Müəmmalı sənət əsərləri: Yan van Eykin“Arnolfini cütlüyü” portreti

640px-Van_Eyck_-_Arnolfini_Portrait

Məşhur flamand rəssamı Yan van Eyk, təxminən, 1434-cü ildə “Arnolfini cütlüyü” (“Portret van Giovanni Arnolfini en zijn vrouwintibah”) adlı rəsm əsəri çəkib.

Bu rəsm incəsənət tarixindəki ən mübahisəli sənət əsərlərindən biridir. Əsərdə tacir Covanni di Nikolao Arnolfini və onun arvadı Covanni Senami təsvir olunub. İkonoqrafiyası, həndəsi perspektivliyi ilə göz oxşayan bu rəsmi incələmək olduqca zövqlüdür. Çünki əsərin hər detalı məqsədyönlü şəkildə təsvir edilmiş inqilabi xüsusiyyətə malikdir. Qeyd edək ki, inqilabi xüsusiyyət o dövr üçün səciyyəvi idi.

Rəsmdəki cütlüyün toy mərasimində olduğu təxmin edilir. Alman və yəhudi tarixçisi Ervin Panovskinin dediyinə görə, XV əsrdə qanuni nigahla iki cütlüyün birləşməsi üçün keşiş və ya şahidlərin iştirakına  ehtiyac yox idi. Bunu istənilən yerdə, məsələn elə tabloda təsvir olunduğu kimi, yataq otağında da etmək mümkün idi. Özlərini ər-arvad elan etmiş cütlük növbəti gün kilsəyə gedərək baş rahibin şahidliyi ilə öz münasibətləri qanuniləşdirirdi. Ənənəyə uyğun olaraq nigah adaxlı və gəlinin əllərinin birləşməsilə başlanırdı. Mərasim nigaha daxil olan şəxslərin andı tələffüz etmələrindən ibarət idi, bu halda adaxlı öz həyat yoldaşına sədaqət andı içmək üçün əlini yuxarı qaldırırdı. Bütün bu sadalananlara əsasən, rəssamın Arnolfi cütlüyünün nigahını təsvir etdiyini deyə bilərik.

Bu qoşa portret nümunəsinin qəhrəmanları həmçinin zəngin ailədəndirlər. Bunu rəsmdəki təsvirlərdən görmək olur. Məsələn, əsərdəki portağallar. O dövrdə portağal yalniz zəngin ailələrin süfrələrində olurdu. Daha sonra qadının əynindəki pelison deyilən xəzli libası göstərə bilərik. O dövrdə bu geyimdə olanlara kimsə mütləq kömək eməli idi. Bu cür qəliz paltarda hərəkət etməyi yalnız uşaqlıqdan müvafiq aristokratik təlimləri keçmiş şəxslər bacarıb. Kişi personajı da xəzlə örtülmüş və qırmızı rəngli məxmərdən hukda təsvir edilib. O dövrdə huk üstdən geyinilən don idi. Personajların geyimlərindən bəhs etmişkən qeyd edək ki, onların rəsmdəki yerləri də təasdüfi seçilməyib. Gördüyümüz kimi, kişi otaqdakı pəncərə tərəfdə, qadın isə içəri tərəfdə çəkilib. Bu kişinin çöl işləri, qadının isə ev işlərilə maraqlandığını göstərir.

