“Azərbaycan bizə dost, qardaş ölkədir” – İsrailin müdafiə naziri

liberman_23476565

 

“Xarici ölkələrdə yaşayan yəhudilər, müxtəlif ölkələrdəki yəhudi icmaları İsrail üçün çox önəmlidir. Lakin diasporumuzdakı rusdilli yəhudilər, ümumiyyətlə, yəhudi xalqının birliyinin, vəhdətinin zəminidir”.

İsrailin müdafiə naziri, “Evimiz İsraildir” (“İsrael Beytenu”) Partiyasının sədri Aviqdor Liberman Knessetdə dünyanın müxtəlif ölkələrini təmsil edən media mənsublarının suallarını cavablandırarkən belə dedi.

ABŞ, Kanada, Almaniya, Rusiya, Avstraliya, Ukrayna və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşdə A.Libermanla yanaşı, İsrailin aliya və absorbsiya naziri Sofa Landver də iştirak edirdi.

Aviqdor Libermanın dediyinə görə, ənənəvi antisemitizm indi anti-İsrail çıxışlarına çevrilib.

“Əvvəllər yəhudilərin suçlandığı nə vardısa, indi İsrailə şamil olunur. Qərbdə belə ideyaların daşıyıcıları akademik və siyasi isteblişmentdə, incəsənətdə və mediada üstünlük təşkil edən ultrasolçu liberallardır. Əfsuslar olsun ki, Qərb ölkələrindəki yəhudi intellektualların böyük qismi onların təsiri altındadır. Zaman keçdikcə yəhudi elitaları İsraildən uzaqlaşır, dövlətmizin düşmənləri ilə həmrəy olurlar. Belə şəraitdə xarici öklələrdə yaşayan rusdilli yəhudilər bəhs etdiyim yəhudi isteblişmentinin məğlubiyyətçi ideologiyasının təsirinə ən az məruz qalan insanlar olmaqla yanaşı, İsrailin vətənpərvərləri, dövlətimizin qətiyyətli mövqeyinin tərəfdarları olaraq qalırlar. Yəhudi dünyasında belə insanların təsir imkanları artmalıdır. Bu məsələ yalnız İsrail üçün önəmli deyil – elə həmin icmaların milli özünüdərkinin qorunması üçün gərəkdir”, – Aviqdor Liberman söylədi.

Milli.Az-ın “İsraillə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və hər iki ölkə bu münasibətlərin inensivləşməsində maraqlıdır. Əlaqələrin perspektivlərini necə görürsünüz?” sualını cavablayarkən A.Liberman dedi:

- Azərbaycan bizim strateji tərəfdaşımızdır, dostumuzdur və multikulturalizmlə tolerantlığın əsl nümunəsidir. Hətta deyərdim ki, Azərbaycan çox nadir ölkələrdən biridir ki, yerli yəhudi icması icitimai, siyasi və mədəniyyət proseslərində olduqca aktiv inkişaf etməklə yanaşı, dövlət tərəfindən daimi qayğı və diqqətlə əhatə olunub. Azərbaycandakı yəhudi icmasının nümayəndələri yaşadıqları ölkədə antisemitizmin əsla olmadığını, bu halla heç qarşılaşmadığını, əsrlərdən bəri qardaşlıq və dostluq mühitində yaşadıqlarını deyirlər. Bu da təbii ki, bizi sevindirir və bir daha əmin edir ki, Azərbaycan multikulturalizm, tolerantlıq baxımından dünyanın əksər ölkələrinin dərs ala biləcəyi dövlətdir.

- Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın erməni işğalında olan ərazilərinin qeyd-şərtsiz azad olunması məsələsində İsrail daim rəsmi Bakının mövqelərini dəstəkləyib. Yerusəlimin yürütdüyü bu siyasətin miqyasının genişləndirilməsini düşünürsünüzmü?

- Dediyim kimi, Azərbaycan bizə strateji tərəfdaş və dost dövlət olmaqla yanaşı, qardaş ölkədir. İsrailin rəsmi mövqeyi çox konkretdir: biz Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, indi də belədir və belə də olacaq. Azərbaycanın işğal altında olan ərazilərinin hamısı son kvadrat santimetrə qədər azad olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə tənzimlənməsini istəyirik və ümid edirik ki, illərdən bəri davam edən konflikt öz həllini tapacaq.

- Azərbaycanla İsrail arasında ticari dövriyyənin həcmi artıq 5 milyard dollara yaxınlaşıb.

- Bu rəqəm artıq bir qədər köhnəlib. Dövriyyə daha da artıb və bir çox sahələri əhatə edən ticari dövriyyəmizin miqyası genişlənir.

- Bəhs etdiyiniz genişlənmə arasında hərbi-texniki sahədə əməkdaşlıq da var.

- Tamamilə doğrudur. Biz bu sahədə də əməkdaşlığı genişləndirmək və inkişaf etdirməkdə maraqlıyıq. Azərbaycanla əlaqələr bizim üçün çox vacib, münasibətlər önəmlidir.

- Knessetdə, yəni İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı cəhdlər səngimir. Knessetin spikeri Yuli Edelşteynin, hətta İsrail prezidenti Reuven Rivlinin belə “tanınma”nın tərəfdarı olduğu deyilir. Cənab Edelşteyn Knessetin təhsil, mədəniyyət və idman komitəsinin üzvləri ilə görüşündə “tanınma vacibdir” demişdi. Sonucda sözügedən komitə qondarma “soyqırım”ı tanıyıb, komitənin sədri Yakov Marqi isə Knessetdə “tanınma” ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb.

Knessetin deputatları Zahava Qalyon, Dov Hanin, Zuheyr Baalyul və Nahman Şay da ermənilərin absurd, yalan iddialarını dəstəkləyirlər.

- İsrail ermənilərin iddialarını tanımayıb və tanımır. Biz 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin də kütləvi şəkildə həlak olduğunu bilirik. Lakin bunu ermənilərin soyqırımı kimi dövlətimiz tanımayıb. O ki qaldı bəhs etdiyiniz faktlara… İsrail demokratik ölkədir və burada hər bir siyasətçi təşəbbüslə, təkliflə çıxış edə bilər. Sadaladığınız insanlar da öz mövqelərini səsləndiriblər. O şəxslərin mövqeləri İsrailin mövqeyi demək deyil.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com