Ərdoğan Azərbaycan prezidentinə Bakıdakı nurçuların dosyesini verdi – “qələm” qırıldı

img1563164Türkiyənin baş naziri və İlham Əliyev birgə mətbuat konfransında hökm kimi mövqelərini açıqladılar; “Hizmət” hərəkatı qurban verildi; Ankara Dağlıq Qarabağ məsələsində mövqeyində qalır; İTV-nin sualı baş naziri təəccübləndirdi

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan aprelin 4-də Bakıya gəlib. Baş nazir Azərbaycan ziyarəti öncəsi Atatürk Hava Limanında brifinq keçirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir  Azərbaycana səfərinin seçkilərdən sonrakı ilk rəsmi səfər olduğunu və bunun simvolik məna daşıdığını bildirib. Ərdoğan deyib ki, bu səfər həm də beynəlxalq əlaqələr  baxımından böyük əhəmiyyət kəsb edir.
APA-nın məlumatına görə, günün ikinci yarısında baş nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Ərdoğanla bərabər baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər də Bakıya gəlib.
Əvvəlcə baş naziri Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.   Təkbətək görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib, Azərbaycanla Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla birgə naharı olub.
Aprelin 4-də həmçinin Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin birgə mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, Ərdoğan deyib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməyəcək.
“Bu mövqedən güzəştə getməyimiz mümkün deyil” deyə,  Ərdoğan vurğulayıb.
Ərdoğan bildirib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələri iki ölkə arasında bağların güclü olduğunu göstərən önəmli yatırım layihələridir: “Bunlar bizim siyasi, iqtisadi, mədəni, hərbi və ticarət əlaqələrimizin hansı səviyyəyə yüksəldiyini göstərir. Qardaşlıq və həmrəyliyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcək, bundan heç kimin ən xırda şübhəsi belə olmasın. İkitərəfli görüşümüzdə qarşılıqlı əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda da bütün məsələlər müzakirə olundu. Nazirlərimiz öz aralarında enerji və hərbi sənaye sahəsində əlaqələrin inkişafını müzakirə etdilər. Son vaxtlar Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər artıb. Bundan sonra da bu cür səfərlər davam edəcək”.
TANAP-ın təməlinin nə vaxt atılacağı ilə bağlı sualı cavablandıran Ərdoğan hazırda layihə ilə bağlı Türkiyədə “kamulaştırma” (torpaq sahələrinin dövlət ehtiyacı üçün fiziki və ya hüquqi şəxslərdən satın alınması) prosesinin davam etdiyini söyləyib: “Bu layihənin tezliklə həyata keçirilməsini istəyərik. Təməli ilin sonuna qədər ata bilərik. Boruların döşənməsinə tez müddətdə başlanılması zəruridir”.
Azərbaycan prezidenti İlham Əliyev isə TANAP-ın Azərbaycan və Türkiyənin birgə layihəsi olduğunu vurğulayıb: “İki ölkə bu layihənin müəllifidir. Ölkə rəhbərlərinin iradəsi bu layihədə böyük rol oynayıb. Layihə həyata keçdikdən sonra ölkələrimiz bir-birinə daha sıx bağlı olacaq, siyasi-iqtisadi imkanlarımız artacaq. Layihəni vaxtlı-vaxtında icra etmək istəyirik. Hər şey cədvəl üzrə gedir, hesab edirəm ki, 2018-ci ildə əziz qardaşımla birlikdə bu layihənin açılışını edəcəyik”.
Birgə mətbuat konfransında türkiyəli jurnalist nurçularla bağlı yaranmış problemə dair hər iki liderə sual ünvanlayıb.
APA-nın xəbərinə görə, “Əl-Cəzirə – Türkiyə”nin müxbiri Ərdoğandan İ. Əliyevlə görüşdə nurçuların Azərbaycandakı təhsil ocaqlarının bağlanması məsələsini qaldırıb-qaldırmadığını soruşub.
