Bilmirəm, onları harda görüşdürüm - Ölümə yazılan təbriklər…

1482755440_1476274522_keramet11
Kəramət Böyükçöl
Yadıma gəlir, bir xanım dostumla feysbukda belə bir söhbətimiz olmuşdu:
– Kəramət, səni toyuma çağırıram, hazırlaş. ))
– Doğurdan? Yazıq səni alanın gününə. )))
– Niyə elə deyirsən e? Pisss! Adamı pərt eləyirsən. Küsdüm. Onsuz da pis gündəyəm də, sən də lap üstünə qoyursan e. (((
– Yooo, yoo, küsmə, mənim şirin dostum! Yəni ona görə yazıq dedim ki, sənin kimi gözəl bir qızı necə qoruyacaq?! Asan iş deyil bu.
– Yaxşı görək, məzələnmə. Məni qorumağa ehtiyac yoxdu, özüm özümü qoruyaram.
– Puah, buna bax sən. Qorunmaq qadın üçün bir ehtiyacıdı. Qadın nə qədər güclü olur olsun, yenə kişi gücünə ehtiyacı var.
– Hə, orası elədi, düzdü. Amma boş ver. Sən neynirsən, iş-güc necədi?
– Belə də. Darıxmaqla məşğulam.
– Niyə?
– Mənim darıxmağım yaradıcı darıxmaqdı. Roman yazıram, əsərdə qızla oğlan bir-birlərini dəli kimi sevirlər. Görüşmək istəyirlər, amma yer tapa bilmirlər. Bilmirəm, onları harda görüşdürüm. Oğlan qızı hara aparır, gah qardaşı çıxır qabağına, gah atası, gah əmisi oğlu.
– Hə, anladım. Dəlisən, vallah! Evin açarlarını verim, gətir bizdə sevişsinlər, rayona gedirik. ))
– Boş ver e, bir yer tapacağam əvvəl-axır, sən narahat olma! Qonşular görüb söz eləyər. Sən özündən danış. De görüm, sevirsən, yoxsa evlənirsən?
– O nə deməkdi?
– Qadın bir dəfə sevər, bir dəfə də evlənər.
– Hmmm. Sən lap Platon kimi danışdın e. Onda evlənirəm.
– Bildim elə.
– Nədən?
– Elə də xoşbəxt görünmürsən, şəkillərinə baxıram bayaqdan, nəsə kədərlisən. Kədər gözündən yarpaq kimi asılıb, elə bil yüngülcə bir külək əssə, o kədər gözündən qopub düşəcək.
– Yenə şair-şair danışma sən Allah.
– Doğurdan deyirəm. Ancaq bu kədər sənə çox gözəl yaraşır. Görürsən, bəzən kədər də lazım olur adama, ağrı da. Ağrı da bədənin bir hissəsidir axı.
– Kəramət, bilirsən necəyəm?
– Necəsən, mənim şirin dostum!
– Sən Allah, məni ələ salma, ciddi danışacaqsansa deyim.
– Ok. De görüm necəsən?
– Elə bil içim yoxdu, Kəramət. Məni anlayarsan, yəqin. Sanki çölümdən – əlimdən, qolumdan, saçımdan ibarətəm. Niyə beləyəm, görəsən? Bu sözü sənə deyirəm, bilirəm ki, anlayacaqsan. Başqalarına deməyə qorxuram, məni lağa qoyacaqlar.
– Səni başa düşürəm, Gülnar! Ancaq sənə elə gəlir ki, sənin əlin, qolun, saçın var. İnan ki, onlar da için kimi yoxdu. Bu sənin əllərin deyil, əllərinin qabığıdı. Sən yoxsan. Yox ola-ola necə ərə gedirsən?
– Bəs mənim əllərim hanı?
– Əllərini sevdiyin oğlana vermisən, saçını da, ayağını da. Hər şeyin onda qalıb.
– Hə, düz deyirsən. Offff, bəs mən neyləyim?
– Bilmirəm.
– Ürəyim çox darıxır, arkadaş! Çox! Nə etdiyimi bilmirəm. Sevirəm, yoxsa sevmirəm. Yol gedə bilmirəm, həyatda müvazinətimi saxlamağa çətinlik çəkirəm. Elə istəyirəm ölüm.
– Öl də onda. Niyə durmusan? )) İki-üç gün ağlayacaqlar, sonra yaddan çıxıb gedəcəksən, canın da qurtaracaq hər şeydən.
– Bax e, yenə zarafatından qalmırsan. Mən bayaqdan dərdimi danışıram sənə. Amma sən zarafatlaşırsan. (((
– Yaxşı, yaxşı davam elə. Dinləyirəm.
– Yox e, Kəramət, məsələ burasındadı ki, mən yaşaya bilmirəm, adama deyərlər yaşaya bilmirsənsə öl. Düzdü? Amma mən ölməkdən də qorxuram. Elə istəyirəm hündür bir yer olsun, qəfil ayağım ilişsin, ordan yıxılım ölüm. Yəni ölümüm ehtiyatsızlıqdan, təsadüfən olsun. Bilə-bilə özümü öldürməyə ürəyim gəlməz. Qorxuram.
– Ay qız, dəli olmusan? Nə gic-gic danışırsan?
– Nə bilim vallah, evdə söz soruşurlar məndən, key kimi qalmışam. Sözü eşidirəm, amma cavab verməyi unuduram. Fikrim ayrı yerə gedir, amma heç özüm də bilmirəm hara gedir.
– Keçmiş sevgin səni ildırım kimi vurub deyəsən.
– Hə, özümü hiss eləmirəm.
– Bəs bu evləndiyin oğlan xoşuna gəlmir ki?
