Kəmaləddin Heydərovun cah-cəlalı: zavodlar, Ağ saray, qızıl və brilyant çılçıraqlar… VİDEO

meh-kam

Azərbaycanda son dövrlər əsas müzakirələrdən biri böhrandan sonrakı vəziyyət və neft pullarının aqibəti ilə bağlıdır. Büdcə müzakirələri zamanı da həm parlamentdə, həm də ictimai-siyasi xadimlər, ekspertlər milyardlarla neft pullarının hara getməsi, insanların yaşayışının pisləşməsi, iqtisadiyyatın geri getməsi, monopoliya və digər vacib məsələlərlə bağlı suallar verdilər. 
Bəzi deputatlar hətta iri miqyaslı məmurların biznesləri ilə bağlı danışmağa cəhd etdilər. Biz də bundan əvvəlki reportajlarımızda bəzi deputat-məmur-oliqarxların böyük miqyaslı mülklərini, bizneslərini oxucularımıza təqdim etdik.

Criminal.Az xəbər verir ki, Abzas.net və SANCAQ olaraq bu dəfə də ölkənin ən “bərkgedən” nazir-oliqarxının biznes imperiyasına işıq salmağa qərar verib. Bəli, söhbət fövqəlnazir Kəmaləddin Heydərovdan gedir.

