İşıqpulunu ödəyə bilməyən əhalinin aqibəti necə olacaq?

esas14

 

Eyyub Hüseynov: “Əhali kommunal xidmətlərdə qiymət artımından çox narahatdır və bu da istehlakçı hüquqlarının pozulmasıdır”.

Xatırladaq ki, noyabrın 28-də Tarif Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat/saatı üçün pərakəndə satış tarifi əhali üçün aylıq elektrik enerjisi istehlakı 250 kilovat/saatadək olan istehlakçılar üzrə 7 qəpik, 250 kilovat/saatdan çox olan hissə üzrə isə 11 qəpik müəyyənləşdirilmişdi. Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik təyin edilmişdi. Amma Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif Şurasının növbədənkənar iclası keçirildi. İclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər apardı. Dəyişikliyə əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırıldı və 20 qəpik müəyyənləşdirildi. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırıldı və 11 qəpik müəyyənləşdirildi.

Tarif Şurası kommunal xidmətlərlə bağlı qərarı dəyişəndə vurğulamışdı ki, 300 kw işıqdan əhalinin 72 faizi istifadə edəcək. Yəni əhali qiymət artımından o qədər də ziyan görməyəcək. Amma işıq qəbzləri gələndə məlum oldu ki, əhalinin 72 faizinə qiymət artımı təsir edib. Hələ söhbət ilk aydan gedir və durumun pisləşməsi getdikcə özünü daha qabarıq göstərəcək. Redaksiyamıza daxil olan şikayətlərdə də əhali kommunal xidmətləri ödəmək iqtidarında olmadıqlarını bildirir. Bəs işıqpulunu ödəyə bilməyən aztəminatlı ailələrin aqibəti necə olacaq?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vahid Əhmədova və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

 

Vahid Əhmədov: “İşıqpulunu ödəyə bilməyən aztəminatlı ailələrin aqibəti barədə hökumət fikirləşməlidir”.

Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü qeyd edib ki, elə ilk aydan əhalinin kommunal xidməti ödəyə bilməyəcəyi məlum oldu:

“Tarif Şurasının dediyi rəqəmlər, fazilər düzgün deyil. Mən bilmirəm Tarif Şurası bu faziləri haradan götürür. Biz Milli Məclisdə də Tarif Şurasının dediyi fazilərin yalan olduğun qeyd etdik. Mən rayonlarda qəbul aparıram və məlum olur ki, əhalinin əksər hissəsi kommunal xidmətlərdə qiymət qalxandan sonra ödəniş edə bilmirlər. Düzdür il təzə başlayıb, amma elə ilk aydan əhalinin bu tarifi ödəyə bilməyəcəyi məlum oldu. Əhaliyə limit kimi 300 kw elektrik enerjisinin verilməsi azdır.

Bildiyimiz kimi Tarif Şurası əhalinin 72 faizin bu limiti keçməyəcəyin deyirdi. Amma hələ ilk ayda bu faizin düzgün olmadığı aydın oldu. Hələ yaxşı ki, cənab prezident limiti 50 kw artırdı. Ümumiyyətlə götürəndə işiqda da, qazda da verilən limit çox aşağıdır. Mən deyərdim ki, bu limit əhalinin yarıdan çoxun əhatə etmir.

İşıqpulunu ödəyə bilməyən aztəminatlı ailələrin aqibəti barədə hökumət fikirləşməlidir. Biz bu məsələləri qaldırmışıq və bununla bağlı Milli Məclisdə çıxışlar etmişik. Onu da qeyd edim ki, işığın, qazın qiymətinin artırılması müsbət addımdır. Yəni imkanlı insanlar üçün müəyyən qədər fərq qoyulub. Amma ümumiyyətlə götürəndə limit aşağı olduğu üçün aztəminatlı ailələrə təsir edir. Məsələnin aztəminatlı ailələr olan tərəfin də hökumət fikirləşməlidir”.

 

Eyyub Hüseynov: “İşıqpulunu ödəyə bilməyən aztəminatlı ailələr üçün dövlət bəzi ölkələrdə olduğu kimi çox mötəcil qərar qəbul edəcək”.

Azad İstehlakçılar Birliyinin sədri isə qeyd edib ki, hökümət əhalinin narazılığın nəzərə alacaq və kommunal qiymətlərdə olan qiymət artımına ciddi dəyişiklik edəcək:

“Mən də razıyam ki, Tarif Şurasının dediyi kimi verilən limit əhalinin 72 faizin əhatə etməyib. Dünəndən başlayaraq bizə də şikayətlər gəlməkdə davam edir. Bu verilən limit əhalinin 30 faizindən çoxun əhatə etməyəcək. Əhali kommunal xidmətlərdə qiymət artımından çox narahatdır və bu da istehlakçı hüquqlarının pozulmasıdır. Həmçinin qiymət artımı hökumətin istehsalçı siyasətinin zəif olmasının bir sübutudur. Mən düşünürəm ki, hökümət əhalinin narazılığın nəzərə alacaq və kommunal qiymətlərdə olan qiymət artımına ciddi dəyişiklik edəcək.

Yəqin ki, işıqpulunu ödəyə bilməyən aztəminatlı ailələr üçün dövlət bəzi ölkələrdə olduğu kimi çox mötəcil qərar qəbul edəcək. Məsələn bir zamanlar Rusiyada belə bir qərar qəbul olundu ki, kommunal xərcləri ödə bilməyən vətəndaşın mənzili əlindən alınsın. Əlbəttə bu pis addım olacaq. Buna görə də əhali ciddi ekanomiya rejiminə keçməlidir. Yəni kommunal xidmətlərdən elə istifadə etməlidirlər ki, limiti keçməsinlər. Əks təqdirdə nə olacaq onu zamanla görəcəyik”.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com