– Xoşuma gəlir e, pis oğlan deyil. İşi-zadı da yaxşıdı. Görkəmi də normaldı. Amma nəsə mənə yapışmır e, Kəramət! Birtəhərdi nəsə. Bilmirəm məni başa düşürsən, ya yox, ay dostum!
– Məsələn, nədədi birtəhərliyi?
– Vallah, hansın deyim heç özüm də bilmirəm. Hə, biri yadıma düşdü. Bir dəfə telefonda danışanda mənə deyir ki, bir dəqiqə gözlə tualetə dəyib gəlim. ((( Elə pisimə gəlir ki mənlə belə danışanda. Elə bil mənə kişi təsiri bağışlamır e bu.
– Ay qız, öldüm e gülməkdən. Bəlkə böyrəkləri xəstədi? )) Bu nə sözdü danışır o? Bir az tərbiyə elə də.
– Hələ üstəlik də mənə deyir ki bayaqdan danışırıq, sən heç tualetə getmirsən? (((((((((
– Yaxşı, yaxşı, danışma, anladım səni.
– Hansını deyim e. O qədərdir ki… Bax, belə düşük-düşük danışıqları məni uzaqlaşdırır ondan. Bilmirəm onun yanında necə yatacağam. Həm də ürəyimə yatmır e. ((( Of…
– Eh, bu da sənin taleyindi də, mənim şirin dostum. Bax, məsələn, nə az, nə çox düz on ildir ki, tanıyıram səni. Hələ bir dəfə ağlımın ucundan keçməyib ki səni alım. ))) Yəni sən də kiminsə üçün maraqsızsan da. )))))
– Sən allah, bəsdi də, pisin biri pisssss! Guya gələn var idi sənə. Nə gündəsən sən, meymuna oxşayırsan.
– İki dəqiqədən bir  “gözlə tualetə dəyib gəlim” deyən sevgilindən ki yaxşıyam.
– Hə, düzdü. Sən təkcə ondan yaxşısan elə.
– Yumorun gözünə girsin. ((
– Yoo, yoo, küsmə, sən meymunsan, amma şirin meymunsan da. Yaraşıqlı meymunsan, ay Kəramət. ))
– Neyləyəcəksən indi? Ürəyinə yatmayan oğlanla evlənəcəksən?
– Başqa çarəm yoxdu, neyləyim. 24 il ömür yaşamışam, innən belə də bir az yaşasam, bəsimdi də, birtəhər yola verim. Bilirəm ki, onsuz da innən belə heç kimi sevən zibil deyiləm.
– Bəs o sevdiyin oğlan necə oldu? Birincini deyirəm. Gündə bir yerdə görürdüm sizi. Hara getdi?
– Vallah, heç bilmirəm hardadı. Düzünü desəm daha o da maraqlandırmır məni. Əvvəlki kimi deyil ona münasibətim. Düşünməkdən beynim yara olub e lap. Bu nə həyatdı axı?
– Bir zamanlar dəlicəsinə sevdiyini deyirdin, noldu bəs?
– Hə, sevirdim, amma indi hər şey adiləşib. Sevgidə bütün sərhədləri keçdik, dayandıq düz mərkəzdə, amma ikimiz də peşman olduq. Heç nə alınmadı bizdə. Ayrıldıq. O, çıxıb öz yoluna getdi, mən də ki, belə… Düzü, mənə elə gəlir, evləndiyim oğlan o olsaydı belə yenə bu cür olacaqdım. Yoxsa… Nə bilim e…
– Yooo, elə olmazdın. Dünyada bütün qadınlar eynidi, ancaq hər kişinin öz dadı var.
– Kəramət, mən sadəcə, yaşa bilmirəm. Başa düşürsəəəəəəəən, YAŞAYA BİLMİRƏM!!! Bilmirəəəəəəəəm. Niyə yaşaya bilmədiyimi də ifadə eləyə bilmirəm, içimdə elə bil nəsə qırılıb, qırılıb, qırılıb. Nədir içimdə qırılan? Özüm də bilmirəm heç.
– Anladım, anladım. Əsəbiləşmə! Özünü ələ al, şair demişkən, darıxma düzəlməyəcək.
– Offf, adam olmadın da sən, nə deyirəm, elə məzələnirsən. ((
– Nəysə, mən çıxıram. Hələlik.
– Eh, sən də əvvəlki Kəramət deyilsən, danışmaqdan qaçırsan, amma əvvəl elə maraqlı söhbətlər eləyirdin.
– Hə, məni də itirdin. ))
– Oldu, sağ ol. Sən mənim ən sevimli arkadaşımsan. Səni çox, lap çox istəyirəm. Toyda gözləyəcəm ha. Gəl mütləq. Yeganə şadlıq sarayındadı toy. Oktyabrın 17-də!
– Ok. 50 manat bəsdi? ))
– 50 atma, xırdala 50 dollor at. (Dolların 0.78 olan vaxtları idi) Üstündə qalan manat-munatla da toyda şəkil-zad çəkdirərsən, aşığa-maşığa verərsən. ))
– Sən bilirsən nəsən. Hiyləgər! Nəysə, mən exit. Bye.
– Byeeee! Toyda görüşərik.
Bir həftədən sonra saytlarda bir xəbər oxudum. Xəbərin başlığı belə idi: “Toyuna 3 gün qalan qız evə qaz sızmasından dünyasını dəyişdi”. Xəbəri oxuyan kimi Gülnarın feysbuk səhifəsinə baxdım. Gördüm ki, ölümündən xəbəri olmayan dostları onun profilinə “Allah xoşbəxt eləsin”, ölümdən xəbəri olanlar isə “Allah rəhmət eləsin” yazıblar…

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com