Dünənki kimi

img1389634

 

Təzə bir deputat ağzını boş qoyub milləti söyübdür, millət isə çox qəzəblənibdir. Nəticə nə olacaq? Dünənki kimi – bir anekdotda deyilən kimi.

Həmin anekdotda dovşan minirdi avtobusa, qışqırırdı içəridəkilərin üstünə: “Mənə yer verin, yoxsa dünənki kimi olacaq!”. Bu zaman bir canavar dözmür, dovşanı vurur. Heyvanların qalanları maraqla soruşurlar ki, dünən necə olmuşdu. Dovşan deyir: “Elə dünən də belə olmuşdu”.

Quba və İsmayıllı hadisələri də hansısa yapistin camaatı söyməsi üstündə olmuşdu, biz hələ o hadisələrə görə şərlənib tutulanları türmədən buraxdıra bilməmişik. Misal üçün, İlqar Məmmədov hələ də həbsdə saxlanılır. Demək indi deputat Astan Şahverdiyevin xalqı söyməsi əhvalatından nəsə müsbət nəticə gözləmək mənasızdır. Xalqın çoxu savadsız, dünyagörüşsüz olan ərazilərdə dövlət qurmaq, demokratik mühit yaratmaq çox çətindir. Saparmurad öləcək, Qurbanqulu gələcək. Soveti yıxacaqsan, yerində qurulan yenə Sovet olacaq. Sadəcə, yüngülvari adı, bütləri, bayrağının rəngləri dəyişilmiş sovet hökuməti olacaq. Başqa cür mümkün də deyil. Xiyar tağı armud gətirə bilməz. Dindarların yanlış fikrindən fərqli olaraq, insan meymundan əmələ gəlməyibdir. İnsanın əmələ gəldiyi meymunlar tamam başqa meymunlardır, indi bizim gördüklərimiz deyildir. (Lap o “bu əsl islam deyil” söhbətinə bənzədi, neləyək, qoy belə qalsın).

Deputatı söyürük, ara yerdə yadımıza batan neftçilər düşür. Əlbəttə, düşmür, misal üçün yazdım. Neftçilər insandır, insan bu ərazidə kimə maraqlıdır? Burada neft, pambıq, dünya şöhrəti, Avropa Oyunları, ASAN-xidmət-zad lazımdır. İnsan axırıncı dərəcəli şeydir, üstəlik ildə 100 min artan bir şeyin hərdən beş-on nəfər azalmasından qorxu yoxdur.

Əks halda, kimsə sual verərdi ki, nə üçün o neftçilər estakadada, küləkli havada xilasedici jiletlərsiz olublar? Sən dükandakı yanğınsöndürmə balonu oyuncağını azca yanpörtü assan fövqəladədən əlli adam tökülüb gələr. Burda isə heç kimin vecinə deyil. Xilasedici jiletlər əyinlərində olsa o neftçilərin cəsədini tapmaq da asan olardı.

Həmçinin, bizim mənasız qürur yerimiz olan bir “Neft daşları” söhbəti var. Dünyada ilk su şəhəri-zad… Ancaq heç kim soruşmur ki, nə üçün sivil dünyada neft çıxartmaq üçün belə axmaq və təhlükəli estakadalar, budkalar şəhəri qurmurlar. Səbəb çox sadədir: SSRİ-nin o tərifli “elmi” üzən qazma qurğuları düzəldə bilmirdi! Məcbur idilər dənizdə şəhər salsınlar, estakada qursunlar. İlk sovet qazma qurğusunun mexanizmini KGB agentləri ABŞ-ın Meksika körfəzindəki qazma qurğusundan oğurlayıblar, 1979-da düzəldiblər. Bu, “Kaspmorneft”, müstəqillik dövrümüzdə dəyişdirilib “Dədə Qorqud” adı qoyulan üzən qazma qurğusudur.

Sözgəlişi, mən vaxtaşırı eksperiment aparıram, bu günlərdə yenə yoxladım ki, ölkəmizdə azadlıq indeksi hansı vəziyyətdədir. Bunun çox sadə üsulları var. Misal üçün, insanların SSRİ-yə və dinə münasibətindən onun azadlığa münasibətini yoxlamaq çox asandır. Bunun üçün SSRİ-nin dağılma gününün 25 illiyi münasibəti ilə sosial şəbəkədə SSRİ əleyhinə bir-iki söz yazdım. Xeyli “qurbanqulu və saparmurat” ortaya çıxdı. Məlum oldu, adamlar SSRİ-nin bərpasını istəyirlər. Çünki o vaxt dağılmasında qeyri-səmimi iştirak ediblər. Küyə gediblər. Başa düşməyiblər azadlıq və müstəqillik nə üçün lazımdır. Azərbaycanlıların SSRİ-yə münasibəti indiki yapist rejimə münasibəti ölçmək üçün əsl vahid rolunu oynayır, çünki hazırkı rejim eynilə SSRİ-nin təkrarıdır. Həmin kadrlar, həmin partiya, həmin bütlər, həmin təbliğat və idarəçilikdir. Yalnız rəng dəyişiblər, cildə giriblər. Tərəfdarlar və yaltaqlar da həminkidir.

Bu toplumla harasa gedib çıxmaq çətindir. Həmişə dünənki kimi olacaq. Beş-on nəfər istisna heç nəyi dəyişmir. Necə ki, bataqlıqda yaşayan ördək palçıq iyi verir. Baxmayaraq uçur, hətta gül-çiçəkli ölkələrə də gedir.

Zamin HACI

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com