«Atlas Medical Center»in rəhbərilə bağlı sensasion faktlar…

ebef38e2376cArtıq daimi oxucularımıza məlumdur ki, 2010-2012-ci illərdə, həmçinin 2015-ci il fevral ayının 1-dən 25 aprel 2016-ci il tarixədək «Atlas Medical Center»də maliyyə direktoru vəzifəsində çalışan Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 005 «D» məhəllə, mənzil 0093-də qeydiyyatda olan, iqtisad elmləri namizədi Rahilə Qazıxan qızı Həsənova adıçəkilən klinikada yaşanan neqativ hallarla bağlı Gundelik-Baku.com-un redaksiyasına şikayət ərizəsilə müraciət etdikdən sonra həmin klinikanın rəhbəri Heydər müəllim tərəfindən hədə-qorxuya məruz qalıb. Elə bu səbəbdən də Rahilə Həsənova Gundelik-Baku.com-la yanaşı, ölkə başçısı cənab İlham Əliyevə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıb. Ötən sayımızda sözügedən müraciətdə qeyd olunan məsələlərə toxunduğumuzdan bu dəfə tamam başqa məqama diqqətinizi yönəltmək istərdik. Belə ki, 19.08.2014-cü il tarixdə «Bizim Yol» qəzetinin elektron versiyasında (http://www.bizimyol.info/news/30796.html) H.Həmidova imzası ilə «Məşhur biznesmendən 16 il sonra qalmaqallı etiraf» başlıqlı yaşı yayımlanıb. Nəzərinizə çatdıraq ki, həmin məqalədə «Atlas Medical Center»in rəhbəri Heydər müəllimlə bağlı bir sıra önəmli məqamlara aydınlıq gətirilib. Odur ki, sözügedən yazını cüzi düzəlişlərlə sizlərə təqdim edirik: Ötən saylarımızda müəllifi olduğum məqalədən sonra «Qorqud Holdinq»in prezidenti Heydər müəllim «öz mövqeyini bildirmək» adı ilə «jurnalist sifarişli yazı yazıb», deyə mənə böhtan atmışdı. Yazdıqlarımın birinin də təkzib olunmadığı məqalədə diqqətimi çəkən o idi ki, iş adamı müsahibəsində bir cümlə ilə 16 illik «sirr»inin üstünü də açmışdı. Lakin müsahibə aparan əməkdaş mövzudan xəbərsiz olduğundan bu nüansı tuta bilməmişdi. Böhtanı sahibinə geri qaytarmaq mənim üçün nə qədər vacib idisə, tədqiqatçı kimi o bir cümlə də mənə görə mühüm tapıntı idi və bu məsələlərə aydınlıq gətirməsi üçün onunla söhbət etmək ehtiyacı duydum: – Heydər müəllim, «Naxçıvan-Türk» Bankı ilə bağlı «Bizim Yol»a demisiz ki, «bankın 20-30 səhmdarı ilə bərabər mənim də cüzi səhmim vardı». Bankda dəqiq nə qədər səhmə sahib idiniz? – Yadımdan çıxıb. Oraya simvolik pul qoyulurdu, hərə bir az qoydu ki, səhm yaransın. Mənim payım 100 dollardan yuxarı olmazdı. – Faiz ifadəsi ilə deyə bilərsiz? – Bankın səhmdarlarından idim. Amma çox az faizə malikdim. Ən böyük faiz Naxçıvan hökumətinə məxsus idi. – Banka dair sənədləri saxlayırsız? – Mən orada nəçiydim ki, sənəd saxlayım? Bankın rəhbər heyəti vardı, sənədləri onlar saxlayırdılar. «Naxçıvan-Türk» Bankı sizi niyə maraqlandırır ki? – Mən uzun illər əvvəl apardığım tədqiqata o vaxt nöqtə qoymamışdım. Bu dəfə sizin bazardan yazanda kiçik bir abzas xatırlatma verib üzərindən keçmişdim. Yazıma münasibət bildirməklə özünüz mənə bu mövzuya qayıtmağa əsas verdiniz. Heydər müəllim, səhmləri hansı formada almışdınız? – Bankın öz qayda qanunları vardı və onlar tək mənə yox, min adama səhm satmışdılar. – Bəs bankın idarə heyətinin sədri dünyasını dəyişəndən sonra səhmlərinizin taleyi necə