GDU-da Teymur İsmayılov qruplaşması – İDDİA

1475212342_0001

 

Redaksiyamıza Gəncə Dövlət Universitetindən daxil olan məlumatlarda, bu ali təhsil müəssisəsinin son zamanlar Coğrafiya kafedrasının dosenti Teymur İsmayılovun az qala tamamilə “girovuna” düşməsindən bəhs edilir.

Bu barədə açıqlama verən mənbələr ilk növbədə belə bir maraqlı və eyni zamanda da anlaşılmaz faktı diqqət mərkəzinə çəkirlər ki, Teymur İsmayılovun özü də, onun həyat yoldaşı, GDU-nun Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva da ixtisasca kimyaçıdırlar.

Lakin bu fakt bəlkə də Teymur İsmayılovun fəaliyyətilə bağlı onun həmkarlarını, GDU-nun kollektivini narahat edən ən əhəmiyyətsiz səbəblərdən biridir. Məsələ bundadır ki, universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirməkdədir. Eyni zamanda da iddialara görə, bu ali təhsil müəssisəsində baş verən bütün rüşvətxorluq və korrupsiya əməllərinin başında da məhz bu şəxs durur.

Məsələn, bizə təqdim olunan məlumatda vurğulanır ki, son qəbul zamanı, GDU-nun bəzi fakültələrində nəzərdə tutulmuş qabiliyyət imtahanlarının gedişində məhz Teymur İsmayılov hər abituriyentdən tələb olunan rüşvətin məbləğini 3000 manat qədərində müəyyən etmiş və bu pulların yığılmasına da şəxsən nəzarət etmişdir.

Lakin mənbələr bildirirlər ki, Teymur İsmayılov GDU-ya nəzarəti heç də təkbaşına həyata keçirmir. Bu məqsədlə o, özəyi öz həmyerlilərindən (Teymur İsmayılov əslən Gürcüstanlıdır – red.) ibarət olan xüsusi qruplaşma da yaratmışdır. Açıqlamalarda bu qruplaşmanın ən fəal üzvlərindən biri kimi Coğrafiya kafedrasının daha bir dosenti, Rəşad Nuriyevin adı çəkilir. Maraqlıdır ki, Coğrafiya kafedrasının bu dosenti də ixtisasca bioloqdur. Mənbə bildirir ki, Rəşad Nuriyev təkcə öz kafedrasında deyil, ümumiyyətlə bütün universitetdə bir çox məziyyətləri ilə diqqəti çəkən, ən məşhur fiqurlardan biridir. Məlumata görə, bir vaxtlar Gəncədə fəaliyyət göstərən özəl “Ekologiya Universiteti”ndə müəllim işləmiş və həmin universitetdə rektoratın pul yığanı kimi tanınmış Rəşad Nuriyev, bu müəssisə fəaliyyətində aşkar olunmuş bir çox qanun pozuntuları səbəbindən bağlandıqdan sonra GDU-ya “transfer olmuşdur”. Burada işlədiyi müddət ərzində həmkarlarına və rəhbərliyə böhtan və şər atmağı, şantaja meyilliyi ilə tanınmış Rəşad Nuriyev, həm də dəfələrlə məhkəmə araşdırmalarının iştirakçısı da olmuşdur. Lakin bir dəfə məhkəmə qərarı ilə ona qarşı tətbiq olunmuş cərimə sanksiyası əlbəttə ki, Rəşad Nuriyevi öz xasiyyətini dəyişməyə qətiyyən sövq etməmişdir. Əksinə, məhz bu böhtançı cəhətləri sayəsində, 1 dənə olsun belə dərs vəsaitinin müəllifi olmayan Rəşad Nuriyev hətta universitetdaxili professor adına da sahib olmuşdur. Həmçinin onun pensiya yaşına çatmasından artıq 10 ildən də çox keçsə belə, bu “professorun” təqaüdə çıxmasından söhbət belə gedə bilməz.

Teymur İsmayılovun qruplaşmasının digər maraqlı bir üzvü də Ramin Abbasov adlı bir şəxsdir. Mənbə bildirir ki, qruplaşmaya qoşulmazdan öncə Ramin Abbasov GDU-nun sıravi laborant əməkdaşlarından biri idi və universitetdə daha çox Pedaqoji fakültədə yaşadığı eşq macəraları ilə tanınırdı. Teymur İsmayılovun qruplaşmasına daxil olduqdan dərhal sonra isə, “klan” onu yarım ştat (hələlik) müəllim vəzifəsinə təyin edib…

Qeyd edək ki, bizə təqdim olunan məlumatlarda istər Ramin Abbasovun müəllim kimi təsdiq olunmasında, istərsə də Rəşad Nuriyevə professor adının verilməsində yer almış qanun pozuntularına, daha dəqiq desək faktiki saxtalaşdırma hallarına dair konkret dəlillər də təqdim olunur. Lakin onları ictimailəşdirməkdən öncə müəyyən dəqiqləşdirmələr aparılmalıdır ki, bununla bağlı da tərəfimizdən müvafiq qurumlara sorğular artıq göndərilib. Növbəti saylarımızda həmin dəlilləri sizə də təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik (Dia.az). 

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com