Hüseyn Cavid ayı sona çatdı

cavid4

Dünən Hüseyn Cavid ədəbi məclisi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda (Cavidlər ayının bağlanış tədbiri olaraq) HÜSEYN CAVİD POEZİYA GÜNÜkeçirib.

Tədbiri giriş sözü ilə şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, “Hüseyn Cavid Poeziya Günləri” komissiyasının üzvü İlqar Fəhmi açıb.

O, tədbirlərin keçirilməsinin H.Cavid yaradıcılığının təbliğində mühüm rol oynadığını qeyd edərək, H.Cavid irsinin bundan sonra da araşdırılmasına və təbliğinə ehtiyac olduğunu vurğuladı. Şairin əsərlərinin günümüzdə də aktual olduğunu, oxucular tərəfindən təkrar-təkrar maraqla oxunduğunu qeyd edib.

Sonda Hüseyn Cavid ədəbi məclisinin sədri Kəmaləddin Qədimin və məclis üzvlərinin bu tədbirlərin təşkilində çəkdikləri zəhməti dəyərləndirdi və onlara təşəkkür edib.

cavid3

Sonra məclisin sədri, şair Kəmaləddin Qədim son tədbirləri haqqında məlumat verib və qələmə aldığı bir şeirlə Cavid ruhunun işığına toplaşan qonaqları salamlayıb.

ilk söz H. Cavidin nəşinin gətirilməsində bilavasitə əvəzsiz xidməti olan Həmid Cəfərova verilib. H.Cəfərov bu vaxtadək görkəmli alim və şairlərin Cavid haqqındakı fikirlərini xatırladıb. Cavidə həsr olunan şeirlərin hamısının oxunması bir tədbirə sığışmayacağı üçün onlardan bir qisminin siyahısı ilə auditoriyanı tanış edib.

cavid1

Növbəti çıxış üçün söz “Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirə verilib. Əsəd Cahangir H.Cavidin yaradıcılığından geniş söhbət açıb, səma şairinin əsərlərinin romantikasından, fəlsəfəsindən danışıb. Şairin sirli-sehrli bir ünvana – səmaya bələdçilik etdiyini, özündən sonra bu anlamda yaradıcı insanlara bir yol, bir cığır açdığını vurğulayan tənqidçi H.Cavidin bir şeiri ilə çıxışını başa çatdırıb.

Respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov təkrarolunmaz səsi və ifadə tərzilə fasilələrlə H.Cavidin əsərlərindən parçalar səsləndirib.

cavid2

Şair Oktay Rzanın çıxışından sonra söz şair-publisist Mübariz Məsimoğluna verilib. O, Cavid dühasının yaratdığı əsərlərin Azərbaycan ədəbiyyatındakı önəmli yerindən, onun bütün əsərlərində fəlsəfənin ön planda dayandığından, Cavid fikrinin qətiliyindən və milliliyindən danışıb.

Məclisin üzvlərindən filoloq-alim, şair Adilə Nəzər H.Cavidin “Görmədim” qəzəli ilə və özünün “Ya hu” şeiri ilə şairin ruhunu şad edib.

Filoloq-alim, şair-publisist Nizami Muradoğlu çıxışında şairin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Sonra şairə həsr etdiyi əsərlərindən danışıb, Cavid irsinin araşdırıcısı olduğundan məsuliyyət və fəxr duyduğunu deyib. N.Muradoğlu Hüseyn Cavidə həsr etdiyi şeirlərindən birini səsləndirərək çıxışını bitirib.

cavid

Məclis üzvlərindən şair İbrahim İlyaslı, Ayaz Arabaçı, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Aləm Kəngərli, Nəriman Zeynalzadə, Ələsgər Talıboğlu, Surxay Qocayev, Südabə Səlvi, Sərvər Məsum, Arzu Nehrəmli, Səmayə Səma və başqalarına söz verilib

Tədbir iştirakçılarından professor-şair İsgəndər Cəfərov, şairlərdən Güləmayıl, Akif Azalp, Kamil Məhərrəmoğlu, Firudin Şahbuz, Binnət Əsgər, Rafael Həbiboğlu, Turan Novruzlu, Mərcan Şahbuzlu, Maşallah Məftun, Zakir Ağdamlı, Yaşar Qafqazlı, Səadət Novruzqızı və başqaları çıxış ediblər.

Toplantı Ağalar Bayramovun H.Cavidin səmaya qalxan şad ruhu və şairin portreti qarşısında susan və solan qərənfillərin fonunda söylədiyi şeirlə sona çatıb.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com