oldu? – Bankın Müşahidə Şurasının sədri İbrahim Aydındır, o, «Osman bank»ın idarə heyətinin sədri idi. Mənim orada elə bir səhmim yox idi axı, heç mən onun arxasınca getməzdim, «samolyot» pulumdan az eləyirdi. Bankın açılması bir məqsəd güdürdü: Türkiyə hökuməti Naxçıvana kredit versin. Bank açılmamışdı ki, bank kimi fəaliyyət göstərsin. O vaxt Heydər Əliyevlə Süleyman Dəmirəl arasında müqavilə vardı ki, Türkiyə dövləti Naxçıvana 100 milyon manat yardım edəcək. Mən bilən bu 20 milyonda qurtardı, 80 milyon dolları götürməyə ehtiyac olmadı. Krediti də pul şəklində yox, ərzaq məhsulları, inşaat materialları kimi verirdilər. – Bankdan dividend götürürdünüz? – Biz orada bir manatın sahibi olmamışıq. Əksinə, bankın qurulmasına xeyli xərclərimiz çıxmışdı. – Demisiz ki, səhmlərin hamısının sizə aid olduğunu yazmışam. Əslində belə yazmışam: «Müflis olmuş «Naxçıvan-Türk Bankı»nın səhmləri Heydər müəllimin adına idi». Burada neçə faiz sizin adınıza olduğuna işarə yoxdur, bu, 30 faiz də ola bilərdi, 40 ya da 70 faiz. Amma bu cümləmlə sizi doğru danışmağa təhrik etmişəm. – …? (Sual dolu baxışlarını üzümə zilləyir H.H) – Qəzetimizə və elə indicə mənim özümə də deyirsiz ki, bankda səhmləriniz vardı. Yaddaşınızı 16 il əvvələ qaytaracam. O vaxt mənə müsahibənizdə demişdiniz: «Əgər kimsə bankın səhmlərindən birinin və ya bir neçəsinin mənə aid olduğu haqda bir satış sənədi, hər hansı hüquqi sənəd təqdim edərsə, mən ona təşəkkür edərəm». Siz o vaxt adınıza səhm olduğunu israrla danırdınız və sübut istəmişdiniz. Mən sizi bir cümləmlə təhrik etdim, nəhayət dorğu danışmağa məcbur oldunuz. Mənə təşəkkür edə bilərsiz. – Bankın cəmi 100 dollar səhmi vardı. Yanılmıramsa, nizamnamə fondunda cəmi o qədər pul olub. Onun hamısı mənim adıma olsaydı, nə olacaqdı, yarısı olsaydı, nə olacaqdı? – İflas olmuş bankda səhmləriniz olduğunu nəhayət, öz dilinizlə sizə isbatladım. – Xeyr, xanım əfəndi, deyin, «bu şəri sizə atdım». – O vaxt bankın payçılarından olmadığınızın inandırıcı səslənməsi üçün belə deyirdiniz: «Sahibkarı olduğum bankı Osman adlı bir nəfərə hədiyyə verib, özümünsə axmaqcasına müşahidəçi mövqeyi tutmağımı nə ilə izah edə bilərsiz?» Bəli, indiki etirafınızdan sonra mən sizə sual verirəm: nə ilə izah edirsiz? – Nə dediyim xatirimdə deyil, bunları siz quraşdırmısız. – Sizə xatırladım. «Azadlıq» qəzetinin 1998-ci il 9 may tarixli sayında «Müəmmalı, yoxsa düşünülmüş iflas» adlı məqaləmdəki müsahibənizin son variantı çap olunmazdan əvvəl düz 3 dəfə oxumusuz. Gah redaksiyaya gəlirdiniz, gah da mənə əziyyət verib ofisinizə gətirirdiniz. Yazıya etirazınız olmamışdı. İsti-isti əfsanələr uydurmaq asandır, hünəriniz var, o suallara eyni cavabları indi verin. – Bilsəydim, sizi qəbul etməzdim. Elə bilirdim bir ədalətli, qərəzsiz, qələmi Mirzə Cəlilin qələminə bərabər bir jurnalistlə danışacağam. – Mən qərəzsizəm, siz sadəcə suallara cavab verə bilmədiyiniz üçün hər şeyi unutduğunuzu deməklə bankın iflasındakı məsuliyyətdən yaxanızı kənara çəkməyə çalışırsız. – Əlini basacaqsan «Quran»a ki, «son yazdıqlarım haqq idi». – Amma siz də əlinizi «Quran»a