Masallı Gəyəçöl bələdiyyəsinin sədri icra başçısına güvənir – Narazılığın trayektoriyası

1477643133_1-1 “Masallının Gəyəçöl bələdiyyəsindən yeni qalmaqal” sərlövhəli tənqidi material dərc etmişdik. Yazıda Masallı rayonu, Gəyəçöl kənd bələdiyəsinin keçmiş (əslində, bu sözün burada qətiyyən yerində işlənmədiyi ilə Gəyəçöl sakinləri kimi biz də tamamilə razıyıq) sədri Bəybəla Əsədovun, rəsmi olaraq bu vəzifədən kənarlaşmasından sonra da törətməkdə davam etdiyi özbaşınalıqlardan bəhs olunurdu. Məqalənin başlığında da biz diqqəti belə bir məqama çəkməyə çalışmışıq ki, Bəybəla Əsədovun bütün fəaliyyət dövrü mütəmadi olaraq müxtəlif qalmaqallarla müşayiət olunub. Həm də bu qalmaqallar əksər hallarda sadəcə ictimai müzakirələrlə sona çatmayıb. Ötən yazıda da qeyd etdiyimiz kimi, bələdiyyə sədrinin torpaq maxinasiyaları bir çox hallarda daha arzuolunmaz insidentlərə, o cümlədən əlbəyaxa davalara və döyülmələrə də gətirib-çıxarıb. Məhz elə bir müddət bundan əvvəl baş vermiş belə olaylardan birinin nəticəsində də, Bəybəla Əsədov fiktiv də olsa, tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt dərc olunan məlumatlarda bildirilirdi ki, bələdiyyə sədri əslən Masallı rayonundan olan iş adamı, Rusiya vətəndaşı İlham Abışov tərəfindən ağır xəsarətlər yetirməklə döyülmüşdür. Açıqlamalara görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi də gizli torpaq satışı ilə bağlı aralarında yaranmış mübahisə olub (həqiqətən, başqa səbəb göstərilsəydi, çox təəccüblənərdik). Qeys edək ki, o zaman bu torpaq spekulyasiyasının daha bir iştirakçısı, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi də işdən azad edilmişdi. Lakin, görünür bu vəzifədə onu əvəzləyən Afərin Şükürov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmamışdır. Belə ki, yeni aldığımız məlumatlarda icra nümayəndəsinin Gəyəçöl kəndində törədilən bütün torpaq maxinasiyalarında aktiv iştirak etdiyi bildirilir. Bəybala Əsədov isə, xatırlatdığımız döyülmə olayı səbəbilə, bir müddət Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, törətdiyi maxinasiyaların taktikasında bir dəyişiklik etmək qərarına gəlmişdi. Belə ki, bir tərəfdən özünü sığortalamaq üçün, digər tərəfdən də artıq adının təkcə Masallıda deyil, həmçinin bütün ölkədə həddindən çox tanındığını və deməli lazımsız diqqət cəlb etdiyini nəzərə alaraq, Bəybala Əsədov tutduğu vəzifəni öz gəlini Xəyalə Əsədovaya təhvil verir. Təbii ki, bu zaman bütün faktiki idarəçilik yenə də keçmiş sədrin nəzarətində qalır. Eyni zamanda da, öz acı təcrübəsindən müəyyən nəticələr çıxaran Bəybala Əsədov, bundan sonra artıq fırıldaq əməllərinin qurbanı olacaq adamı müəyyənləşdirərkən, daha ətraflı seçim aparır. Hətta son vaxtlar bu məqsədlə o, daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir. Elə Gəyəçöl kəndində yaşayan Əliyeva Şəhla Haşım qızı tərəfindən təqdim olunmuş ərizədə deyilənlər də bunu təsdiq edir: “Gəyəçöl kəndində yaşadığım ev bizim dədə-baba mülkümüzdür. Bu yaxınlarda isə bilmişəm ki, həmin bizim bu evimiz mənim xəbərim belə olmadan, kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən imkanlı bir şəxsə satılmışdır. Bunun necə mümkün olması mənim ağlıma belə sığmır. Dəfələrlə aidiyyəti olan orqanlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. Bələdiyyə sədri ilə icra nümayəndəsi də, öz çirkin əməllərinə davam etməkdə israrlıdırlar…”

Çox maraqlıdır ki, Bəybala Əsədovun ən müxtəli özbaşınalıqları barədə çeşidli xəbər və məlumatlar dəfələrlə ölkə mətbuatında dərc olunsa da, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu qanunsuzluqların qarşısının alınması istiqamətində indiyədək heç bir addım atılmayıb. Digər tərəfdən də, artıq ardıcıl ikinci icra nümayəndəsinin Bəybala Əsədovun maxinasiyalarına şərik olması, istənilən halda bütün bu olub-bitənlərin bir izinin də məhz icra hakimiyyətinə apardığını deməyə əsas verir…

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq (terefinfo).

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com