Bu nazirlə bağlı cəmiyyətin bir hissəsində belə söhbət dolaşır ki, Kəmaləddin Heydərov digər nazirlərdən yaxşıdır, çünki o kütləvi şəkildə iş yerləri açıb, yüzlərlə, minlərlə ailənin dolanmağına kömək edib. Amma nəzərə alsaq ki, ölkədə monopoliyanın başında duranlardan biri də bu nazirdir, onda əks bir sual meydana çıxır: Monopoliya sayəsində nə qədər insan, sahibkar qazanc əldə etməkdən məhrum olub?
Heç kəsə sirr deyil ki, fövqəladə hallar nazirinin Azərbaycanda və xarici ölkələrdə nəhəng biznes imperiyası mövcuddur. Azərbaycan mətbuatından bu mövzu ilə bağlı zaman-zaman araşdırma materialları dərc olunub.
Kəmaləddin Heydərovun biznes imperiyası ilə bağlı indiyə qədər müxtəlif siyahılar çıxıb. Bütün siyahılarda da böyük biznes subyektlərinin sayı yüzlərlədir. Ona görə fövqəlnazirin əsas şirkətlərinin bir hissəsini təqdim edəcəyik. Eyni zamanda oliqarx-məmurun Qəbələdə yeni tikdirdiyi villasından fotoları təqdim edəcəyik.
Nazirin nəhəng biznesi nə zamandan başlayıb? 
Fövqəlnazir Kəmaləddin Heydərovun ailəsinə məxsus olduğu bildirilən və heç vaxt təkzib olunmayan “Gilan Holdinq” şirkətlər qrupu Azərbaycanda 90-cı illərin ortalarından fəaliyyətə başlayıb. Holdinqin sürətlə böyüməsi Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsinə rəhbərlik etməyə başlamasından sonrakı dövrə təsadüf edir.
Contact.az saytının bir neçə il əvvəl dərc etdiyi məqalədə deyilirdi ki, qohumluq münasibətləri Heydərovları Qəbələ rayonuna daha sıx tellərlə bağladı: Baba Fəttah  Heydərov artıq neçə çağırışdır ki, bu rayonun əvəzolunmaz deputatıdır, K. Heydərov isə bu rayonun mümkün olan bütün biznes sahələrinə nəzarət edir, nəvələr isə rayonda idmanın inkişafında xidmətlərini göstərirlər. Biznes ölkə hüdudlarını da aşaraq, Britaniya, Almaniya, Baltika ölkələri və başqa ölkələri də sarmışdır.
Amma Qəbələ Heydərovların yeganə biznes məkanı deyil. Şəbəkə ölkənin demək olar ki, bütün bölgələrini əhatə edir. Şirkət idxal-ixrac əməliyyatları daxil sahibkarlıq fəaliyyətinin əksər sahələrində öz bacarıqlarını sınamaqdadır. Amma üstünlük verilən tikinti və daşınmaz əmlak, tikinti materialları istehsalı, qida sənayesi, üzümçülük və şərabçılıq, kənd təsərrüfatı, pambıq və tekstil, topdan və pərakəndə ticarət, bank və sığorta işi, otelçilik və turizm  sahələridir. Bəzi sahələrdə qrupa daxil olan şirkətlər inhisar vəziyyətindədirlər.
İctimaiyyətin tanımadığı “milyarder” 
Rəsmi açıqlanan məlumatların müqayisəli təhlili göstəriri ki, hazırda “Gilan” maliyyə-sənaye qrupunda 300-ə yaxın şirkət birləşir və müəssisələrdə 12 mindən çox adam çalışır. Holdinqin saytı illərdən bəri yenilənmədiyi üçün daha etibarlı məlumat əldə etmək olmadı.
Holdinqin dövriyyəsi haqqında da yalnız ehtimallar irəli sürmək olar, baxmayaraq ki, qanunvericiliyə əsasən, qrup konsalidə olunmuş (birləşdirilmiş) illik maliyyə hesabatını hər il kütləvi informasiya vasitələrində və oz korporativ saytında açıqlamalıdır. Amma bu rəqəmin bir neçə milyard manatla ölçüldüyü şəksizdir.
Qrupa Cəmil Muradov rəhbərlik edir. Lakin cənab Muradov nə zamansa mətbuatın qarşısına çıxmadığı üçün ona bu barədə, eləcə də qrupun nə dərəcədə nümunəvi vergi ödəyicisi olması barədə sual vermək imkanı yaranmayıb.
Qanun qadağa edir, amma yüksək vəzifəli məmurların nəhəng biznes imperiyası var
Məmurların və deputatların qanun buna izn verməsə də, bizneslə məşğul olmaqları heç kəsə sirr deyil. Bu məsələdə iqtisadiyyat üçün təhlükəlisi odur ki, məmur (deputat)-biznes tandemi inzibati resurslardan yararlanmaqla və “yuxarılarda” himayə olunmaqla azad sahibkarlığın inkişafında maneəyə çevrilir.
Bir qayda olaraq bu cür kölgəli biznes ucuz pullara və dövlətin maliyyə mənbələrinə daha yaxın olur, vergi, inzibati və s. nəzarət vasitələrindən asanlıqla yayınır. Bu amillər nomenklatur kapitalistlərinin sürətlə böyüməsi üçün əsl istixana şəraiti yaradır. Xarici ölkələrdə bunun saysız-hesabsız parlaq nümunələri vardır. Azərbaycanda isə “Gilan” Şirkətlər Qrupunun son illər keçdiyi inkişaf yoluna baxmaq yetərlidir.
Kəmaləddin Heydərovun biznes imperiyasından bir qism şirkətləri təqdim edirik. Şirkətlərlə bərabər bahalı təhsil ocaqlarına və bir çox sahələrin monopoiyasına nəzarət edir. Fövqəlnazirin obyektlərinə marketlər şəbəkəsi, tikinti materialları zavodları, taxıl anbarları, pambıq zavodları, konserv zavodları, otel şəbəkələri, turizm şirkətləri, daş karxanaları, qida məhsulları firmaları, idman klubları, banklar, restoranlar, beton zavodları, asfalt zavodları, sığorta şirkətləri, siqaret monopoliyası və zavodları, elektrik mallar mağazalar şəbəkəsi, çay zadovları, idman federasiyaları və bir çox şirkətlər daxildir.
Həmçinin Kəmaləddin Heydərovun Qəbələ rayonunda dağların arasında yeni tikdirdiyi villasını təqdim edirik. Məlumatlı mənbənin bildirdiyinə görə villanın tikintisində istifadə olunan məhsulların bir qismi qızıldandır. Evin görüntüsü isə “Ağ evin” dizaynına uyğun tikilib. Villanın görüntülərini təqdim edirik.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com