Böyük Partlayışın dalğaları

img1389634

 

2016-cı ilin bitməsi münasibətiylə internetdə rastıma çıxan iki zarafatı burda bölüşmək istərdim.

Məncə vəziyyəti dəqiq qiymətləndiriblər. Birində yazmışdılar ki, 1916-cı il bitirdi, ruslar evlərində oturub fikirləşirdilər gələn il daha yaxşı olacaqdır. İkinci yumor isə daha beynəlmiləl və incəsənət xarakterli idi: “2016-cı ilin ssenarisini Kventin Tarantino yazmışdır”.

Doğrudan da, son illər dünyanı terror, müharibə və başqa qırğınlarla təəccübləndirmək çətindir, ancaq sanki 2016-da bunlar bir az çox oldu. Statistikaya baxmamışam, müqayisə üçün rəqəmlər əlimdə yoxdur. Ancaq ola bilər terrorun və insan ölümlərinin artmış kimi görünməsində informasiya texnologiyalarının inkişafı da böyük rol oynayır. Misal üçün, indi sən Qax meşəsində gəzəndə belə əlindəki mobil telefonun interneti vasitəsiylə Boliviyada avtobusun dərəyə yuvarlanması və 10 nəfərin ölməsi xəbərini oxuyursan. Ancaq cəmi 22 il qabaq, 1994-cü ildə Ruandada genosid olanda, hutu xalqı 1 milyona yaxın tutsi xalqının üzvünü öldürəndə bunu Azərbaycanda bəlkə heç 10 adam bilmirdi.

Bu mənada, bizim internet resurslarının, qəzetlərin xəbər siyasətindən də narazıyam, məsələn, şəxsən mənə məlum deyil nə üçün biz hansısa ucqar ölkədə yol qəzasını xəbər eləyib Azərbaycan xalqına sırıyırıq. Başa düşürəm, ayrı temalarda yazmağa imkan vermirlər. Ancaq heç olmazsa güldən-bülbüldən yazın, milləti aqressiv, pessimist, ölüvaylıq yayan və heç bir önəmi olmayan bədbəxt hadisə xəbərləri ilə yükləməyin. Hesab edin bu mənim yeni il arzularımdan biridir.

Partlayışların çoxluğunu dünyanın yaranması haqda elmi-fiziki nəzəriyyələrlə də bağlamaq olar. Doğrudan da, əgər bu dünya Böyük Partlayış nəticəsində yaranıbsa, indi orda-burda xırda-xırda partlaması təbii hadisədir. Fiziklər buna bənzər termindən: relikt şüalanması, yaxud kosmik arxa fon elektromaqnit mikrodalğasından danışırlar. Sadə yazsaq, Böyük Partlayışdan qalma dalğaları indiyəcən də Kainatda müşahidə eləmək mümkün imiş. Yəni, bu xarabanın kökü belə qoyulubdur. Partlamasa, dayana bilmir. Bunu da 2016-cı ildə müxtəlif terror və savaşlarda əzizlərini itirən insanlara təskinlik üçün yazıram. Necə deyərlər, elnən gələn dərd-bəladır, neyləmək olar.

Ölkəmizin iqtisadi planda böhranı ilə yadda qalan ili yapistlər uğurlu il kimi qeyd etdilər. Bu da maraqlı hadisədir. Məsələn, dünən dostlar hökumətin hazırladığı, 2025-ci ilə qədərki strateji yol xəritəmizdən bir cümləni tapmışdılar: “Rekonstruksiya nəticəsində istismardan çıxarılmış kabellərdə olan mis xammalın realizasiyası üsulları təhlil ediləcəkdir”. Kabellərdən metal qırıntısı toplamağı bu cür dəbdəbəli qələmə vermək də bir istedaddır. O məşhur anekdotda deyilən kimi: “Mənimki də qədim peşə sahibidir, ancaq sənin kimi təqdim edə bilmirəm”. (Bilənlər bilməyənlərə danışsın, 18 plyusdur, yaza bilmərəm).

Kabel demişkən, dünən sabiq MTN-in adamlara qanunsuz qulaq asma idarəsinin müdiri olmuş general Natəvan Mürvətova adlı xanımın istintaqa ifadəsini oxudum. Mürvətova deyib ki, qanunsuz dinləməni nazir Eldar Mahmudovun göstərişi ilə eləyib. Bu, Mahmudovun əleyhinə birinci ifadə deyil. Ancaq nədənsə ona cinayət işi açılmır. Həmçinin, Mürvətova Rabitə Nazirliyinin də insanları qanunsuz dinlədiyi faktlarını açıqlayıb. Düzdür, həmin rabitəçilərin bir çoxu hazırda türmədədir, ancaq maraqlıdır ki, onlara verilən ittihamlar arasında insanları qanunsuz dinləmək maddəsi yoxdur. Bunu necə başa düşək?

Əlbəttə, necə lazımdırsa, dövlətçilik nə cür tələb edirsə, o cür anlamalıyıq. Amerikada qəzada həlak olan neftçinin ailəsinə 8 milyon dollar, bizdə isə 1000 manat verirlər. Niyə, çünki bizim vətəndaş gözütoxdur! Dövlətdən pul istəməyə utanır, fikirləşir, bizim Qarabağ dərdimiz var. Öncə vətəndir. Qoy kasıbların uşağı cəbhəyə gedib ölsünlər. Estakadadan dənizə tökülsünlər. Bankdan kredit götürüb intihar eləsinlər. Qismət belədir, mollalar demişkən.

Özü də bizim inkişafımız o qədər güclüdür ki, 2017-ci ilə istifadə edilməmiş bir neçə vitse-prezident vəzifəsi də aparırıq. Ehtiyatda bu qədər vəzifə qalıbdır. Vəzifə profisiti, bolluğu adlandırmaq olar. Gələn il xaricə vəzifə satıb bəy kimi yaşayarıq.

Zamin HACI

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com