“Maydandan sonra onların təfəkküründə ciddi dəyişiklik olub”-Qubad İbadoğlu

1482326147

 

“Maydandan sonra onların təfəkküründə ciddi dəyişiklik olub”
Beynəlxalq Şəffaflıq Təşkilatının anti-korrupsiya hesabatları ilə bağlı tədbirdə iştirak üçün Ukraynaya səfər edən Qubad İbadoğlu Kiyevin hazırki vəziyyəti haqda təəssüratlarını, Maydan müşahidələrini Teleqraf.com-la bölüşüb.
- Sosial şəbəkədə Maydandan fotolarınızı paylaşıb Ukrayna xalqının meydanda şərəfli tarix yazdığı günləri həsrətlə xatırladığınızı qeyd etmisiniz. Kiyevə səfər çərçivəsində müşahidələriniz nədən ibarət oldu?  
- Korrupsiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Kiyevə getmişdim. Çalışdım ki, səfər zamanı Ukraynadakı mövcud ictimai-siyasi və iqtisadi vəziyyətlə də maraqlanım. Əvvəldən tanıdığım ukraynalı həmkarlarımla da görüşüm oldu. Əsas məqsəd inqilabdan sonrakı dövrü dəyərləndirmək və vəziyyətin necə dəyişdiyini Ukrayna xalqının özündən eşitmək idi. Təbii ki, internet vasitəsilə müxtəlif yazılarla informasiyalar alırdıq. Məsələ burasındadır ki, inqilab birmənalı dəyərləndirilmir. Hesab edirəm ki, Maydan hərəkatının Ukrayna xalqına verdiyi ən böyük fayda təfəkkürdə ciddi dəyişikliyin olmasıdır. Ukraynalılar daha təşəbbüskar və fəal olublar. Eyni zamanda onlarda gələcəyə inam daha da çoxalıb. Digər tərəfdən, islahatlar üçün yollar açılmasına imkan yaranıb. Hökumətin tərkibində tez-tez dəyişiklik olur. Ölkədə vətəndaş iştirakçılığı, informasiyaya çıxış və ictimai nəzarət imkanları genişlənib. Hər bir vətəndaş internet vasitəsilə hansısa özəl şirkətin kimə məxsus olması, onun təsisçiləri və yaradıcılarının kimliyi ilə bağlı məlumat əldə edə bilər. Məsələn, hər hansı mehmanxananın sahiblərinin payları haqda rahatlıqla məlumat ala bilirlər. Bu, Ukrayna xalqının öz sərvətlərinin sahiblərinin kim olmasını müəyyənləşdirməyə imkan verir. Ən vacib məsələlərdən biri də Ukraynada gəlirlər və əmlakın bəyan edilməsi məsələsidir, məmurlar da daxil olmaqla bütün sahibkarların nə qədər gəlirə malik olması barədə xalq müntəzəm məlumat alır.
- Bəs əhalinin güzəranı necədir?
- Ümumi sosial-iqtisadi vəziyyət pisləşib, Ukrayna qrivnası kəskin şəkildə devalvasiyaya uğrayıb. Əmək haqqı, pensiyalar dəyərsizləşib. Xüsusilə büdcə sferasında çalışanlar aldıqları maaşlar və təqaüdlərdən narazıdırlar. Bununla yanaşı iş yerləri əvvəlki kimi geniş deyil. İnvestisiyalar gəlsə də, Ukraynanın əsas sənaye rayonları olan Luqansk, Donbas nəzarətdən çıxıb. Bu da onlar üçün böyük itkidir, ərazilərinin bir hissəsini itiriblər. Amma bununla belə ukraynalıların gələcəyə ümidləri artıb, artıq yollarını seçiblər və arxayındırlar ki, bu yol düzgün yoldur. Həqiqətən də Avrointeqrasiya prosesində çox fəal iştirak edirlər. Əsas məsələ heç də viza liberallaşması məsələsi deyil. Çünki sadə ukraynalıların çoxunun imkanı yoxdur ki, gedib Avropanı gəzsin, çünki bunun üçün əlavə vəsait lazımdır. Vizasız Avropaya gediş-gəliş heç də hamı tərəfindən xoş qarşılanmır. Amma bu da inteqrasiya prosesində önəmli məsələdir və müsbət dəyərləndirirlər. Bütövlükdə gələcəklərinə daha inamla baxırlar və hesab edirlər ki, iqtisadi böhran müəyyən dövrdən sonra bitəcək və Ukraynada maliyyə sabitliyi, sosial təminat daha yaxşı olacaq.
- Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası sadə insanlarda necə reaksiya doğurub?
- Hər xalqda olduğu kimi ukraynalılarda da öz millətinə bağlılıq var. Onlar Saakaşvilini Ukraynanın siyasi səhnəsində təsəvvür eləmirlər. Çünki Saakaşvili haqda fikirlər birmənalı deyil. Bu yaxınlarda Maydanda Saakaşvili tərəfdarlarının mitinqi olmuşdu, bilirsiniz, o, öz partiyasının formalaşdırır, amma Ukraynanın gələcəyində bu partiyanın böyük önəm kəsb edəcəyini düşünmürlər. Düzdür, Odessa daxil olmaqla Ukraynanın cənub regionlarında Saakaşvilinin nüfuzu böyükdür, orada çox populyardır. Sadə ukraynalılar onu populist adam kimi qəbul edirlər, o baxımdan indiyə qədərki fəaliyyətinin nəticələrində müsbət elementlər olsa da, bunu da özünü göstərmək istəyindən gələn fəaliyyət kimi qiymətləndirirlər. Ukraynanın siyasi gələcəyində Saakaşvlinin yeri ancaq idarəçilikdə ola bilər, amma siyasi qərarların qəbulunda onun perspektivini görmürlər. Bəlkə də perspektivi görənlər var, amma o cür düşünən insanlarla rastlaşmadım. Səfərim çərçivəsində iki qrup adamlarla ünsiyyətdə oldum, bir qrup sadə ukraynalılar idi, digər qrup adamlar isə siyasi və eyni zamanda elit təbəqəyə daxil olan professorlar və universitet müəllimləri idi, rəyləri əsasən onlardan aldım.
- Səfəriniz zamanı Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun ölkədən qaçması xəbəri yayılmışdı. Bu informasiyanın əsası varmı?
- Ünsiyyətdə olduğum insanlar Arsen Avakovun ölkədən qaçmaq məsələsini mətbuatın uydurması saydılar. Təbii ki, Avakova münasibətdə birmənalı yanaşma yoxdur. Xüsusilə xanım müavin təyinatı ictimai rezonans doğurub və ətrafında xeyli mübahisələr gedir. Avakov, Savçenko, Saakaşviliyə münasibət birmənalı deyil, bu şəxsləri ciddiyə alan adamlarla çox da rastlaşmadım.
- Bir müddət öncə mediada sabiq baş nazir Yuliya Timoşenkonun aktiv siyasətə başlayacağı, yeni Maydan mitinqlərinə start veriləcəyi haqda yazılırdı. Mitinq işartıları hiss edilirdi?
- Hazırda Ukraynada sakitlik hökm sürür, yeni Maydan hərəkatı əlamətlərini görmədim. İnsanlar Yeni İl bayramı əhval-ruhiyyəsində idi. Siyasi səhnədə yaxın zamanlarda dəyişiklik və təlatüm yaradacaq ciddi hadisə müşahidə etmədim.

 

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com