ANAR yazır:“Bəzi qüvvələr çıxış yolunu stalinizmi qaytarmaqda, SSRİ-nin bərpasında görür”

anar-yazici

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Planetimiz kos kimi yupyumrudur – bu məlum. Astronomik,  çoğrafi anlamda Günəş Şərqdə doğur, Qərbdə batır – bu da məlum. Amma nədənsə mənim təsəvvürümdə Şərq daha çox gecəylə, Qərb gündüzlə  əlaqələnir. Niyə? Bilmirəm. Bəlkə ona görə ki, Şərq ədəbiyyatı hardasa “min bir gecə” dastanıdır. Şərqin sirləri – gecənin gizlinləridir. Şərqin sehri də, mehri də gecədən doğur. Şərq ədəbiyyatının mayasında  eşq, məhəbbət durur, məhəbbətin məskəni-məkanı isə  gecədir.

X1 əsrin böyük ərəb mütəfəkkiri İbn Həzm “Göyərçin həmayili”ndə yazır ki, dünyaya yeni insanın – körpənin gəlişi  zülmət gecədən başlanır.

Leyli – ərəbcə gecə deməkdir, Məcnun Leylini yox, gecəni sevir.  “Məcnundan füzun aşiqlik  istedadı olan” Füzulinin özü kimi… Şəbi hicran çağı – hicran gecəsinin atəşində  yanan Füzulinin yuxusuz gecələri eşqlə dopdoludur.

Bu vüsala yuxu əhvalı

demək mümkün idi

Əgər olsaydı yux u dideyi-giryanımıza.

Gəncəli Nizaminin yarı da gecə gəlir:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi.

Molla Pənah Vaqif edam səhərinin gecəsini ancaq ona və ulduzlara bəlli olan bir sirlə yaşayır, “gecə hamilədir” deyə soraq gözləyir. Hamilə gecə Vaqifə qətl hökmü verən Qacarın ölümünü doğur.

Böyük şairləri qarabaqara izləyən Ölüm bir gün Vaqifi də haqlayır. Onun qətl fərmanını verənin özü də aşiqdir, özü də sevgilisinə yalnız gecə qovuşa bilir: və bu sevda görüşündən şeirimizin ən kövrək misraları yadigar qalır:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi

Heç bilmirəm ömrüm necə gəldi,

necə getdi.

Bayatıda “ömür keçdi, gün keçdi” təəssüfüylə ifadə olunmuş duyğuyla illər sonra Şəhriyar da həzin-həzin köks ötürür:

Ömür keçdi, gələmmədim, gec oldu.

“Nikbin” Sovet şeirində də Səməd Vurğun “Ayın əfsanəsi”ni,  Süleyman Rüstəm “Gecənin romantikası” nı yazır. Gecə nisgili Rəsul Rzanın ən bədbin, ən ümidsiz misralarında əksini tapıb:

Deyirlər axşamlar kədər gətirir,

Deyirlər can sıxır qaranlıq gecə

Deyirlər, deyirlər,

Gündüzlər necə?

Gündüzlər səbirsiz gözləyirik ki,

bir axşam olsun,

bir gəlsin gecə.

    “Axşam qızaran göylərə

endikdə qaranlıq

Könlüm evini yandıran

odlara tapılmaz” –

bu beyt də Nigar Rəfibəylinin qəzəlindəndir.

“O gecənin səhəri…”

Nəhs gecələrin qəfil döyülən qapılar  vahiməsi. Bu xof, bu qorxu genetik olaraq neçə-neçə nəslin qan yaddaşında yaşayır.

Vaqif Səmədoğlunun şeirindəki xronoloji ardıcıllıq dəqiqdir:

Doğuldum (doğulduq) 39 (ya 38-də),

tutulduq 37-də…

Qarşıdan 2017-ci il gəlir, qanlı inqilabın yüzüncü ildönümü və bu inqilabın törəməsi 1937-ci il. Bu sənədən   80 il keçir…

80 ilin qorxuları, təhlükələri, itkiləri get-gedə insanların hafizəsində  sönüb soluxur, yerini çəhrayı rəngə boyanmış nostalji xatirələr tutur.  Bütün post Sovet məkanında böhranlar, fəlakətlər, təbii və siyasi  qəzalar, terror aktları, qonşu torpağına  təcavüzlər  və maddi-mənəvi  sıxıntılardan çıxış yolunu bəzi insanlar və  bəzi ictimai qüvvələr stalinizmin qaytarılmasında, qəddar rejimin amansız qayda-qanunlarında axtarır, SSRİ-nin bərpasında görür.

SSRİ-ni dağıdanlardan biri Mixail Qorbaçov idi. Bu bəlkə də elə onun  ən müsbət tarixi əməlidir. İndi Qorbaçov ayrı mahnı oxuyur: “Yeni İttifaq yaranmalıdır -deyir – özü də keçmiş SSRİ sərhədlərində” və əlavə edir “könüllü”. Könüllü olacaq  şeyin qərarını qabaqcadan verərlər? Əvvəl bir soruş, buna könül vermək kimin könlündən keçir? Yatıb yuxularında imperiyanın xiffətini çəkənlərdən başqa kimin?

Yoxsa lap əsgi-yeni  S.Mixalkov  himnində oxunduğu kimi: “Azad Sovet respublikalarını Rusiya əbədi birləşdirdi”. Əgər azaddırlarsa niyə onları Rusiya birləşdirməliydi, həm də əbədi? Yaxşı ki, “əbədi” olmadı,tarix  öz hökmünü verdi.

Qaranlıqdan işığa çıxmaq yolu daha qatı zülmətə düşmək deyil. Həyatın  çətinliklərindən  ölümlə qurtulmaq  olmaz…

“Gecə çökür aləmə tabut qapağı kimi”

Yenə də təlaş, yenə də şübhə, yenə də keçmişin kabusları  vahiməsi, qorxusu…

Bəlkə də qaytardılar!

Bu  nə mülk-maş,

Nə yatır,

Nə dəyirman dərdi idi

Bu, sorağı qanlı yollarda itən

insan dərdi idi,

İndi də o günlərdən

ürəklərdə bir nigaranlıq,

bir  səksəkə var.

O ağır, o acı günləri,

Bəlkə də qaytardılar,

bəlkə də qaytardılar!

Amma… Amma bu Yeni il gecəsi bədbin fikirlərin – adda-budda olsa da -yeri deyil. Şərq ədəbiyyatı da yalnız gecəni vəsf etməyib, Ölümdən qaçaraq ölümü yenən  ölümsüz Dədə Qorqudumuzun  ulu  Kitabı bu söyləməylə başlayır:

“Salqum-salqum dan yelləri əsdigində.

Ağla qaralı seçilən çağda

Köysü gözəl  dağlara gün dəyəndə

Ala sabah…”

“Kitabi Dədəm Qorqud” ədəbiyyatımızın əbədi səhər çağıdır. Şərq gecəsinin açıq səmalı sabahı…

Bu ilin gecə düşüncələrini qarşıdan gələn ilin səhər ümidlərinə təhvil verirəm. İrəlidən  gələn günlərimizin, aylarımızın ayağı sayalı olsun, ömrümüz uğurlu, xeyir- bərəkətli, məhəbbətli  keçsin.

Sabahınız xeyir planetdaşlar. Yeni iliniz mübarək!

P.S Xalq yazıçısı Anar yazını “525-ci qəzet”də başladığı yeni “Səhər-səhər” layihəsi üçün yazıb

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com