İnkişafdan törəyənlər – Zamin HACI

img1389634
Dostlardan biri iqtidar qəzetindən xəbərin fotosunu poçtuma atmışdı. Başlıq belə idi: “Bu il Azərbaycanda əhali 100 min nəfər artıb”. Alt başlıqda isə yazılmışdı ki, əhalinin təbii yolla artımı inkişafın bir təzahürüdür. 
Əslində təzə “arqument” deyil, yapistlər dəfələrlə, ən ali səviyyələrdə bunu təkrarlayıblar. Düzü, əhalimizin qeyri-təbii yolla artımına necə nail olmaq mümkündür, bunu bilmirəm. Ancaq mövzumuz bu deyil. Adamların çoxalmasının inkişaf təzahürü kimi göstərilməsi maraqlı gəldi.
Görünür bunu yazan adamların Nigeriya və Banqladeşdə əhali artımından xəbərləri yoxdur. Hər ikisi acından ölən bu geridə qalmış üçüncü dünya dövlətləri planetdə illik əhali artımında ilk 10-luqda yer tuturlar. Hər birində illik artım 4-5 milyon nəfərə çatır. Yəni, misal üçün, Banqladeşin 2 illik adam artımı Azərbaycanın tam əhalisi qədərdir. İndi bu qədər banqladeşlidən neçəsi xoşbəxtdir, normal insan şərtlərində yaşayır – bunu bizim yapistlərdən soruşmaq lazım deyildir. Tək onu yazaq ki, Banqladeş BMT-nin insan inkişafı indeksində ən axırıncı yerlərdən birindədir.
Bunlar adamlara da rəqəm, statistika, pambıq planı, neftin barreli kimi baxırlar. Əgər rəqəm çoxdursa, deməli inkişaf var. Əksinə, Avropada adam sayı azalır, deməli, inkişaf yoxdur.
Yeri gəlmişkən, türmələrimizin artımı da bu mənada Avropa ilə müqayisə edəndə mənalı nəticələr verir. Avropanın əhali sayı və ərazi baxımından Azərbaycana nisbətən yaxın dövlətlərindən biri Niderlanddır. Niderlandda son illər türmə böhranı yaşanır – zindanlara doldurmağa dustaq tapılmır. Bunun əsas səbəblərindən biri əhalinin yaxşı yaşamasıdır, o cümlədən, yerli qanunvericilikdə cəzaların xeyli yüngülləşməsidir. Misal üçün, o hərəkət ki, Azərbaycanda adama 10 il həbs cəzası verirlər, onun cəzası Niderlandda 5-10 avro pul cəriməsidir. (Get kralın heykəlinə şüar yaz, meydanda şüar qışqır, nə bilim, cibində nəşə tutsunlar və sairə. Axırıncının ümumiyyətlə cəzası yoxdur).
Nəticədə son illər Niderlandda 19 türmə bağlanıb. Azərbaycan türmə idarəsinin müdiri Hüseyn Əlixanov müəllim isə iki gün qabaq uca millətimizə muştuluq verdi, dedi respublika üzrə daha 6 türmə tikirik.
2013-cü ildə 18 min nəfər olan dustaq sayı indi Azərbaycanda artıb 24 min nəfərə çatıbdır. Qabaqlarına çıxanı tutub türməyə basırlar. Orda da cəzası olan islah edilmir, ən pisi, günahsızlar da kriminala meyllənir. Nəticədə qapalı kriminal dairə yaranır, burdan çıxış yolu görünmür. Cəmiyyətdə isə oğru aləminə, kriminala rəğbət artır, hansısa lotu haqda kitabı klassik Azərbaycan ədəbiyyatından çox tirajda çap edirlər. Tələbat buna imiş.
Hansı rejimdə yaşamağımız xəbərlərin qısa icmalından aydın görünür. Misal üçün, dünyanın hansı başqa ölkəsində 77-ci polis bölməsinin rəisi Filankəs müəllimin 78-ci polis bölməsinin rəisi Behmankəs müəllimin yerinə keçməsi ictimai yükü olan xəbər kimi qəzetlərdə, internet portallarında yer alır?
Yaxud, başqa ölkələrdə, sivil dünyada alimlər elmi araşdırmaları, kəşfləri, kitabları ilə gündəmə gəlirlər, bizdə isə dava-dalaşla. “AMEA Fəlsəfə İnstitutunda dava düşüb, siyasi nəzəriyyələr şöbəsinin elmi işçisi polisə aparılıb” – lap təzə xəbərlərin birində belə yazılmışdı. Əcəb siyasi nəzəriyyədir… Heç işin fəlsəfi tərəfini demirəm. Bəlkə başqa elmi qurum olsa keçərdik, ancaq görün fəlsəfə sahəsində necə deqradasiya yaranıb ki, yeganə vəzifəsi düşünmək olan filosof da başını alim yoldaşına kəllə atmaq üçün işlədir. Deməli, bunlar alim deyil, fəlsəfəyə dəxli olmayan idmançılardır. Bir-birini qana bülənd eləyir, sonra oturub düşünürlər. Hər halda, dövlət büdcəsindən ora pul ayrılır, nəsə düşünmək lazımdır raundlar arası fasilələrdə…
Qaldı əhali artımı göstəricisinə, buna da şükür. Bir ara bizdə mobil telefonların sayı inkişaf göstəricisi sayılırdı, yadımızdadır. Hələ “vızov” sayını demirlər, bunun özü bir inkişafdır (Musavat.com).
Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com