Detail-Van-Eyck-Arnolfini-Marriage-14341

İndi isə rəsmi bu qədər maraqlı edən bölümünə gəldik. Bu, cütlüyün tam arxasında görünən qabarıq güzgüdür. Güzgünün çərçivəsində“İsanın əzabları” təsvir olunan on medalyon var. Burada kilsə ilə İsanın simvolik nigahı əks edilir və onun xristian nigahı ilə paralelləri göstərilirdi. Tədqiqatçılar miniatürlərin yerləşməsində bir qanunauyğunluğa diqqət yetirirlər: kişi tərəfdən İsanın ölümünə qədərki  əzabların epizodları, qadın tərəfdən isə, əksinə, ölümündən sonrakı epizodları təsvir edilib. Bundan başqa, infraqırmızı şüalar vasitəsilə aparılan geniş tədqiqatlar nəticəsində məlum olub ki, əslində, güzgünün ümumi görünüşü səkkizguşəli idi, bir müddət keçdikdən sonra daha bir neçə əzab səhnələrinin portretə əlavə edilməsi üçün çərçivə onguşəli formata uyğun dəyişdirilib. Teoloji simvolika nöqteyi-nəzərindən gündəlik istifadə olunan qabarıq güzgü “speculum sine macula” (yəni nöqsansız güzgü) olub və bu, İsanın anasının günahsızlığına və gəlinin bakirəliyinə şahidlik edib.Van Eykin yaşadığı dövrdə güzgü ümumiyyətlə şəhər evlərinin interyeri üçün qəribə və adət edilməyən idi. Adətən, onun yerinə parlaq metal istifadə olunub. Qabarıq güzgülər şəhər sakinləri üçün daha əlçatan idi. Şüşə kürəyə isti metal miksturanı doldurur və beləliklə, qabarıq əyilmiş güzgü əldə edirdilər. Müşahidəçinin görmə bucaqlarını mistik tərzdə böyütdüyü üçün bu cür güzgülər fransızca “cadugər” adlanırdırılıb. Şəklə diqqətlə baxdıqda güzgüdə tavan tirlərini, ikinci pəncərəni və otağa daxil olan əlavə iki nəfəri görmək olur. Bəzi tədqiqatçılar, güzgünün üstündəki “Yan van Eyk burada idi” yazısına diqqət yetirərək hesab edirlər ki, bu iki şəxsdən biri rəssamın elə özüdür. Elə bu mükəmməl detallar rəssamın əsərini ölümsüzləşdirib.

The_Arnolfini_Portrait,_détail_(2)

Rəsmin hər küncündə xristianlığa dair elementlər görmək mümkündür. Məsələn, yuxarıda qeyd etdiyimiz güzügünün çərçivəsindəki “İsanın əzabları” detalı. Bundan başqa, yatağın başında asılmış süpürgə və təsbeh xristianlığın təməl prinsiplərini (işləmək və dua etmək) bildirir. Həmçinin cütlüyün yanındakı iti də buna misal gətirə bilərik. Xristianlıqda it simvolu, məcazi olaraq kilsələrarası nifaqın başlanmasına səbəb olub. Katolik kilsə rəsmi olaraq iti dini doqmatikanın ən sədaqətli üzvü hesab edib. Rus pravoslav kilsəsi əksinə, ümumiləşdirilmiş obraz kimi itin rəzil və günahkar varlıq olduğunu hesab edib. Xristian ikonoqrafiyasında it katolik müqəddəslərin və hər şeydən öncə ispan rahibi Müqəddəs Dominikin vəfalı heyvanı idi. Söz oyunu nəticəsində “Dominus” sözü latın dilindən tərcümədə “Tanrı”, “canes” isə “itlər” olaraq izah edilir. Kafirləri yorulmadan təqib etmiş dominikanlılara xalq arasında “tanrının itləri”  ləqəbi verilib. Təsviri incəsənətdə it sədaqətin, iybilmə duyğusunun və melanxoliya hislərinin simvolu sayılıb. Portret rəsmində it həmçinin ər-arvad sədaqətini təcəssüm etdirir, əgər it qadının dizi üstündə və ya ayaqları altında uzanırdısa, bu artıq qadının öz gələcək həyat yoldaşına olan vəfası kimi yozulur.

Son olaraq qeyd edək ki, əsərdəki  qadının paltarından itin tüklərinə, hətta divardakı naxışlara qədər hər şey xüsusi diqqətlə işlənilib. Buna gördə də izlədikcə göz oxşayan bu rəsm dünyanın ən möhtəşəm əsərlərindən biridir.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com