Azyaşlıların dəhşətli intihar statistikası

img2281704

 

Yeniyetməlik insan həyatındakı ən həssas dönəmlərdən biridir, burda əsas yük valideynə və məktəbə düşür…

“Yeniyetmənin bir saat öncəki əhvalı ilə bir saat sonrakı əhvalı bir-birinə uyğun gəlmir. Sıradan bir söz, tənqid, zarafat onu haldan-hala sala bilər. Mən sinifdəki bütün uşaqları gün ərzində izləyirəm. Onların bir-biriləri ilə münasibətini görürəm və müşahidə etdiyim hər neqativ halla bağlı dərhal valideynlərinə məlumat verirəm”.

Bunu Bakının orta məktəblərindən birində sinif rəhbəri olan Sevda Mehdiyeva deyir. O, 8-ci siniflərə rəhbərlik edir və dediyinə görə, keçən ildən etibarən yükü ikiqat artıb. Müsahibimizin fikrincə, şagirdlər arasında baş verən xırda intriqalar, müəllimlərin onlara münasibəti, eləcə də valideynlərindən gördükləri diqqətsizlik bir çox hallarda fəsadlarla nəticələnir: “Bəzən çox fəal, savadlı bir şagird həftələrlə dərsə hazırlıqsız gəlir, qaraqabaq olur, sinif yoldaşları ilə ünsiyyətdən qaçır. Bu halda ilk günlərdən məsələyə müdaxilə etmək lazımdır. Onu bir kənara çəkib, uşaqlardan kənarda danışdırmaq, problemini öyrənəndən sonra həll yollarını tapmaq bizim vəzifəmizdir. Yeniyetməlik insan həyatındakı ən həssas dönəmlərdən biridir. Burda əsas yük valideynə və məktəbə düşür”.

Ötən ildən bu yana yeniyetmə intiharlarının sayı artıb

Bir ildən artıqdır ki, ölkə mətbuatında yeniyetmə intiharları ilə bağlı statistikada bir qabarıqlıq var. 2016-cı ilin 9 ayı ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Halbuki ötən il intihar edən yeniyetmələrin sayı 23 olub. İl hələ başa çatmasa da, ortada ciddi artımdan söhbət gedir.

Öncə valideynlər maarifləndirilməlidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkədə uşaq və gənclər arasında intiharların səbəbləri ilə bağlı izahatında deyilir ki, intiharların səbəbləri müxtəlifdir: “Dünyada araşdırmalar göstərir ki, intiharlar daha çox 16-18 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir”.

Xəbərdə deyilir ki, intiharların əsas səbəbləri məişət və ailə zorakılığı, dini sektaların təsiri, internetin mənfi tərəfləri, sosial vəziyyət, xəyanət, ünsiyyət imkanlarının olmamasıdır.
“Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır. Məsələn, uşaqlarda bəzən özünəqapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir”,-deyə məlumatda bildirilir.

Bu da bir faktdır ki, valideynlərin bəzən həddən artıq laqeydliyi, bəzənsə normadan ziyadə diqqət göstərməsi yeniyetmələrə pis təsir göstərir. Psixoloqlar məhz bu səbəbdən qızıl ortanı tapmağı məsləhət görürlər. Belə ki, ata-ananın uşağına tez-tez zəng edib, harda olduğunu soruşması ilə ona günlərlə diqqət göstərməməsi eyni dərəcədə fəsad verə bilir.

Günah medianındır? Belə məlumatları ehtiyatsız yaymaq olmazmış…

Məhz intihar hadisəsində başlıca vasitə etibar və ünsiyyətdir. Axı mahiyyətcə intihar – kədər halıdır, dünyaya özün, öz bədbəxtliyin haqda hayqırtıdır. Ola bilər ki, bu bütün dünya üçün gülünc görünsə də, gəncin özü üçün dünya boyda dərd kimi görünür. Hollivud aktyoru Robin Uilyamın intihar hadisəsindən sonra ekspertlərin hesabatını yayımlayan Dünya Səhiyyə Təşkilatı (DST) bir sıra media və sosial şəbəkələri qınadı. Həmçinin DST-nin ekspertləri qeyd edib ki, ulduzların və ya sıravi insanların intiharlarını əks etdirən hesabatların dərc edilməsi vacib deyil:

“KİV-in intiharla bağlı xəbərləri ehtiyatsız yayması bunun daha da təbliğ olmasına səbəb ola bilər. İntihar hallarının səhv işıqlandırılması yanlış təəssüratlar yaradaraq insanlarda – böhran vəziyyətdə qanunauyğun və lazımi addım kimi təsəvvürü yarada bilər”, – hesabatda deyilir.
Beləliklə, KİV intiharla bağlı xəbəri yayımlayarklən diqqətli olmalıdır. Verilişlərdə uşaq intiharının şişirdilməsi, valideynlərin göz yaşları, məktəb və ya müəllimlərin ünvanına tənqid – bütün bunlar yeniyetməni intihara sövq edə bilər.

