“Azərbaycanda iki dəfə sevindim: bir gələndə, bir də gedəndə”

500456

Milli.Az “Neftçi”nin makedoniyalı sabiq futbolçusu Vançe Şikovun azerisport.az saytına müsahibəsini təqdim edir.

- “Neftçi” tarixinin ən pis transferlərindən biri oldunuz. Niyə bu komandada heç yarım il də oynaya bilmədiniz?

- Məni Avropa Liqasında Makedoniya “Şkendiya”sı ilə oyundakı zədə geri saldı. Komandaya qayıdanda tam hazır deyildim. Amma meydana buraxırdılar. Daha sonra yığma komandanın heyətində daha bir zədə aldım. Vəli Qasımov getdi, onu Elxan Abdullayev əvəz etdi. Onun gəlişindən sonra hər şey daha da pis oldu.

- Niyə?

- O hər şeydə futbolçuları günahkar bilirdi. Ona görə biz həmişə günahkar idik. Özünü isə heç nədə günahkar saymırdı. Özünüz də görürsünüz ki, “Neftçi”nin nəticələri faciəvidir. Necə hər oyundan sonra yaxşı futbolçunun olmamasından danışa bilərsən? Halbuki, “Neftçi”də yetərincə yaxşı futbolçu var idi. Sadəcə, onları bir komanda olaraq birləşdirmək lazım idi.

- Sizinlə müqaviləyə xitam verilməzdən öncə əvəzedici komandaya göndərildiniz…

- Bunun gec və ya tez baş verəcəyini bilirdim. Abdullayev mənə dedi ki, bu qədər maaşla necə belə oyun göstərmək olar? Məşqçi futbolçusu ilə necə belə danışa bilər? İlk dəfə bu komandada gördüm ki, baş məşqçi hər şeydə futbolçuları günahkar çıxarıb, özünü təmiz hesab etsin.

- “Neftçi”nin ən yüksək ödənişli futbolçulara malik olmasına baxmayaraq, belə zəif çıxışı sizə təsir etmirdi?

- Mənim Azərbaycana gəlişim ən böyük səhvlərimdən biridir. Mənə ölkənin ən böyük klubuna keçdiyimi deyirdilər. Yəqin ki, əvvəllər elə olub. Amma indi “Neftçi”nin böyüklüyündən heç bir əsər-əlamət qamayıb. İqor Mitreskinin transferdən öncə mənə dediklərini də görmədim. Belə bir böyük klubun cəmi 200-300 azarkeşi necə ola bilər? Çox təəssüf.

- Sizcə, bütün bunlarda günahkar kimdir?

- Klub rəhbərliyini günahlandırmaq istəməzdim. Onlar öz işlərini görürlər. Sadəcə, məşqçilər korpusunu qaydasına salmaq lazımdır. “Neftçi”nin Elxan Abdullayevlə heç bir perspektivi yoxdur. Komandaya sadəcə, yaxşı məşqçi lazımdır ki, bu heyətlə maksimum nəticə əldə edə bilsin. Onlar ölkə kubokunda “Zirə”ni keçə bilərlər. Sonra? Yarımfinalda “Qarabağ”la oyunlarda “Neftçi”nin heç bir şansı yoxdur. Elə onunla da mövsüm boşa verilmiş olacaq.

- Belə görünür ki, Azərbaycanı mənfi emosiyalarla tərk etmisiz…

- Mən orada “Qarabağ”, “Qəbələ” kimi klublar da gördüm. Bu klubların böyük potensialı var. “Neftçi” isə onlardan çox uzaqdadır. Təbii ki, onların mənə müqaviləni ləğv etməyi təklif etməsinə çox sevindim. Bütün baş verənlərdən sonra yeganə çıxış yolu məhz bu idi. Belə vəziyyətdə oynaya bilməzdim. Prinsipcə, Azərbaycanda iki dəfə sevindim: bir gələndə, bir də gedəndə.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com