Bazarında it də qiymətdən düşüb – Məmməd Araza ithaf…

88063

 

Tanınmış şair və yazıçı Nizami Muradoğlunun Məmməd Araza həsr etdiyi “Dünya belə dünyadı” adlı şeirini Moderator.az oxucularına təqdim edirik:
Məmməd Arazın xatirəsinə

Alimindən nadanı çox, naşı çox,
Çiçəyindən kəsəyi çox, daşı çox.
Yerdi, Göydü, hər nədisə yaşı çox,
Küsmə ustad, dünya belə dünyadı.

Hərdən söylən, hərdən hirslən, qız, ara.
Üz qaldımı həyasından qızara?
Dərd anlayan məsum oğlan, qız ara,
Küsmə ustad, dünya belə dünyadı.

Sən gördüyün ədəb-ərkan dəyişib,
Dostlar vardı düşmən olub küsüşüb.
Bazarında it də qiymətdən düşüb,
Küsmə ustad, dünya belə dünyadı.

İndi yeni marka küçüklər gəlir,
Bərbəzəkli, rəngli cütlüklər gəlir,
Sözü ötkəm, əli ütüklər gəlir,
Küsmə ustad, dünya belə dünyadı.

At demişkən, at nəyinə gərəkdir.
Arat eylə, şumu çəkdir, yer əkdir.
Bostanların hibrid göyərdəcəkdir,
Küsmə ustad, dünya belə dünyadı.

Toxum itib, ya mayası ayrı cür,
İnsan Haqqa olub asi, ayrı cür.
Toyu toydur, hələ yası ayrı cür,
Küsmə ustad, dünya belə dünyadı.

Ağ divləri cırtdanlara uduzdu,
Heç bilinmir, kim suçludu, suçsuzdu.
Dəhnəsində əjdahalar susuzdu,
Küsmə ustad, dünya belə dünyadı.

Köhnə sazdır, köhnə hava çaldığı,
Bir verəndə beş də olur aldığı.
Məmməd deyil təkcə yola saldığı,
Küsmə ustad, dünya belə dünyadı.

22.04.2013

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com