Yeniyetmə qızlar intihar haqda düşünür, oğlanlar isə bunu həyata keçirir…

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov isə hesab edir ki, yeniyetmə intiharlarında risk faktorlarını nəzərə almaq lazımdır. Psixoloq bu barədə öz bloqunda geniş təhlil materialı ilə çıxış edib. Onun fikrincə, risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktordur.

Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır: “Yeniyetmələr heç bir işarə olmadan intihar edirlər. İntihar edən hər 10 yeniyetmədən 9-u intihar etməzdən əvvəl müəyyən işarələr verir. Xəbərdarlıq siqnalları arasında depressiv vəziyyət, maddə istifadəsi, zövq aldıqlarına qarşı laqeydlik, diqqət defisiti, izoliyasiya, daxilə qapanma, ölüm düşüncəsi, yuxu problemləri və verbal işarələr (kaş ölsəydim…), qeydlər yazma və əşyalarını başqalarına vermə xüsusi yer tutur. Daha bir bölüm isə ondan ibarətdir ki, intihar haqqında danışan yeniyetmələr intihar cəhdi etməz və tamamlanmış intihar olmaz. Ən vacib xəbərdarlıq siqnallarından biri insanın davamlı ölüm haqqında danışmasıdır. Yeniyetmənin intiharla bağlı qorxutmaları birmənalı şəkildə ciddi qarşılanmalı və yardım üsulları axtarılmalıdır”.

Psixoloq hesab edir ki, intihar cəhdi olan yeniyetmələrin əksəriyyəti həqiqətən ölmək istəyir. Belə ki, onların böyük bir qismi psixoloji əzablarından qurtulmaq üçün ölümlə yaşamaq arasında tərəddüd yaşayırlar. Bu cür ambivalent duyğular haqqında danışmaq intihar cəhdini 80% azaldır: “Məktəbdə oxuyan yeniyetmələrin 3/4-nün intiharla bağlı məlumatları olsaydı, dostlarına yardım edəcək ilk insan olardılar. Təlim proqramları yeniyetmələri risk altındakı dostlarını tanımalarına kömək etməklə yanaşı, lazım olduqda yardım almalarını da asanlaşdırar. Amerikada orta məktəbdə oxuyan 400 şagird üzərində aparılan tədqiqatda şagirdlərin təxminən yarısının intihar cəhdi olan dostundan xəbərdar olduğu aşkarlanmışdır.

Qız yeniyetmələr intihar haqqında daha çox düşünərkən və daha çox intihar cəhdi edərkən oğlan yeniyetmələrdə tamamlanmış intihar faizi qızlara nisbətdə daha çoxdur. Qızlarda tamamlanmış intiharların faiz göstəricisi aşağı olduğundan qızların intihar cəhdi ciddi qarşılanmamalıdır – tamamlanmış intiharlarda ən vacib göstəricilərdən biri əvvəlki intihar cəhdidir. Bunun üçün cinsiyyət ayrı-seçkiliyi edilmədən bütün intihar cəhdləri ciddi qarşılanmalıdır”.

Haşiyə: Azərbaycandakı orta məktəblərin əksəriyyətində formal olaraq psixoloq ştatı yaradılsa da, müvafiq kadrlarla təmin olunmayıblar. Halbuki hər məktəbdə psixoloqun olması çətin tərbiyə olunan, özünə qapanan, əhvalı tez-tez dəyişən uşaqlar, yeniyetmələr üçün evdən sonra “ikinci qapı” funksiyasını daşıya bilər.

Valideyndən narazı, özünə internetdə dünya quranlar…

İki gün öncə Türkiyə səfirliyi işçisinin yeniyetmə qızı binadan özünü ataraq intihar edəndə də ortaya çoxlu sayda suallar çıxdı. İlkin səbəb olaraq onun oxuduğu məktəbdə danlanması göstərildi. Amma müasir dönəmdə yeniyetmə valideynləri üçün də durumu təhlil etmək asan məsələ deyil. Çünki indi valideynlər günün böyük hissəsini işdə olurlar. Evə qayıdandan sonra isə uşaqları ilə maraqlanmağa bir-iki saat vaxtları qalır. Bu isə çox vaxt yetərli olmur. Psixoloqların müşahidəsinə görə, onların yanına gələn yeniyetmə pasientlər bir çox hallarda ailələrinin onları başa düşməməsindən şikayətlənir və öz dünyalarını telefon, kompüter, internetlə məhdudlaşdırırlar.

Bundan başqa, həmin yaşlarda olan uşaqlar bir çox hallarda valideynlərinə rəqib, bəzənsə düşmən gözü ilə baxırlar. Onlara elə gəlir ki, valideynlərinin onların dünyasından əsla xəbəri yoxdur və baş verənləri anlaya bilməz. Bu halda isə uşaqla valideyn arasında qarşısıalınmaz bir sədd yaranır və o, aradan götürülməsə, faciəvi sonluq qaçılmaz olur.

Sevinc TELMANQIZI

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com