Moskvada “azərbaycanlı ovu”

Hökumət azərbaycanlıların işlədiyi “Pokrov” bazarını bağladı; 100-dən çox həbs edilən var; 25 yaşlı rus gəncin ölümündə azərbaycanlıdan şübhələnirlər; Bakıda olan Rusiya millisi ciddi qoruma altındadır; ölkəmiz də qarışa bilər

Oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun hazırda bütün Rusiya polisinin axtardığı qafqazlı şəxs tərəfindən öldürülməsindən sonra başlayan hadisələr hər keçən gün daha təhlükəli xarakter almağa başlayıb. Y.Şerbakov sevdiyi qızı evlərinə ötürdükdən sonra öldürülüb. Ehtimal edilir ki, o, dönər lokantasında işləyənlə mübahisə etdikdən sonra ölümcül bıçaqlanıb. Hadisələrin gedişi və Rusiya mətbuatında yayılan xəbərlər onu göstərir ki, bu qətli azərbaycanlıların üzərinə qoymaq istəyirlər. Çünki son üç gündə ən çox zərərçəkən və hədəfdə olanlar azərbaycanlılardır.

Xatırladaq ki, cinayətkarın tapılması tələbi ilə üzlərini parça maskalarla bağlayan yüzlərlə rus milliyyətçisi oktyabrın 13-də Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. Skinhedlər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus millətçiləri polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. İğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin tapşırığı ilə “Vulkan” kod adlı əməliyyat keçirilib. Nəticədə 380 nəfərdən çox rus milliyyətçisi saxlanılıb.
Rusiya İstintaq Komitəsinin KİV-lərlə qarşılıqlı əlaqə idarəsinin rəhbəri Vladimir Markin deyib ki, kütləvi iğtişaşlar törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər barəsində istintaq hərəkətləri davam etdirilir: “İstintaq araşdırmaları nəticəsində saxlanılan şəxslərin hərəkətlərində kütləvi iğtişaşlar törətmək barədə cinayət tərkibi aşkar olunsa, onların barəsində ”kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılacaq. Yoxlamalara İstintaq Komitəsinə polis tərəfindən müvafiq materiallar daxil olduqdan sonra başlanacaq. Hələlik saxlanılanlar barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb”.
Onu da qeyd edək ki, iğtişaşların baş verdiyi Biryulevo rayonunda xeyli sayda azərbaycanlı yaşayır. Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov” bazarı da bu rayonun ərazisində yerləşir. Həmin bazarda da minlərlə azərbaycanlı çalışır.
Oktyabrın 14-də səhər “Rospotrebnadzor” iğtişaşların baş verdiyi Biryulevo rayonunda yerləşən və çoxlu sayda azərbaycanlının çalışdığı “Pokrov” meyvə-tərəvəz bazasının bağlanmasına qərar verib. Moskva meri Sergey Sobyanin bildirib ki, hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məruzə edib. O deyib ki, aparılan yoxlamaların yekununda “Pokrov” meyvə-tərəvəz bazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub: “Bundan başqa, Moskvanın digər ticarət bazalarında da kompleks yoxlamalar aparılacaq”.
Rusiya polisi “Pokrov” meyvə-tərəvəz bazasında əməliyyat da keçirib. Əməliyyat zamanı xüsusi təyinatlı polis dəstələri 1000 nəfərdən çox miqrantı saxlayıb. Polisin keçirdiyi reyd nəticəsində içərisində milyonlarla rubl pul və müxtəlif tipli odlu və soyuq silah – 3 ədəd travmatik tapança, iki bıçaq və beysbol zopası olan avtomobil aşkar olunub.
“OMON isə ”Pokrov” bazarı yaxınlığında 140-a yaxın adam saxlayıb. Onların böyük əksəriyyəti azərbaycanlıdır. Saxlanılanların bəzilərinin avtomobillərində silah aşkarlandığı iddia olunur. 70 nəfərə isə 2 sutka inzibati həbs verilib”. Bu barədə lent.az-a Moskvada yaşayan “Diaspora inform” qəzetinin şef-redaktoru Reyhanə Aslan bildirib. Onun sözlərinə görə, iğtişaşların yaranmasında nədənsə, sadəcə azərbaycanlılar günahlandırılır. “Buna görə də digər ölkələrdən olan miqrantların da arasında azərbaycanlılara qarşı nifrət hissi yaranıb” deyə, o bildirib.
R. Aslanın sözlərinə görə, “Pokrov” bazarının bağlanması azərbaycanlıların durumuna çox pis təsir edəcək. “Bazarda minlərlə azərbaycanlı çalışır. Bazar bağlı qalsa, onların taleyi necə olacaq, bilinmir”.
Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.
