Londonda tutulan terror şübhəlilərindən biri azərbaycanlıdır

Britaniya polisi xəbər verir ki, paytaxtın Whitechapel, Bayswater və Peckham rayonlarında keçirilmiş anti-terror əməliyyatı nəticəsində dörd nəfər həbs edilib və hazırda sorğu-sual olunur.

Onlardan biri – 28 yaşlı əslən azərbaycanlı olan Britaniya vətəndaşı Londonun qərbindəki Westbourne Grove ərazisində tutulub.

Bazar günü Londonun Whitechapel, Bayswater və Peckham ərazilərində tutulan şübhəlilər terror aktının hazırlanmasında və ya qızışdırılmasında şübhəli bilinir.

Londonun şərqində həbs olunmuş iki nəfərdən biri 25 yaşlı türk əsilli Britaniya vətəndaşı, digəri isə 25 yaşlı Əlcəzair əsilli Britaniya vətəndaşıdır.

Dördüncü kişi isə 29 yaşlı, Pakistan əsilli Britaniya vətəndaşıdır və o, Londonun cəniub-şərqindəki Peckham ərazisində həbs olunub.

London polisi – Scotland Yard bildirib ki, bu şəxslər terror aktlarının hazırlanmasında və belə aktlara təşviq etməkdə şübhəli bilinənlərə dair 2000-ci il Britaniya qanununa əsasən həbs olunublar.

Silahlı polis adı çəkilən paytaxt rayonlarında 6 ünvana reyd keçirib.

Şahidlər deyiblər ki, polislər mülki geyimlərdə olsalar da, başlarındakı beysbol kepkalarında xüsusi emblem olub.

Təkcə bu il Britaniyada terror işləri ilə əlaqədar dörd məhkəmə prosesi olub. Müttəhimlər böyük terror aktları planlaşdırdıqlarına görə uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər.

2001-2013-cü illər arasında Britaniyada terror maddəsi ilə 330 nəfər məhkum olunub.

Britaniya hökuməti narahatdır ki, Suriyanın qanlı döyüş meydanlarında təcrübə toplamış cihadçılar ölkəyə qayıtdıqdan sonra qanunsuz hərəkətlərə əl ata bilərlər (BBC Azərbaycanca).

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com