolundakı gipsi çıxartdırıb gəlib, hesab edib ki, qolu boynundan asılmış vəziyyətdə Fəxri Xiyabana getməsi ayıb olar.

Deyim ki, elə bir iş olsaydı, bizim feysbuk istifadəçiləri yenə danışmağa söz tapacaqdılar, deyəcəkdilər, gördünüz də, prokuror özünü reklam edirdi, göstərirdi ki, zədəli ola-ola ziyarətə gəlir.

Xüləs. Bu çox ciddi məsələdir. Yaxşı olar ki, əlaqədar instansiyalar da bu barədə açıqlama, izahat versinlər. (Müəllifin izahat üçün hüquq-mühafizə orqanlarına çağırılması arzu olunmur).

Samir SARI

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com