Başımız sağ olsun…

img1452226İŞİD ikinci amerikalı jurnalistin başını kəsdiyini bəyan etdi. Hər iki hadisə bilərəkdən törədildi və Amerikaya, əslində isə bütün dünyaya meydan oxumaq idi. Ən pisi o idi ki, hər iki şəxs məhz jurnalist kimi fəaliyyət göstərdikləri ərazidə girov götürülüblər və daha sonra nümayişkaranə surətdə, bütün dünyanın gözü qarşısında başları kəsilməklə edam ediliblər.

Amerika isə bir qədər əvvəl qətlə yetirilən jurnalist Ceyms Foley və Steven Sotloffun qisasını alacağını bəyan edib. Ancaq bu, jurnalistlərə qarşı qəddarlığı durduracaqmı? Son illərin statistikası göstərir ki, media işçilərinə qarşı dözümsüzlük sürətlə artır. Təkcə son 5 ildə dünyada yüzlərlə jurnalist peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilib.
Dünya üzrə 2009-cu ildə azı 68, 2010-cu ildə 105, 2011-ci ildə 106, 2012-ci ildə 88, 2013-cü ildə isə 71 jurnalist peşə borcunu yerinə yetirərkən öldürülüb. Hazırda daxili müharibənin getdiyi Suriyada isə münaqişə başladıqdan bu yana 36 jurnalist bilərəkdən qətlə yetirilib.
Bütün dünyada medianın toxunulmazlığı var. Tibb işçiləri və jurnalistlər hətta ən qanlı savaş bölgələrində toxunulmazlıq statusunu qoruyub saxlayıb. Çünki bu insanlar xəbər hazırlamaq, savaş bölgəsindən dünyaya xəbər vermək missiyasını daşıyırlar. Amma İŞİD üçün bu sərhədlər yoxdur. Əslində baxanda son olaylar, yəni iki amerikalı jurnalist Ceyms Foley və Steven Sotloffun edam edilməsi ABŞ-a göz dağı vermək cəhdidir.
Qarşısına keçən hər kəsi “kafir”, “dindən çıxmış” elan edərək edəm edən İŞİD-in jurnalistləri din adına edam etməsi məntiqsizdir. Çünki İslam dini hətta dinsiz kafirin belə müsəlmana qarşı savaşmadığı halda öldürülməsini qadağan edir. Bunu İŞİD-çilər də yaxşı bilir və bu səbəbdən də bu hadisədə din adından istifadə etmirlər. Jurnalistlərin məhz amerikalı olduqları üçün öldürülməsi və öldürülməzdən öncə ABŞ-a meydan oxumaları İŞİD-in qəddar, heç kimə rəhm etməyən bir qruplaşma olduğu obrazını yaradır.
Qətlə yetirilməmişdən az əvvəl Steven Sotloffun anası video vasitəsilə İŞİD-in lideri əl-Bağdadiyə müraciət etmişdi. Yaşlı qadının İŞİD liderini “xəlifə” adlandırması, “sənə yalvarıram” deməsi belə jurnalistin həyatını qurtara bilmədi. Yaxın Şərq savaşları qəddar olur, heç kəs əks cəbhədə olana rəhm etməyi düşünmür.
Əslində bu yazı dünyanın ən qanlı bölgələrində öldürülən günahsız həmkarlarımıza diqqət çəkmək məqsədi ilə yazılmalı idi. Amma yenə də siyasətdən qaçmaq olmur. Yaxın Şərqdə bu gün davam edən və heç bir sərhəd tanımayan qəddar savaşların yaranmasında ən böyük günahkarlardan biri də Qərb ölkələri, konkret ABŞ-dır. Məhz ABŞ-ın dəstəyi ilə Liviyada, Suriyada, daha sonra İraqda baş qaldıran xalq etirazları sonradan qanlı “müqəddəs savaşlara” çevrildi.
 Dünyanın hər yerində radikal cihadçılar məhz Qərbin də göz yumması nəticəsində Liviyanı, Suriyanı, indi isə İraqı qanlı savaş meydanına çeviriblər. Elə bir savaş meydanı ki, orda hər kəs hər an düşmən (oxu: kafir, müşrik, münafiq, xarici və sair) elan edilə və ən amansız şəkildə qətlə yetirilə bilər. Necə ki biz bunun neçə ildir ki, şahidiyik. ABŞ hələ bu müharibə başlamamışdan əvvəl də yaxşı bilirdi ki, “müqəddəs müharibələr” amansız olur. Və çox təəssüf ki, demokratik Qərb Yaxın Şərqdə dini müharibənin alovlanmasına şərait yaratdı və ya ən azından buna göz yumdu.
Əlbəttə, heç bir insan savaşlarda günahsız şəxslərin ölməsini istəməz. Amma Suriyada artıq 3 ildir ki, dinc insanlar, heç bir günahları olmadan, məhz Foley və Sotlof kimi qətlə yetirilirlər. Artıq geri dönüş də yoxdur, o bölgə hər kəs üçün təhlükəlidir.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com