basın ki, «mən sizə o vaxt yalan demişdim, indi düz deyirəm». – (Əlini «Quran»a çırpır – H.H) Bu «Quran»a and olsun, sizə dediklərimin hamısı həqiqətdir. – O vaxt, ya indiki? – 20 il bundan qabaq nə demişəm, yadımdan çıxıb. Siz də əlinizi «Quran»a basın ki, «yazını qərəzsiz yazmışam» (yenə əlini zərblə «Quran»a çırpır – H.H). – (əllərimin ikisini də sakitcə «Quran»ın üzərinə qoyub yazını qərəzsiz, sifarişsiz yazdığıma and içirəm) Siz mənə deyə bilərsiz ki, bu «sifarişçi» dediyiniz kimdir? Tanıyırsız ki, belə əminliklə mənə böhtan atmısız? – Bir nəfər səfeh adam var… («Quran»ı yerinə qaytarır – H.H) – Zəhmət olmasa «Quran»ı gətirin, 16 il əvvəl dediklərinizlə bağlı müqəddəs kitaba əl basmadınız. Siz də əl basın ki, o vaxt mənə düz danışmısız. – (Əlini yenə «Quran»a çırpır – H.H) Bu «Quran»a and olsun, mən hər zaman sizə düz danışmışam. – Xeyr. O vaxt səhmlərinizin olmadığını deyirdiniz, indi isə yalanınızı özünüz çıxartdınız. – Siz nə yaxşı bura gəlmisiz? Bizimlə nə alıb-verəcəyiniz var? Alnının təri ilə çörək qazanana ləkə atmaq sənə nə verir? Bir şey verirsə de. – O vaxt sizin ofisinizdə üz-üzə oturmuşduq, əlləriniz əsə-əsə, səsiniz titrəyə-titrəyə mənə bir zərfdə pul təklif elədiyinizi xatırlayırsız? – Mənim səsim niyə titrəyirdi ki? – Onun izahını siz verə bilərsiz. Əgər mən sifarişli yazan olsaydım, o vaxt elə həmin zərfi götürərdim. – Yadımda deyil. – O da yadınızdadırmı «Azadlıq» qəzetinin redaksiyasında bir dizinizi yerə qoyub hindistansayağı əllərinizi alnınızın ortasında cütləyib «xahiş edirəm, bu yazını yazmayın» deyə yalvarırdınız? – And olsun qıldığım namaza, xatırlamıram. – Amma bunu redaksiyada xatırlayanlar var. Məndən soruşdular ki, «Heydər müəllim sənin qarşında niyə diz çökmüşdü?» – 1998-ci ildə? O vaxt sizin elə bir nüfuzunuz yox idi ki, qorxam, çəkinəm. – Mən o vaxt «Naxçıvan Türk Bankı» ətrafında baş verənlərlə bağlı tədqiqat aparırdım. Mərhum prezident Heydər Əliyevin şəkli həkk olunmuş saatı mənə bağışlamaq niyyətinizi unutmamısız yəqin. Mən sifarişli yazı yazsam, sifarişin «qiyməti»ni elə sizə deyərdim. – Mən sizin şəxsinizi demirəm, qəzeti nəzərdə tuturam (səsinin tonu artıq aşağı düşüb – H.H). O vaxt deyəsən başqa bir jurnalist də məndən yazıb… – Bilmirəm, bəlkə sizin İranda 2 ay saxlanmağınızla bağlı kimlərsə yazıb. Mənimki sadəcə bankla əlaqədar olub… – Məndən ara-sıra mətbuatda yazılar gedir. Siz o vaxtkı qızsınızsa, çox savadlı jurnalistsiz. Sizə belə bir şey yazmaq heç yaraşmazdı. Mənim savadlı insanlara xüsusi hobbim var. – Yazdıqlarımın heç birini təkzib edə bilmirsiz. Mənim haqqımda isə «sifarişli yazı yazıb» demisiz. Mənə böhtan atan, nüfuzuma kölgə salanı məhkəməyə verərəm. – Hansı qəzetdə demişəm? Axı bunu məhkəməyə qədər həll eləmək ağıllı adamın işidir. – Bizim qəzetə demisiz. – (az qala pıçıltıya keçir – H.H) Tofiq adında bir nəfər var, məni oğlunun toyuna çağırıb. Bakıda olmadığımdan gedə bilməmişəm. Bu da «nastoyaşiy» demaqoqdur, köpəkoğullarının padşahıdır. Dəfələrlə mənə zəng elədi, toya getməməyimin səbəbini soruşdu, «bu işi belə qoymayacam, səndən qəzetdə