Paytaxtın müxtəlif bölgələrində bu tip iğtişaşların ola biləcəyi barədə xəbərdarlıq edən M.Amin bildirib ki, miqrantlar və xarici vətəndaşlar ictimaiyyətə açıq yerlərdən qıraq gəzməlidirlər: “Bölgədə vəziyyət çox təhlükəlidir. Yüzlərlə alkoqol qəbul etmiş skinhed və irqçi gənc gördüm. Moskva polisi vəziyyətin nəzarət altına alına bilməsi üçün böyük əmək sərf edir”.
Azərbaycan da qarışa bilər
Hadisələrin gedişi göstərir ki, Rusiya hökuməti ölkədə artan ekstremist çağırışlarına qarşı mübarizə aparmaqla bərabər, miqrantlarla bağlı siyasətini daha da sərtləşdirməyə məcburdur. Hökumətin oktyabrın 14-də “Pokrov” bazarını bağlaması, orada alver edən azərbaycanlıların həbsi də onu deməyə əsas verir ki, Rusiya hökuməti hadisələrin millətlərarası münaqişəyə çevrilə bilməsindən ciddi narahatdır. Rusiya hakimiyyətindən narazılıq kifayət qədərdir və hər bir xırda hadisə millətçi gənclər üçün bəhanələr yaradır. Bu səbəbdən də xüsusilə Moskva hökuməti vəziyyətdən çıxış yolunu miqrantların nəzarətsiz hissəsini ölkədən çıxarmaqda görür.
Bağlanan “Pokrov” bazarında əsasən azərbaycanlıların işlədiyini nəzərə alsaq, bu prosesin Azərbaycana təsirsiz ötüşməyəcəyini də iddia etmək olar. Əgər azərbaycanlıların kütləvi şəkildə Rusiyadan çıxarılmasına başlansa, bu, onsuz da gərgin vəziyyətdə olan cəmiyyətin daha artıq yüklənməsinə, işsizlərin və yoxsulların sürətlə artmasına gətirib çıxara bilər. Aydındır ki, azərbaycanlıların bir çoxu, xüsusilə də şimal qonşumuzla həmsərhəd rayon və kəndlərdə yaşayan əhalinin mütləq əksəriyyəti Rusiyada işləyən yaxınlarının göndərdikləri yardım sayəsində ayaqda dururlar. Rusiya banklarının verdikləri məlumata əsasən, şimal qonşumuzdan Azərbaycana göndərilən vəsaitlərin həcmi ilbəil daha da artır (Məsələn, bu rəqəm 2011-ci ildə 700 milyon dollar həcmində idi).
Prezident seçkilərindən sonra Azərbaycanda da daxili gərginlik hökm sürür. Rusiyadan ölkəmizə gələcək azərbaycanlıların da (onların əksəriyyətinin Azərbaycan vətəndaşı olduğuna şübhə yoxdur) ölkəyə qayıdışı daxili vəziyyətə ciddi təsir edə bilər. Məlumatlara görə, Azərbaycan iqtidarı Xarici İşlər və Daxili İşlər nazirliklərinə vəziyyətlə bağlı mütəmadi xəbərlər hazırlamağı tapşırıb. Oktyabrın 15-dən isə Rusiyadan gələn qatar və təyyarələr ciddi nəzarətə alınıb. “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, hələlik Rusiyadan ölkəmizə xüsusi bir axın hiss edilmir. “Amma budəfəki dalğa daha ciddidir və böyük ehtimalla Azərbaycan bunun təsirini hiss edəcək” deyə, məlumatlı qaynağımız bildirib.
Qeyd edək ki, Moskvada azərbaycanlılarla bağlı həm millətçi kəsim, həm də hökumət tərəfindən ciddi basqılar olduğu bir vaxtda futbol üzrə Azərbaycanın milli komandası bu gün Bakıda Rusiya millisi ilə görüşür.
2014-cü il dünya çempionatının seçmə qrup matçından öncə Rusiya Futbol Federasiyası azarkeşlərə müraciət edib. Müraciətdə azarkeşlərdən davranış və ictimai qaydalara riayət, rəqibə və olduqları ölkənin qanunlarına hörmətlə yanaşma, stadionda pirotexniki və digər qadağan olunmuş vasitələrdən yararlanmamaları istənilir. Xatırladaq ki, bu komandalar arasında 2009-cu il oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında rusiyalı azarkeşlər özlərini intizamsız aparmış, azərbaycanlı tamaşaçılara tərəf partlayıcı maddələr atmışdılar. İnsidentin qarşısı hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra alınmışdı.
Aldığımız məlumata görə, oktyabrın 14-də Bakıya gələn Rusiya millisi ciddi qoruma altına alınıb. Fabio Kapellonun komandasının oktyabrın 14-də axşam “8-ci kilometr” qəsəbə stadionunda keçirdiyi məşq də ciddi polis nəzarəti altında olub. Hətta jurnalistlərə belə stadiona yaxınlaşmaqda ciddi məhdudiyyət qoyulub.
Oktyabrın 15-də saat 22:00-da “Bakcell Arena”da keçiriləcək oyuna gəlincə, AFFA rəhbərliyinin hökumətdən əlavə polis qüvvələri istədiyi barədə məlumatlar var. Hökumət narahatdır ki, Rusiyada baş verən hadisələr Bakıdakı stadionun əhval-ruhiyyəsinə də təsir etsin. Xəbərlərə görə, AFFA tapşırıb ki, azarkeşlər daha ciddi yoxlanılsın, nisbətən aqressiv adamlar isə dərhal stadiondan uzaqlaşdırılsın.
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə
• Dönər bıçağı Azərbaycanın boğazına dirəndi  Yüklə

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com