Bu tərəfdə komfort, o tərəfdə el töhməti..

img2283946

 

Cəm şəkildə ayağa qalxaraq haqq-ədalət (bəzən də çörək, işıq, su, qaz) tələb edənlərin “narkoman”, “alkaş”, “başıpozuq”, “tör-töküntü” adlandırılması ilk dəfə deyil.

Biz elə damğalamaları, köpüklənən ağızlardan sıçrayan nifrət seliyini çox görmüşük.

Ən yeni tariximizdə bu cür damğaya Kamran Bağırovun dönəmində rast gəldik. Ermənilər ellikcə ayağa qalxıb Qarabağı tələb edəndə bizim ayağa qalxan 200-300 nəfərlik qruplara damğa vuranlar vardı.

Sonra Vəzirovun dönəmində də elə oldu. Ölkənin rəhbəri milli-azadlıq hərəkatının liderləri ilə müntəzəm görüşlər keçirirdi, ancaq orta ranqlı məmurlar, deputatlar fürsət düşdükcə meydana çıxanları “narkoman”, “başıpozuq kütlə” adlandırırdı.

Ayaz Mütəllibovun dövründə daha betər idi. Bir ara (1990-91-ci illərdə) hakimiyyət özünü güclü sayırdı deyə yenə azadlıq və ədalət tələb edənlər “narkomanlar”, “tör-töküntü” olmuşdu.

Hakimiyyətlər nə qədər dəyişsə də, el-oba, camaat, xalq üçün nəsə tələb edənlərin adı dəyişmir, onlar hələ də “narkoman”, “əyyaş, “tör-töküntü”dürlər.

Axırıncı dəfə bu ifadəni deputat Astan Şahverdiyev işlədib. Deputat Biləsuvarda yerli hakimiyyət qurumlarına tələb irəli sürən cəbrayıllı eloğlularını təhqir edib, amma elə məsuliyyətsiz sözlər işlədib ki, bütün xalq o sözü öz üzərinə götürüb.

Cəbrayıllı “narkoman” və “əyyaş”ların günahı nədir? Heç nə. Onlar hökumətdən nə ucuz narkotik maddələr tələb edirlər, nə də müftə spirtli içkilər. Bu adamlar yaşamaq üçün zəruri olan çörək, su, yanacaq kimi şeylər istəyirlər.

Astan müəllim gərək razılaşsın ki, hər kəsin, hər vətəndaşın öz dövlətindən belə şeylər tələb etmək haqqı var.

Əgər bir (və ya beş) adam həqiqətən də narkotik maddə və ya içki aludəçisidirsə, bu durum yenə də onun hökumətdən nəsə tələb etmək haqqını əlindən almır.

Rusiyaya iş, çörək dalınca gedənlərin “millətin tör-töküntüsü” (deputatın təbirincə desək, “otxod”u) adlandırılmasına gəlincə, bu, sadəcə olaraq dilə gətirilməsi mümkün olmayan ayıb bir söhbətdir.

Bu ölkənin yüz minlərlə vətəndaşı dolanışıq üzündən başqa bir ölkəyə gedirsə, bu, o deməkdir ki, onlar bu ölkədə məhz Astan kimilərin üzündən iş, çörək tapmayıblar. Kim öz doğma el-obasını, əzizlərini, rahat iş-gücünü, mülayim iqlimli ölkəsini qoyub, uzaq, yad, soyuq ölkələrə pənah aparar, orda it-qurdla boğuşa-boğuşa bir parça çörək qazanmaq istəyər?

Hər kəsə əyandır ki, son 20 ildə Rusiyadan minlərlə həmvətənimizin meyiti gəlib. Sanki oralarda bir cəbhə xətti var və müntəzəm döyüş gedir, o üzdən itki verməyə məhkumuq.

Reallıq budur. Həmvətənlərimiz uzaq ellərdə çox pul qazanırlarsa da, həyatlarını təhlükə altına qoyurlar.

Əslində o “otxod” adlandırılan adamların bu ölkədən getməsi astanların şansıdır. Onlar getməsəydilər və ölkədə qalan ailə üzvlərini, yaxınlarını, qohum-əqrəbalarını dolandırmasaydılar, ac və kasıb kütlə çoxdan astanların üstünə kükrəmiş olardı.

İndi 1 milyon 300 min iş yeri açmaqdan danışırlar. Bu, o deməkdir ki, cəmi 10-15 il əvvəl bu ölkədə 3-4 milyon işsiz adam varmış, onlardan milyon yarımı xaricə gedib, milyon yarımı da burda iş tapıb. (Hələ o da burda qalanlarla bağlı statistika gerçəkdirsə…).

Astan Şahverdiyev bu cür sözlər dilə gətirən yeganə deputat deyil. Onun həmkarları da vaxtaşırı təmsil etdikləri milləti, ayrıca götürülmüş camaatı aşağılayan, təhqir edən ifadələr işlədirlər. Az qala hər gün biri “quşlayır”.

Prinsipcə, bir deputatın bu ritorika ilə ikinci dəfə seçkilərdə uğur qazanması mümkün deyil və yaxşı ki, heç kəs də bunun belə olduğunu iddia etmir.

Hamı bilir ki, Astan kimilər parlamentə millətin səsi ilə yox, bir neçə superseçicinin iradəsi əsasında üzv olurlar. Onların mandat qazanmasında millətin bir misqal rolu olsaydı, onlar özlərini millət qarşısında borclu bilərdilər.

Ancaq bu adamlar özlərini mandatverənlərin qarşısında borclu bildikləri üçün daima hakimiyyətin yanında yer alır və camaatla üzbəüz durur, sərvət və komfortla yanaşı, el qınağı, xalq töhməti qazanırlar.

Xalid KAZIMLI

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com