yazacam», deyə məni hədələyirdi. Özü qəzetçi deyil, amma qəzetçilərin əli ilə pul qazanan adamdır. İnciməyin, bu hamıya aid deyil. Özü də mənə eşitdirib ki, «bu qədər haqqında ara-sıra yazırıq, niyə fikir vermirsən?» Şükürlər olsun Allaha ki, sizinki sifarişli deyil. – Başqaları ilə konfliktinizin mənə dəxli yoxdur. Haqqımda dediyiniz o sözə görə məndən üzr istəməlisiz. – Mən sizdən üzr istəyirəm. Sizi görəndən sonra qəti inandım ki, sifarişli yazmamısız. Haqqınızda bu cür düşüncələrə düşdüyümə görə də xahiş edirəm, məni bağışlayasız. – Sizə doğru demədim, mən o yazını sifarişlə yazmışam. – (inamsız – H.H) Gördünüz? Bəs niyə and içdiniz, əlinizi Qurana basdınız? – Mən onu Naxçıvan əhalisinin sifarişi ilə yazmışam. Çünki o insanların çoxunun o bankda pulları batdı. – (ürəyi yerinə gəlir – H.H) Əşşi, yalan danışırlar, inanmadım onlara. O vaxt bu işlərin təşəbbüskarı kimi İbrahim Aydınla mən ortaya düşdük. Biz bunu Naxçıvan camaatı üçün elədik. Gətirilən ərzağı güman edirəm ki, Naxçıvan Nazirlər Kabinetində alıb əhaliyə payladılar. Nə pis iş gördük ki, bunu dəqiqədə bir ortaya atırlar? Məqsəd camaatın təchizatını yaxşılaşdırmaq, əlavə vəsait cəlb etmək idi. – Yaxşılaşdırdılarmı? Nə qədər insanı müflis elədilər? – İnanmıram onlara. Ola bilər ki, bir neçə adamın əlində səhmi olsun, o batsın. – O vaxtkı müsahibənizdən bir epizod: «Bir gün Naxçıvanda olarkən Nazirlər Kabinetindən mənə təklif olundu ki, Muxtar Respublikada yaranması nəzərdə tutulan bankın təşkilinə kömək edim». Bankın təşkilinə niyə sizdən kömək istəyirdilər? – Mən Naxçıvanda rəhbər işləmiş, tanınmış, xidməti olmuş adamlardandım. Bankın yaranması prosedurlarını yerinə yetirməyə kömək etdim. İbrahim Aydınla birgə fiziki, hüquqi, maddi imkanlarımızı qoyduq. Dəfələrlə Türkiyəyə gedib-gəldik. Sənədlər hazırlanmalıydı, boş-boşuna bank yaranmaz ki. Yola, hotelə pul xərcləyirdik, vaxtımız da gedirdi. Biz bankın yaradıcılarıydıq. O vaxt iş adamı az idi. Guya ki, biz də iş adamıydıq, gedib köməyimizi etdik, bankı yaratdıq. Bir türk vətəndaşını da orada rəhbər təyin etdilər. Sonra bu bank daha lazım olmadı. Yerdə qalan 80 milyon dollar krediti almağa ehtiyac qalmadı. Azərbaycan bir qədər özünə gəldi. – O vaxt mən Naxçıvana getmişdim, vəziyyət ideal deyildi. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdan ötrü əlavə 80 milyon dolların bir zərəri yoxdu. Bank iflas olduğundan o vəsait də verilmədi. Həmin vaxt səhmləri almamağınızın səbəbi kimi təsisçilər arasında bank mütəxəssisinin olmadığını göstərirdiniz. Amma məlum olur ki, bunu da doğru deməmisiz. Qeyri-peşəkar idarə edilən bankın səhmlərini almısız. – Toran-toran yadıma gəlir, o səhmlər camaata dağıdılırdı. – Demişdiniz ki, əhali səhmlərə yaxın düşüb almadı, maraq göstərmədi. – Niyə? Qurtdalasan, alan da olar. – Deyirdiniz ki, «o zaman Azərbaycanda 10 milyonlarla dollar həcmində ticarət dövriyyəsi olan Türkiyənin «Madsan» firmasını tövsiyə etdim». «Madsan» və onun sahibi İbrahim Aydınla hansı münasibətləriniz vardı və niyə məhz «Madsan»?

(ardı var…)

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com