Geniş problemlərin dövləti

za03

 

Bu yaxında bir yazımda SSRİ əleyhinə iki-üç cümlə yazmışdım, bundan sonra kağızda yazılmış, klassik formalı məktub aldım

Bakıda yaşayan bir idiot həmin yazımı qəzetdən kamali-ədəblə kəsib, üstünə də nəsə cızmaqara eləyib göndərmişdi. Düzü, tam dəqiqliklə oxuya bilmədim – onun cızmaqarası mənim yazımın hərflərinə qarışmışdı. Ancaq bir-iki yerdən təxminən başa düşdüm ki, zəhmətkeşə SSRİ-nin tənqidi mənfi təsir edibdir və mənim ünvanıma söyür.

Azərbaycanın ziddiyyətlər, analoqu olmayan anormallıqlar ərazisi olmasının daha bir sübutu elə bu SSRİ-yə münasibətdə həmişə üzə çıxır. Ruslar və bolşeviklər bizim ölkəmizi, müstəqil dövlətimizi 1920-ci ildə işğal ediblər, hələ bundan qabaqkı Türkmənçay, Gülüstan müqavilələri ilə paramparça edilən xalqımızı heç demirəm. Tarixi faktlar, elə rus imperiyasının arxiv sənədləri var ki, Şimali Azərbaycan ərazisinə, konkret Qarabağa on minlərlə erməni məhz 19-cu əsrdə rusların vasitəsilə köçürülüb, erməni-türk say nisbəti bizim zərərimizə dəyişdirilib, indiki faciələrimizin əsası qoyulub. Ancaq bəzi zəhmətkeşlərimiz hələ də məmnuniyyətlə işğalçı rus imperiyasının, işğalçı sovetlərin həsrətini çəkir, təbliğatını aparır.
20 yanvar günü Şəhidlər Xiyabanına axışıb süni göz yaşı axıdan adamlar daha sonra SSRİ-ni eyni şövqlə tərifləyirlər. Bu, idiotizm deyilmi? O qurbanların nəyin uğrunda həlak olmasını bəlkə unutmusunuz? Başa düşürəm, indi də hakimiyyətdə elə sovetlərin, bolşeviklərin oğul-uşaqlarıdır, köhnə komsomolçular cildə girib yalandan liberal, qərbpərəst olublar, ancaq ağını çıxartmaq lazım deyil. Rusiya ilə Qərbin bir çox fərqləri var, ancaq siz yırtıcılar üçün əsas vacib fərq, məncə, budur: ruslar gələndə getmək bilmir, Qərb gəlməyəndə isə vəziyyət çətinləşir, yalvarırsan ki, gəlsinlər. Qədrini, fərqini bilin. Amerikanı mən də çox tənqid edirəm, ancaq insaf dinin yarısıdır, dünyada Amerikanın “tutduğu” yerlərə də baxın, rusların, sovetlərin tutduğuna da, nəticəni çıxardın. Misal üçün, heç kim Cənubi Koreyadan Şimali Koreyaya qaçmaq istəmir. Adamlar Almaniyanı, Yaponiyanı, Fransanı, İtaliyanı qoyub Kubaya, Anqolaya, Vyetnama, lap elə Bolqarıstana və Rumıniyaya mühacirət etməz.

Sovetlərin zülmünü görmüş bəzi xalqlar onu faşizmə bərabər sayıb təbliğatını qadağan ediblər. Mən söz və ifadə azadlığı tərəfdarı kimi, əlbəttə, SSRİ-ni tərifləyənlərə qadağa qoymaq istəmirəm. Qoy hər kəs istədiyi zəvzəkliyi eləsin, ancaq lüstrasiya mütləq olmalıdır. SSRİ-də vəzifə tutanları müstəqilliyə yaxın buraxmaq lazım deyildi. Azərbaycanlıların əsas səhvi bu oldu, indi də altını çəkirik. Çərənləyirsən – buyur, ancaq idarəçilikdə yerin ola bilməz.

Tarixçilər deyir ki, Napoleon Rusiyaya hücuma keçəndə onu şaxta və ərazinin Avropa standartına uyğun gəlməyən ölçüsüzlüyü (bezrazmer) məğlub etdi. Doğrudan da, Napoleonun Rusiyaya girən 600 minlik ordusundan Borodino döyüşünə cəmi 130 mini qatılmışdı. Qalan əsgərlər sərhəddən Borodinoya qədərki gen-bol ərazidə, müxtəlif şəhərlərdə qarnizonlar şəklində dağılmışdı. Elə almanlar da 1941-45-də təxminən bu problemlə üzləşdilər və cəbhə xəttinin genişliyinə əsgər çatmadı. Bu mənada, indi Rusiya səfirinin Ankarada öldürülməsindən təşviş keçirənlər, hansısa dünya savaşından, bunun Türkiyəyə, o cümlədən bizə zərərlərindən danışanlar çox da narahat olmasın. Rusiyanın heç tükü də tərpənməyəcək. Onlar üçün bu, adi prosedur qaydasıdır. Adam ölümü, insan faciələri Rusiyanın geniş çölləri arasında sadəcə it-bata düşür. Hələbdə rusların bir neçə yüz dinc sakini bombalayıb öldürməsindən narahat olan dünya bu ölkəni hələ anlamayıb. Onlar üçün yüzlərlə ölü statistikadır. Putinin “Kursk” qayığı batanda dediyi kimi: “Onlar batdılar”. Vəssalam.

Elə Hələb döyüşləri ilə eyni vaxtda Rusiyanın İrkutsk şəhərində 50 nəfərə yaxın adam yemişan ekstraktı adlı zəhərli spirtli maddəni içib öldü. Ümumən 2015-ci ildə metanol spirtli zəhərli maddələri içib ölən rusların sayı, sizcə, nə qədər olub? 13 min nəfər! Təsəvvür edirsinizmi? Necə heyvərə dövlət olasan ki, bu qədər insanın ölümü kimsəni tərpətməsin? Müqayisə üçün rəqəm yazım: SSRİ-nin 1979-1989-cu illərdə Əfqanıstan müharibəsində itirdiyi əsgər sayı cəmi 15 min nəfər olub. 10 ildə. Yəni indi Rusiyanın 1 ildə zəhərli “araqlardan” itirdiyi adam sayı bundan cəmi 2 min nəfər azdır.

Zamin HACI(musavat.com)

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com