Türkiyənin baş naziri bildirib ki, Türkiyədə keçirilən hər seçkidən sonra ilk səfərini Azərbaycana edir: “Təbii ki, bu səfərlər zamanı ölkələrimizdə hər hansı problem, bizi narahat edən hər hansı sıxıntı varsa, bunu aramızda müzakirə edirik”.
Jurnalist Azərbaycanda nurçularla əlaqəsi olan bəzi vəzifəli şəxslərin işdən uzaqlaşdırılması barədə xəbərləri xatırladaraq, prezident İlham Əliyevin bu məsələyə münasibətini öyrənmək istəyib.
Azərbaycan prezidenti suala cavab olaraq bunları deyib: “Qardaşımın da dediyi kimi, biz ildə bir neçə dəfə görüşürük və görüşlərimiz ənənəvi xarakter daşıyır. Gələn ay da, iyun ayında da görüşlərimiz ola bilər. Müttəfiq, dost və qardaş kimi aramızda olan söhbətlər çox geniş sahələri əhatə edir. Əsas məsələ budur ki, biz bütün sahələrdə həmfikirik. Bizə zərrə qədər zərər verən məsələləri qəbul etmirik. Buna imkan vermirik və verməyəcəyik. Qardaşlıq, dostluq belə də olmalıdır. Ölkələrimizin gələcək inkişafı, dünyada yerimizi möhkəmləndirmək üçün Azərbaycan-Türkiyə birliyi davam etməlidir və edəcək. Bu, xalqlarımızın sifarişi və rəhbərlərin əqidəsidir. Həmişə yaxşı günlərdə və yaxşı olmayan günlərdə bir-birimizin yanında olmuşuq. Qardaşlar zatən belə olmalıdır və belə də olacaq”. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: “Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.
Azərbaycan İctimai Televiziyasının əməkdaşı R.T.Ərdoğana “bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, sizin partiyanın nurçularla bağlılığı var. Nurçularla mübarizə barədə nə deyə bilərsiniz” şəklində sual ünvanlayıb.
Türkiyənin baş naziri cavabında sualın qəribə olduğunu söyləyib: “Bizim yalnız millətlə bağlılığımız var. Seçkidə aldığımız 46 faiz nəticə bunu göstərir. Biz Türkiyənin hər yerində bələdiyyə başqanlığı qazanan yeganə partiyayıq. Ölkəmizdəki 7 bölgənin 6-da birinci partiyayıq. Biz xalqın hamısını qucaqlayırıq, digər partiyalar bunu bacarmır. Biz bütün 77 milyon əhalinin partiyasıyıq. Dörd əsas prinsipimiz var: tək millət, tək bayraq, tək vətən və tək dövlət…”
Etibarlı mənbədən APA-ya daxil olan məlumata görə, Türkiyənin baş naziri nurçuların hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı nurçularla bağlı siyahı təqdim edilib.
Həmçinin Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, bu görüş və müvafiq suallara liderlərin verdiyi cavab onu göstərir ki, nurçuların Azərbaycanda qələmi, obrazlı desək, qırılıb. Görüşdən belə bir nəticə hasil ola  bilər ki, T.Ərdoğan Bakıya məhz nurçulara, onların məsələsini bitirməyə görə gəlibmiş. Azərbaycan prezidentinin cavablarından da birmənalı şəkildə aydın olur ki, rəsmi Bakı Türkiyədəki seçki savaşından qalib çıxmış və rəsmi Ankaranı təmsil edən T. Ərdoğanın xahişlərini sonuna qədər icra edəcək və bu səbəbdən də Azərbaycandakı “Hizmət”çilər qurban verilib.
Onu da yada salaq ki, Türkiyənin baş nazirinin Azərbaycana nurçularla bağlı gəldiyini və prezidentə dosye təqdim edəcəyini ilk olaraq “Yeni Müsavat” qəzeti yazıb. Nüfuzlu APA agentliyinin  mövzudakı eksklüziv məlumatları bizdəki bilgiləri bir daha təsdiqləyir.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com